“Azərbaycanın Zəngəzur dəhlizinə alternativ olaraq İran İslam Respublikası ilə saziş imzalamasını normal qarşılamaq lazımdır”.
Bunu Editor.az-a BAO sədrinin müavini, fəlsəfə doktoru, siyasi şərhçi Faiq Ələkbərli türkoloq Ruben Safrastyanın Türkiyə üçün Azərbaycan və Orta Asiya ilə strateji əlaqələrin İrandan keçməsinin arzuolunan olmaması ilə bağlı çıxışına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, sözügedən alternativ yol məsələsi daha əvvəldən mövcud idi:
“10 noyabr bəyannaməsinə əsasən Zəngəzur dəhlizinin açılmasına cəhd edildi. Bununla bağlı Azərbaycan dəfələrlə siyasi-diplomatik danışıqlar apardı. Lakin Ermənistan Zəngəzur dəhlizindən öz maraqları naminə istifadə etmək üçün bir neçə varianta əl uzatdı. Azərbaycan və Türkiyə rəsmi İrəvanın bu destruktiv yanaşmasına uzun müddət dözüm göstərməyəcəkdi. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir müddət öncə məsələ ilə bağlı fikir səsləndirmişdi ki, əgər Ermənistan Zəngəzur dəhlizinin açılmasına mane olacaqsa, o zaman İrandan bu alternativ yol işə düşəcək”.
F.Ələkbərli vurğulayır ki, cəmiyyətdə İrandan alternativ yolun işə düşməsinə yanaşma birmənalı olmayıb:” Alternativ yolun Ermənistandan deyil, Güney Azərbaycandan keçməsi daha xeyirlidir. Orada yaşayan soydaşlarımız üçün də müsbət rol oynayacaq. İran vəziyyətdən iqtisadi və siyasi qazanc əldə edə bilər. Lakin Azərbaycan və Türkiyə şübhəsiz ki, həmin məsələləri də hərtərəfli nəzərə alıb”.
Siyasi şərhçinin fikrincə, bu prosesdə zərər çəkən Ermənistan və havadarları olacaq:
” Türkiyə və Azərbaycan isə məsələdə qazanan tərəfdir. Alternativ yol bizi Güney Azərbaycana yaxınlaşdıracaq. Rəsmi İrəvan özü-özünü təcrid edərək siyasi, iqtisadi müstəvidə böhran yaşayacaq”.
//Safura Bənnayeva, Editor.az

