“Azərbaycan tolerantlığı bütün dünya üçün nümunədir”-ŞƏRHbackend

“Azərbaycan tolerantlığı bütün dünya üçün nümunədir”-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İSTİQAMƏT: 6.3.15. dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi;

“XIX əsrin əvvəllərində müstəqil Azərbaycan xanlıqları çar Rusiyası tərəfindən işğal edildikdən sonra xalqımıza qarşı həm milli, həm də dini zülm həyata keçirilib”.

Bu sözləri Editor.az-a milli tolerantlıq fonunda Azərbaycanın millətlərarası münasibətlərin inkişaf etdirilməsində oynadığı rol ilə bağlı danışarkən millət vəkili Anar İsgəndərov deyib.

Onun sözlərinə görə, erməni əhalisinin Azərbaycan torpaqlarında yerləşdirilməsi, azərbaycanlı əhalidən bu torpaqların zorla alınması, məmur vəzifəsinin yalnız xristian əhaliyə verilməsi Azərbaycan əhalisini həm milli, həm də dini cəhətdən təhqir edirdi:

“Təbii ki, 1828-ci ildən 1917-ci ilə qədər çar Rusiyası hansı yol ilə olursa, olsun müsəlmanlara yuxarıdan aşağı baxır, onların dini ibadət yerlərinin, məscidlərin tikilməməsi üçün müxtəlif əngəllər yaradırdı. Digər tərəfdən millət öz dilində heçnəyə sahib deyildi. Hətta 1830-ci ildə Şuşada yaradılan ilk qəza məktəbi belə rus dilində idi. Buna görə də azərbaycanlıların ən böyük problemi milli düşüncənin, ana dilinin, İslam dininin və dəyərlərinin inkişafı ilə bağlı idi. Təəssüflər olsun ki, çar Rusiyası hər vəchlə çalışırdı ki, xalqın milli-mənəvi dəyərlərinə və onun inkişafına mane olsun. Lakin ərazilərimizə sonradan gələn ermənilər üçün hər cür şərait yaradılmışdı.

1918-1920-ci illərdə xalq ilk dəfə olaraq bir millət kimi öz müstəqilliyini elan etdi. Vaxtilə 1823-cü ildə Tiflisdə yaradılan Zaqafqaziya Müsəlmanları İdarəsi 1918-ci ildə Bakıya gəldi. Cümhuriyyət dövründə də idarənin Bakıda olub, buradan çalışmasının mühüm əhəmiyyəti var idi.

1920-ci ilin aprel işğalı sonrasında Azərbaycanda Sovet idarəçiliyi yaradıldı. Çar Rusiyasından fərqli olaraq, Sovet Rusiyasında din dövlətə düşmən idi. Xüsusilə də azərbaycanlı din adamlarının bir hissəsi yerindəcə güllələndi, bir hissəsi Sibirə sürgün edildi, bir hissəsinin isə əmlakı müsadirə edildi. Eyni zamanda, İslamla bağlı olan hər şey ləğv edildi. Bunların içərisində ilk sırada Zaqafqaziya Müsəlmanlarının Ruhani İdarəsinin ləğvi gəlirdi.

Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra isə Azərbaycan tarixində ilk dəfə olaraq din və dövlət münasibətləri tənzimləndi. Konstitusiyaya görə din dövlətdən ayrıdır, amma dindar vətəndaş dövlətdən ayrı ola bilməz”.

Millət vəkili bildirib ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövləti üçün kifayət qədər böyük xidmətləri var:

“Ən böyük xidmətlərindən biri isə din-dövlət münasibətlərinin tənzimlənməsi idi. Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gələrkən, öncə Təzə Pir məscidini ziyarət edib dindarlarla görüşdü.

Ümummilli Lider Heydər Əliyevin bünövrəsini qoyduğu bu idealar, Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi. İlham Əliyev 44 günlük Vətən müharibəsindən danışarkən qeyd edir ki, iqtidarla-xalq birliyi yaradıldı və bütün Azərbaycan xalqı Vətən üçün döyüşə getdi, torpaq üçün şəhid oldu. Bu mənada 3000-dən artıq şəhidlərimizin siyasına baxsaq,d  Azərbaycanın bütün coğrafiyasını əhatə etdiyini görə bilərik. Artıq orada hansı dildə danışılıb, hansı dinə etiqad edilməsi fərq yaratmırdı. Çünki hər kəs Vətən üçün döyüşürdü.

Bu gün Azərbaycanda heç bir millətin nümayəndələrinə fərq qoyulmur. Bu göstərir ki, Azərbaycanın ərazisində yaşayan bütün xalqlara münasibəti tolerantdır. Məhz Azərbaycan tolerantlığı bütün dünya üçün nümunədir. Dünyanın heç bir ölkəsində müxtəlif din nümayəndələri bir araya gəlmir. Bu yalnız Azərbaycana məxsusdur. Tolerantlıq olan ölkədə isə mütləq ki, ədalət var”.

Məsələ ilə bağlı danışan millət vəkili Ceyhun Məmmədov bildirib ki, Azərbaycan dünyada tolerantlıq və multikultiralizmin həyat tərzinə çevrildiyi dövlətlərdən biridir:

“Ölkəmizdə bütün din nümayəndələri sülh və qarşılıqlı anlaşma şəraitində yaşayırlar. Azərbaycanda dini etiqad azadlığı ən yüksək səviyyədə təmin olunub. Eyni zamanda, ölkəmizdə dövlət özü dini icmalara yardım göstərir.

Azərbaycanda bütün xalqlara və millətlərə bərabər yanaşma var. Həyata keçirilən bu siyasət nəticəsində Qarabağda bütün dinlərin, xalqların nümayəndələri azərbaycanlılarla çiyin-çiyinə vuruşaraq qələbəmizin təmin olunmasına öz töhfəsini verib. Bu mənada Azərbaycan dünyanın ən tolerant və multikultural dövlətidir”.

Səbinə Hüseynli, Editor.az

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.