“Bütün diplomatik təmaslar istənilən halda, ölkələrarası münasibətlərin normallaşması istiqamətində atılmış bir addımdır. İran xarici işlər nazirinin Azərbaycana səfəri də bu baxımdan, qətiyyən istisna deyil. Böyük ehtimalla iki ölkənin xarici işlər nazirləri səviyyəsində ölkələrin qarşılıqlı münasibətlərində mövcud olan problemlər müzakirə olunacaq və onların həlli yolları axtarılacaq”.
Bu fikirləri Editor.az-a açıqlamasında siyasi analitik Elçin Xalidbəyli İranın xarici işlər naziri Hüseyn-Əmir Abdullahian Qoşulmama Hərəkatına üzv ölkələrin xarici işlər nazirlərinin iclasında iştirak etmək üçün Azərbaycana səfərini şərh edərkən deyib.

O bildirib ki, Azərbaycan və İran arasında münasibətlərin normallaşması məqsədilə son vaxtlar müəyyən addımlar atılmaqdadır:
” İki ölkənin xarici işlər nazirləri son vaxtlar mövcud problemləri daha çox telefon vasitəsilə müzakirə edirdilər. İndisə birbaşa təmas imkanı yaranır. Və yəqin ki, hər iki tərəf bu imkandan istifadə etməyə çalışacaq. İran rəsmi dairələri də artıq anlayırlar ki, Azərbaycan ilə təhdid diliylə danışmaq heç bir müsbət nəticə verməyəcək. Azərbaycan güclü dövlətdir, xarici təhdidləri dəf etmək imkanındadır. Üstəlik, Azərbaycanın Türkiyə və Pakistan kimi güclü strateji müttəfiqləri var. Eyni zamanda, Azərbaycan Avropa Birliyi ilə də strateji tərəfdaşlıq münasibətlərinə nail olmaq üzrədir. Ona görə də, Azərbaycanla qarşıdurma hazırda İrana da sərfəli deyil. Və rəsmi Tehranın Azərbaycana qarşı yanlışdan geri dönməsi beynəlxalq blokada şəraitində olan İran üçün də vacibdir. Ancaq iki qonşu ölkə arasında münasibətlərin qarşılıqlı etimad əsasında normallaşması üçün rəsmi Tehran Azərbaycanın gözləntilərinə adekvat cavab verməlidir. Xüsusilə də, Azərbaycanın Tehrandakı səfirliyinə qarşı terror aktının iştirakçıları və sifarişçiləri tapılıb, cəzalandırılmalıdır. Məhz bu, iki ölkə arasında etimadın yaranması istiqamətində ilk önəmli addım ola bilər”.
//Gülnarə Abasova, Editor.az

