“Azərbaycan və Türkiyə arasında planlaşdırılan sazişlər siyasi platforma üçün baza formalaşdıracaq. Belə siyasi platformanın formalaşdırılması bütün türkdilli dövlətlər üçün müəyyən perspektivlər açır”.
Bunu Pravda.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

Politoloq bildirib ki, Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşa səfəri ikitərəfli münasibətlərin möhkəmləndirilməsində ciddi əhəmiyyət kəsb edir: “Burada həm də vahid siyasi platformanın yaradılması müzakirə mövzusudur. Ərdoğanın ailəsi ilə birlikdə Şuşaya səfəri münasibətləri daha da təkmilləşdirəcək. Planlaşdırılan sazişlər siyasi platforma üçün baza formalaşdıracaq. Bu, həm siyasi, həm də hərbi razılaşmalar üçün vacibdir. Belə siyasi platformanın formalaşdırılması bütün türkdilli dövlətlər üçün müəyyən perspektivlər açır. Bu, həmçinin dünyanın super gücü olan Çin üçün də “Bir kəmər, bir yol” layihəsinə dəstək baxımından, önəmli hesab oluna bilər. Çünki bildiyimiz kimi, planlaşdırılan sazişlər arasında yeni nəqliyyat dəhlizlərinin açılması da nəzərdə tutula bilər”.
Səfərin Ermənistana təsirinə gəlincə isə, politoloq bildirib ki, bu dövlət onsuz da “oyundankənar vəziyyət”ə düşüb, özləri münasibətləri yaxşılaşdırmaq istəmirlər: “Ermənistan bu məsələdə Gürcüstanı nümunə götürməlidir, çünki Gürcüstan iki qardaş dövlətin – Azərbaycan və Türkiyənin əməkdaşlığından yalnız qazanan tərəf olub”.

