“Azərbaycan və Türkiyə arasında hərbi-strateji əməkdaşlıq Vətən müharibəsindan sonra ən pik nöqtəyə çatdı. Azərbaycan-Türkiyə əlaqələri “Qars müqaviləsi”ndən sonra “Şuşa bəyannamə”si ilə rəsmi şəkildə daha da möhkəmləndi”.
Bu sözləri Editor.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib.

Onun sözlərinə görə Azərbaycan, Pakistan, Türkiyə parlamentinin sədrlərinin iyulun 27-də imzaladığı “Bakı Bəyannamə”si bu üç ölkə arasında əlaqələrin daha da güclənməsinə səbəb olub:
“Pakistan ilə Azərbaycan arasında hərbi əməkdaşlıq sahəsində bir sıra yeni layihələr həyata keçirilir. Siyasi müttəfiqlik hərbi əlaqələri daha da dərinləşdirir. Bakıda “Üç Qardaş-2021″ birgə beynəlxalq təliminin keçirilməsi bütün dünyaya bu üç ölkənin birliyi ilə bağlı mühüm mesaj verir. Dünyada nüvə ehtiyatına malik və hərbi sənayesinə görə yüksək mövqedə olan Pakistanın, ordu quruculuğu , müdafiə sənayesi NATO standartlarında ən yüksək səviyyədə olan Türkiyənin Azərbaycanla hərbi əməkdaşlığı hər üç ölkənin gələcəyi üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycan, Türkiyə, Pakistan üçtərəfli əlaqələri getdikcə daha da inkişaf edir. Bu, hər üç ölkənin təhlükəsizliyi baxımından gələcəyinə hesablanmış müsbət addımlar olmaqla yanaşı, ola biləcək təxribatlara qarşı ortaq mövqe tutacaqlarının anonsudur”.
//Gülnarə Abasova, Editor.az

