Azərbaycan və Türkiyə gənclərinin iştirakı ilə növbəti “Beynəlxalq Zəfər düşərgəsi”nin açılışı keçirilibbackend

Azərbaycan və Türkiyə gənclərinin iştirakı ilə növbəti “Beynəlxalq Zəfər düşərgəsi”nin açılışı keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan və Türkiyə gənclərinin iştirakı ilə növbəti “Beynəlxalq zəfər düşərgəsi” Qaziantep şəhərində başlayıb.

Azərbaycan Respublikasının Gənclər Fondu, Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu, Türkiyə Gənclik Vəqfinin birgə təşkilatçılığı ilə keçirilən düşərgənin məqsədi hər iki ölkə gənclərinin əməkdaşlığının daha da inkişaf etdirilməsi, qardaş ölkə gənclərinin ortaq həyata keçirdiyi layihələrin və tədbirlərin sayının artırılması, Azərbaycan və Türkiyə mədəniyyətinin, tarixinin gənclər arasında təbliği, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində qazanılan Zəfərin iki ölkənin gəncləri arasında təbliğ olunmasıdır.
Açılış mərasimi hər iki dövlətin himninin səsləndirilməsi və şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbirdə Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Türkiyə Gənclik Vəqfinin icraçı direktoru Enes Eminoğlu, Naxçıvan MR-nın Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev və digər rəsmi şəxslər açılış nitqləri söyləyiblər.
Qonaqlar çıxışlarında bu ilin 25-31 iyul tarixlərində Naxçıvan şəhərində uğurla keçirilən “Beynəlxalq Zəfər Düşərgəsi”nin hər iki dövlətin gəncləri arasında dostluq, əməkdaşlıq əlaqələrini daha da gücləndirdiyini vurğulayaraq, düşərgə müddətində gənclərin qardaş dövlətlərin tarixi və mədəniyyətinə dair geniş biliklər əldə etdiklərini bildirib, uğurla yekunlaşan ötən düşərgənin davamı olaraq, Qaziantep şəhərində keçiriləcək düşərgənin də eyni maraqla qarşılanacağına inandıqlarını qeyd ediblər. Çıxış edənlər Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və şanlı ordumuzun şücaəti ilə Vətən müharibəsində qazanılmış zəfər fonunda mühüm bir tarixi dövrdə yaşadığımızı xüsusi olaraq vurğulayaraq, tarixi qələbənin qazanılmasında qardaş Türkiyə dövlətinin və rəsmilərinin göstərdiyi siyasi və mənəvi dəstəyindən söz açıb, hər iki ölkə gənclərinin ümummilli maraqlara xidmət edən mövzular ətrafında irimiqyaslı layihələrə cəlb olunmasının əsas məqsədlərdən biri olduğunu qeyd ediblər.
Türkiyə və Azərbaycanın müxtəlif bölgələrindən olan, hər iki ölkədən 100 iştirakçı olmaqla, ümumilikdə 200 gəncin iştirakı ilə baş tutacaq düşərgə 19-25 oktyabr tarixlərini əhatə edəcək.
Qeyd edək ki, düşərgə müddətində iştirakçılar iki ölkə gənclərinin ortaq mədəniyyətinin öyrənilməsi, gənclərin hər iki ölkənin tarixi haqqında maarifləndirilməsi ilə əlaqədar Urfa şəhərinə, Qaziantepin müxtəlif tarixi abidələrinə və turizm məkanlarına səfər edəcək, asudə vaxtlarının səmərəli keçirilməsi üçün müxtəlif əyləncəli oyunlara, intellektual yarışlara və şəxsi inkişafla bağlı təlimlərə cəlb olunacaqlar.
Hər iki ölkənin Gənclər Fondu tərəfindən gələcəkdə digər irimiqyaslı düşərgə və layihələrin də icrası planlaşdırılır.

Loading...