Azərbaycan tolerantlıq nümunəsidir: Ölkəmizdə müxtəlif dinlərə mənsub millətlər sülh  şəraitində yaşayırbackend

Azərbaycan tolerantlıq nümunəsidir: Ölkəmizdə müxtəlif dinlərə mənsub millətlər sülh şəraitində yaşayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İSTİQAMƏT: dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi

” Bu gün Azərbaycan azsaylı ölkələrdəndir ki, burada ayrı-ayrı dinə mənsub millətlər sülh və qarşılıqlı anlaşma şəraitində yaşayır. Biz müsəlman xalq olaraq digər din nümayəndələrinə qarşı ayrı-seçkilik sərgiləmirik”

Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Millət vəkili bildirib ki, Azərbaycan tolerantlıq və multikulturalizm baxımından bir çox dünya ölkələri üçün nümunədir:

” Bu gün Azərbaycan azsaylı ölkələrdəndir ki, burada ayrı-ayrı dinə mənsub millətlər sülh və qarşılıqlı anlaşma şəraitində yaşayır. Biz müsəlman xalq olaraq digər din nümayəndələrinə qarşı ayrı-seçkilik sərgiləmirik. Hər hansı başqa bir dinə və millətə mənsub olduğuna görə Azərbaycan ərazisində insanlara cəmiyyət tərəfindən radikal münasibət göstərilməyib. Bu da tarixən Azərbaycanda formalaşan adət-ənənədir. Ancaq zaman-zaman bu cür mövcud ənənələrə qarşı təhdidlər də olur. Bu istiqamətdə Azərbaycan dövləti hər zaman ciddi tədbirlər görür. Bu gün bir dövlətin gücü onun mənəvi dəyərləri, ölkəsindəki tolerant, multikulturalist münasibətlərlə birbaşa bağlıdır. Çalışmalıyıq ki, bizə dədə-babadan qalan bu möhtəşəm ənənələri gələcək nəsillərə çatdıra bilək”.

Mətbuat Şurası İdarə Heyətinin üzvü, “Multikultural Azərbaycan” internet qəzetin Baş redaktoru Niyaz Niftiyev isə Editor.az-a bildirib ki birmənalı olaraq deyə bilərik ki, Azərbaycanda dini və milli tolerantlıq yüksək səviyyədədir:

“Sevindirici haldır ki, münasibətlərin bu səviyyədə olması hansısa inzibatı resursların deyil, bu coğrafiyada yaşayan toplumun qarşılıqlı ünsiyyəti əsasında formalaşıb. Azərbaycan dövləti dini, milli azlıqlar, azsaylı xalqlar və etnik qruplarla bağlı bütün beynəlxalq konvensiyalara qoşulub. Bu sahədə ümumi vəziyyətlə bağlı vaxtaşırı beynəlxalq təşkilatlara hesabatlar verir. Beynəlxalq təşkilatların dünyada, eyni zamanda Azərbaycanda bu sahədə mövcud vəziyyətlə bağlı hesabatları da ürəkaçandır. Bu birgəyaşayış nümunəsi illərdir davam edir. Onların təhsili, folkloru, sosial-mədəni inkişafı ilə bağlı dövlətin müvafiq qurumları müxtəlif layihələr həyata keçirir. Bu layihələr eyni zamanda, vətəndaş cəmiyyətləri institutları tərəfindən də milli azlıqların kompakt yaşadığı bölgələrdə məhz onların iştirakı ilə həyata keçirilir”.

Niyaz Niftiyev qeyd edib ki, Azərbaycanda yaşayan dini və milli azlıqlar bu ölkəyə yaşamaq üçün deyil, vətən kimi baxırlar:

“İkinci Qarabağ savaşında o insanların göstərdikləri qəhrəmanlıqlar buna əyani misaldır. Şəhid və qazilərimizin sırasında Azərbaycanda yaşayan bütün milli azlıqların nümayəndələri var. Bütün bunlar onu deməyə əsas verir ki, dini və milli azlıqlarla bağlı mövcud vəziyyət yüksək səviyyədədir. Diğər bir mühüm məqamda ondan ibarətdir ki, Azərbaycanda dini və milli məsələlərdə heç vaxt qarşıdurma olmayıb. Düzdür, müstəqilliyin ilk illərində hansısa fərdlərin separatçı cəhdləri olub, amma bu cəhdlərin qarşısı dərhal da alınıb. Sevindirici haldır ki, ölkəmizdə dini və milli azlıqlarla bağlı hansısa ciddi narazılıq müşahidə olunmur. Əlbəttə ki, problemlər var. Bu problemlərin bir çoxunun həllinin də zamana ehtiyacı var. Məsələn, çox yaxşı olardı ki, bu xalqların ana dillərində mövcud olan dərsliklər yenilənsin, müəllim hazırlığı peşəkar səviyyədə həyata keçirilsin, mövcud media resurslarına və vətəndaş cəmiyyətləri institutlarına dövlət dəstəyi olunsun. Azərbaycanın bu sahədə nümunəvi təcrübəsi inkişaf etməkdə olan ölkələrdə öyrənilir. Hətta Avropa Şurasının keçmiş Baş katibi Valter Shvimmerin bu məsələdə tövsiyyəsi də olmuşdur. Hazırda Azərbaycan multikulturalizmi dünyanın bir sıra qabaqcıl ölkələrinin universitetlərində tədris olunur, öyrənilir. Bu da onu deməyə əsas verir ki, bizdəki nümunə dünya ölkələri üçün maraqlıdır”.

Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli Editor.az-a açıqlamasında qeyd edib ki, Azərbaycanda dini və milli tolerantlığın inkişafı istiqamətində görülən işlər nəticəsində Bakı sivilizasiyalararası dialoqun yarandığı, millətlərarası münasibətlərin formalaşdığı bir məkana çevirilib:

“Bir çox dünya ölkələrində, əsasən də qərbdə tolerantlıq və miqrasiya ilə bağlı ciddi problemlərin olduğu bir vaxtda Azərbaycan dünyada tolerantlıq örnəyi kimi tanınır. Dünyada dinlər, təriqətlərlə bağlı dövlətlər səviyyəsində böyük münaqişələr, müharibələr olur. Lakin Azərbaycanda heç bir zaman milli, dini zəmində adi münaqişəyə belə rast gəlinməyib. Tolerantlıq dədə-babalarımızdan bizə qalan mirasdır, adət-ənənədir. Bu, bir çox dünya ölkələri tərəfindən böyük maraqla qarşılanır. Azərbaycanda dini tolerantlığın yüksək səviyyədə olmasını dünyanın bir çox din nümayəndələri öz çıxışlarında hər zaman etiraf ediblər”.

O bildirib ki, tolerantlığın siyasi müstəviyə gətirilməsi Ümummilli Lider Heydər Əliyevin imzası ilə baş tutub:

” Ümummilli Liderimiz Heydər Əliyevin siyasəti nəticəsində ötən əsrin 90-cı illərində Azərbaycanda tolerantlıq və multikulturalizm ənənələri bərpa edilmişdir. Prezident İlham Əliyev də bunu dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirib. Azərbaycanda yaşayan milli icmalara qayğı göstərilir, onların mədəniyyətlərin formalaşmasında dövlət himayəçilik göstərir. Anti-semitizmin hökm sürdüyü dünyamızda Azərbaycan İsraildən sonra ikinci bir yerdir ki, burada yəhudilər kompakt halda yaşayırlar. Quba rayonunda Qırmızı Qəsəbə deyilən yerdə yəhudilər əsirlərdir yaşayır. Lakin dünyanın hər yerində yəhudilərə qarşı yönəlmiş milli, dini ayrı-seçkilik mövcuddur. Bunu Azərbaycana gələn turistlərin söylədiyi fikirlərdə də görə bilərik. Azərbaycanda 6 sinaqoq və çoxlu sayda kilsə fəaliyyət göstərir. Bu dövlətimizin ayrı-ayrı xalqların mənsub olduğu dinə göstərdiyi münasibətdir. Bu münasibət dövlətimizin, güclənməsi və müxtəlif istiqamətlərdə inkişafına töhfələr verir. Vətən müharibəsində Azərbaycanın bütün bölgələrindən dinindən, milliyətindən asılı olmayaraq hərkəs canla başla döyüşdü. Azərbaycanda tolerant münasibət bütöv bir xalqın bir yumruq kimi birləşməsinə gətirib çıxartdı. Məhz bunun nəticəsidir ki, burada yaşayan xalqlar Azərbaycana öz vətəni kimi baxır”.

Gülnarə Abasova, Editor.az

Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.