Postsovet məkanı Amerika kəşfiyyat xidmətlərinin hücumları üçün prioritet sahə olaraq qalır.
Editor.az xəbər verir ki, bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) rəhbəri Sergey Narışkin bildirib. Onun sözlərinə görə, Ukrayna ilə bağlı “obsessiya” ABŞ-ın regionda uğursuzluqlarına səbəb olmağa başlayıb. “Birləşmiş Ştatlar bütün cəbhələrdə təşəbbüsü itirir: Yaxın Şərqdən Asiya və Afrikaya qədər. Postsovet məkanında onlar tamamilə iflasa uğrayıblar. Baxın, bu yaxınlarda Qərbçi marionet Saakaşvilinin “qalstuk yeyənləri” Gürcüstanda hakim “Gürcü arzusu” partiyasının seçkilərdə qalib gəlməsinə mane ola bilmədilər”, – Sergey Narışkin deyib. Xarici Kəşfiyyat Xidmətinin rəhbəri hesab edir ki, Gürcüstan hakimiyyəti öz maraqlarından çıxış etmək qərarına gəlib və “təyin edilmiş ultra-liberal transhumanist gündəmdən şüurlu şəkildə uzaqlaşır”.
Onun sözlərinə görə, bütün bunlar ənənəvi gürcü dəyərlərinə yaddır.
Sergey Narışkin həmçinin deyib ki, Moldovada prezident Maya Sandu “seçkilərdə demək olar ki, istənilən nəticəni əldə edib” və bu, cəmiyyətdə dərin parçalanmaya səbəb olub. Onun sözlərinə görə, Azərbaycan və Ermənistan “həmçinin ABŞ və Aİ-nin sülh yolu ilə nizamlanmaya dair tövsiyələrinə həqiqətən də qulaq asmırlar” və məsələləri özləri həll etməyə üstünlük verirlər.
//Samir Qurbanov, Editor.az