“Rusiya-Ermənistan oxu üzrə münaribətlərdə gərginlik var, ancaq bu gərginlik heç bir əməldə təsdiqini tapmır. İki ölkə arası münasibətlərdəki gərginlik ancaq danışıqda özünü göstərir. Hətta Rusiyanın XİN rəhbəri Sergey Lavrov da artıq Ermənistanla bağlı bir neçə kəskin fikir bildirib. Bunlar daha çox nümayişkaryanə səsləndirilən fikirlərdir. Hələ ki, onların arxasınca heç bir konkret iş görülmür. Yəni, nə baza çıxarılır, nə də sərhədçiləri aeroportdan götürürlər. Tərəflər sanki nəsə gözləyir”.
Bu sözləri Editor.az-a açıqlamasında siyasi analitik Tofiq Abbasov deyib.
Onun sözlərinə görə, Rusiya-Ermənistan arasında gedən yalançı “söz savaşı” sırf Ermənistanın Azərbaycanla növbəti mübaribəyə hazırlaşması ilə bağlıdır:
” Ermənistan silahlandırırlar. Bu prosesdə isə Rusiyanın tutacağı mövqe suallar doğurur. Sözdə Rusiya Ermənistanla gərgin vəziyyətdədir, ancaq Azərbaycanla normal münasibətdədir.
Digər tərəfdən bu həftə Yunanıstanın müdafiə naziri Ermənistana səfər edəcək. Bir neçə gün əvvəl isə Fransanın müdafiə naziri də İrəvana səfər etdi və böyük təyyarədə özü ilə silah-sursat da apardı. Hindistandan da dayanmadan Ermənistana silah göndərilir. Bundan məlum olur ki, ciddi şəkildə müharibəyə hazırlıq prosesi gedir. Bu işlərin hər birinin arxasında Ermənistanın havadarları dayanır. Təsadüfi deyil ki, son vaxtlar ərzində Azərbaycana qarşı çox ciddi təzyiqlər olunur. Demək olar ki, Azərbaycan dünyanın qara qüvvəsi kimi təsvir olunur. Bunu edən Ermənistan mətbuatı və qərb mediasıdır”.
T. Abbasov müharibənin baş tutacağı təqdirdə Rusiyanın tutacağı mövqeyə də diqqət çəkib:
“Onun tutacağı yol çox maraq doğurur. Bir yandan Azərbaycan Rusiya üçün çox vacib bir tərəfdəşdır. Belə ki, ölkənin nəqliyyat- kommunikasiya əlaqələri bizdən keçir, onun Avropaya yollarının bağlı olmasını nəzərə aldıqda Azərbaycan bu baxımdan Rusiya üçün problem yaratmır. Ancaq Ermənistan müharibəyə əl atarsa, vəziyyət dəyişəcək. İrəvan ciddi hücum silahları ələ keçirib. Bunlar bir şeydən xəbər verir ki, Azərbaycana qarşı böyük qüvvələrin təxribatı hazırdır. Azərbaycan güclü dövlətdir, hazırlıqlarımız davamlı xarakter daşıyır. Əgər Ermənistan tərəfindən ciddi təhdid olarsa, hər bir təhdidi boğacağıq. Bu halda Türkiyə ilə yanaşı, Rusiyanın da sağlam mövqe tutması çox vacibdir. Azərbaycan heç bir halda Ermənistana təhdid göstərməyib. Rusiya ilə Ermənistan arasındakı münasibətlərin pisləşməsi böyük əhəmiyyət kəsb etmir. Çünki hazırda Yaxın Şərqdə vəziyyət gərgindir, Ukrayna böhranı dərinləşir. Bunların timsalında Rusiya üçün Ermənistanın hərəkətləri çox da ciddi əhəmiyyət daşımır”.
//Gülnarə Abasova, Editor.az

