“Ermənistan və Azərbaycan arasında bu il hər hansı yekun toqquşmanın olması gözləniləndir. Bundan sonra da Zəngəzur dəhlizi açıla və yekun sülh müqaviləsi imzalana bilər”.
Bu fikirləri Editor.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov bildirib.
Onun sözlərinə görə, Zəngəzur dəhlizinin dilpomatik yolla da gözləniləndir:
“Müharibə” sözünü işlədib ictimai rəydə panika yaratmağa ehtiyac yoxdur. Çünki Ermənistanın Azərbaycanla müharibəyə başlamağa heç ordusu da yoxdur.
Digər tərəfdən isə erməni hərbi-siyasi hakimiyyətinin tərəddüdləri, regional siyasəti ilə bağlı Qərb və Rusiya yəni “iki od”-un arasında qalması, Hindistandan silahlar alması göstərir ki, Ermənistanı yekun sülh müqaviləsi masası arxasına oturtmaqdan ötrü “nokaut” zərbəsinə ehtiyac var.
Son vaxtlar rus sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilərdə, sərhəd bölgələrində atəşkəs pozulur, təxribatlar törədilir. Bu da bizə həmin təhdid nöqtələrini susdurmağa imkan yaradır. Bundan istifadə edərək öz təhlükəsizliyimiz naminə həm sərhəd bölgəsində düşmənə adekvat cavab verməyə imkan yaranır, həm də qanunsuz erməni silahlılarının olduğu ərazilərdə antiterror əməliyyatı keçirə bilərik”.
K.Novruzov qeyd edir ki,Ermənistanın baş naziri Nikol Paşinyan da tərəddüddədir: “Fikrimcə yekun toqquşmanın olması ona da sərf edir. Bunla xalqı qarşısında başqa yolu olmadığını demiş olacaq. Əgər Paşinyan indi sülh masasına oturarsa daxildə narazılıq yarana bilər. Amma xalq artıq təhdid və təhlükəni hiss edərsə, Paşinyan hakimiyyətinin zərər görmə ehtimalı azalacaq.
N. Paşinyan ağıllı siyasətçidir və ictimai rəylə işləməyi bacarır. Bu gün ona mane olan ancaq kənar təhdidlərdir. Əks halda başa düşər ki, bu gün regionda əsas siyasi aktor Türkiyə və Azərbaycandır. Belə olan halda onların tələbini yerinə yetirmək daha sərfəlidir.
Onu da qeyd edim ki, ehtimal olunan toqquşma tezliklə reallaşmayacaq. Həm Azərbaycan, həm də Ermənistan Ukrayna və Rusiya arasındakı məsələlərə müəyyən mənada aydınlıq gəlməsini gözləyir. Son olaraq qeyd edim ki, 2023-cü ildə Azərbaycan və Ermənistan arasında yekun toqquşma və Zəngəzur dəhlizinin açılması gözlənilir”.
Safura Bənnayeva,Editor.az

