“Azərbaycan və Mərkəzi Asiya ölkələri ümumi maraqlar ətrafında daha sıx birləşməkdədir”backend

“Azərbaycan və Mərkəzi Asiya ölkələri ümumi maraqlar ətrafında daha sıx birləşməkdədir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq əlaqələrinin dinamikası ilbəil artmaqdadır.

Mərkəzi Asiya dövlət başçılarının Tacikistanın paytaxtı Düşənbədə baş tutan 5-ci Məşvərət toplantısına Azərbaycan Prezidentinin fəxri qonaq qismində dəvət olunması bunu bir daha təsdiqləyir.

Son iki il ərzində Prezident İlham Əliyevin Mərkəzi Asiya dövlətlərinə doqquz səfər etməsi, eyni zamanda, bu müddət ərzində bu ölkələrin dövlət başçılarının Azərbaycana səfərləri etibarlı münasibətlərin göstəricisi kimi dəyərləndirilməlidir. Bütün türkdilli ölkələrlə münasibətlər rəsmi Bakı üçün prioritetdir.

Prezident İlham Əliyev hər zaman bəyan edir ki, xüsusən indiki geosiyasi vəziyyətdə biz qarşılıqlı dəstəyin, dövlətlərimizin müstəqilliyinin, suverenliyinin möhkəmləndirilməsinin, əməkdaşlığımıza konkret məzmun verməyin zəruriliyini nəzərə alaraq ümumi maraqlar ətrafında daha sıx birləşməliyik.

Yeni geosiyasi reallıqlar fonunda Mərkəzi Asiya və Azərbaycan artan iqtisadiyyatı və potensialı ilə dünya siyasətində strateji əhəmiyyətə malik olan coğrafi regiona çevrilib.

Son illər daha da dərinləşməkdə olan əməkdaşlığın yeni formatı ölkələrimizin və xalqlarımızın daha da yaxınlaşmasına zəmin yaradır. Prezident İlham Əliyevin də söylədiyi kimi, ikitərəfli əməkdaşlığın mühüm meyarlarından biri qarşılıqlı ticarətin və sərmayələrin artımıdır.

Birgə sərmayə fondlarının yaradılması daha uğurlu nəticələr əldə etməyə imkan verir. Mərkəzi Asiyadan olan şirkətlərin Azərbaycanda yaradılmış Ələt Azad İqtisadi Zonasına artan marağı da müsbət haldır. Azərbaycan Mərkəzi Asiya ölkələri ilə nəqliyyat və logistika sahəsini daha inkişaf etdirməkdə maraqlıdır.

Ümumiyyətlə Mərkəzi Asiya ölkələri üçün Türkiyə və Avropa bazarları istiqamətində etibarlı tranzit ölkəsi olan Azərbaycanın cəlbediciliyi artmaqdadır. Dövlət başçımız Düşənbə
sammitində bir daha Azərbaycanın bütün nəqliyyat-logistika infrastrukturunun Mərkəzi Asiya ölkələri üçün açıq olduğunu bəyan etdi.

44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın nəqliyyat-logistika imkanlarının genişlənməsi, açılması nəzərdə tutulan Zəngəzur dəhlizi ölkəmizi Şərqlə Qərb arasında mühüm nəqliyyat qovşağına çevirib.

Təsadüfi deyil ki, bu gün Mərkəzi Asiya ölkələrindən Avropaya gedən ən qısa və təhlükəsiz tranzit daşımalar məhz Azərbaycan ərazisindən həyata keçirilir.
Son vaxtlar Orta Dəhlizə müəyyən alternativlər irəli sürülsə də, bu cəhdlər dəhlizin əhəmiyyətini azaltmır. Nəhəng infrastruktur layihələri ilə Avropa ilə Asiya arasında əsas
nəqliyyat qovşağı və tranzit mərkəzi kimi Azərbaycanın nüfuzu getdikcə daha da artır.

Bu isə Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarında infişaf və rifaha töhfə verir.

Könül Nurullayeva

Milli Məclisin deputatı