“Azərbaycan və Türkiyə Prezidentlərinin Şuşada imzaladığı bəyannamə Azərbaycanın təhlükəsizliyi və suverenliyini ciddi şəkildə zəmanət altına alır”.
Bu sözləri Editor.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
O, bildirib ki, bu addımı Cənubi Qafqazda yeni geostrateji mərhələnin başlanğıcı kimi qiymətləndirmək olar:
“Regionda yeni siyasi platforma formalaşır. Şuşa bəyannaməsində təkcə Azərbaycan-Türkiyə əlaqələri deyil, birbaşa Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təminatı da öz əksini tapır. Azərbaycan bu bəyannamədən irəli gələn bəndlərə müvafiq olaraq Türkiyənin konkret şəkildə dəstəyini ala biləcək. Bir sıra böyük dövlətlərin maraqlarının Cənubi Qafqazda toqquşduğunu nəzərə alsaq, bundan sonrakı proseslərdə Azərbaycana qarşı bəzi dövlətlərin təzyiqləri baş verə bilər. Belə olduğu halda, hər zaman olduğu kimi qardaş ölkənin dəstəyinə ehtiyacımız olacaq. Bu bəyannamə də iki ölkə arasında hərbi paktın bir nümunəsidir. Azərbaycanın Silahlı Qüvvələrinin Türkiyə hərbi modelinə uyğunlaşdırılması, NATO strukturlarına inteqrasiyası böyük əhəmiyyətə malikdir. Bəyannamə iki qardaş ölkə arasında müttəfiqliyinin əsasını qoymaqla, ölkəmizin inkişafına yeni töhfələr verəcək”.
//Gülnarə Abasova, Editor.az

