Mütəxəssis son günlər Rusiya televiziya kanalları ilə yanaşı bu ölkənin media qurumlarında həyata keçirilən anti-Azərbaycan təbliğatlarından, habelə bununla mübarizə yollarından söz açıb.
A.Həsrət deyib ki, Rusiyanın bu ilin fevralından Ukraynaya qarşı başlatdığı təcavüzün ardından hakimiyyət bütün medianı rəsmən dövlət nəzarətinə alıb, hətta bir sıra azad mətbuat orqnaları fəaliyyətini dayandırmağa məcbur olub:
“Çünki dövlət birbaşa onların media fəaliyyətinə nəzarət edir. Yəni icazəsiz paylaşımlar, yayımlar və s. qadağan olunub. O baxımdan da, söz və jurnalist azadlığını qorumaq istəyənlər, ümumiyyətlə, media sahəsindən çəkiliblər. Bu baxımdan, indi Rusiyanın televiziya kanalları və ayrı-ayrı media qurumlarının Azərbaycanla bağlı davranışları təsadüfi və yaxud özfəalliyyət deyil. Bu, birbaşa Kremlin tapşırığı və göstərişidir, o cümlədən məhz oradan qaynaqlanan siyasət nəticəsində onlar anti-Azərbaycan təbliğatında bu qədər irəli gedə bilirlər.
Təəssüfləndirici haldır, niyə? Ona görə ki, Azərbaycan Rusiyanı özünün strateji tərəfdaşı sayır və bununla bağlı dəfələrlə danışıqlar, görüşlər olub, müqavilələr imzalanıb, eyni zamanda Azərbaycanla Rusiya arasında informasiya təhlükəsizliyi ilə bağlı razılaşmalar da var. Yəni konkret olaraq, qarşılıqlı şəkildə bir-birilərinin suveren hüquqlarına informasiya müstəvisində hörmət etməklə bağlı öhdəliklər götürülüb, amma bunun qarşılığında da görürük ki, Rusiya hər zaman olduğu kimi, yenə də verdiyi sözə əməl etmir. Yəni Rusiya güvənilə biləcək bir dövlət olmadığını növbəti dəfə sərgiləmiş olur”.
“Bəs yaxşı, Azərbaycan bunun qarşılığında nə etməlidir” sualına isə Əməkdar jurnalist belə cavab verib:
“Biz illər öncə də bu təklifi etmişik və bu gün də o təklifin üzərində dayanırıq. Azərbaycan Rusiya kanallarının, özəlliklə də kabel-televiziya kanalları vasitəsilə yayımını nəhayət ki, dayandırmalıdır. Çünki o kanallar anti-Azərbaycan və erməniyönümlü təbliğat aparır, ümumiyyətlə, türk düşmənliyi sərgiləyir. Belə olan halda Azərbaycan kabel-televiziya yayımçıları abunəçidən pul alaraq, bu çirkin təbliğatı bizim evlərimizə soxmamalı, dövlət buna imkan verməməlidir.
Ona görə də düşünürəm ki, Rusiya kanallarının yerüstü yayımına imkan verilməməsi ilə yanaşı kabel üzərindən yayımı da əngəllənməlidir. Dövlət kabel yayımçıları ilə təcili görüş keçirməli və onlara bu istiqamətdə təlimatlar verməlidir ki, Rusiyanın çirkin informasiya diversiyası artıq dayandırılsın. Bu, mənə elə gəlir ki, ən doğru çıxış yolu olacaq. Çünki Rusiya məhz o diversiya vasitəsilə bizim kimi ölkələrin içində özünəuyğun bir kontingent formalaşdırır. İndi hamı doğrunu yalandan, təbliğatı təmiz informasiyadan seçə bilmir, insanlar təsir altına düşür və Rusiyanın təcavüzkar siyasətinə haqq qazandıran bir kontingent formalaşdırır”.
Müsahibimiz düşünür ki, artıq Azərbaycan dövləti bu addımı atmalıdır:
“Biz dövlət olaraq, ərazi və əhali cəhətdən balaca bir ölkə ola bilərik, amma dünya və BMT səviyyəsində bizim də 1 səsimiz var və biz də özünə hörmət edən dövlət kimi bu cür təzahürlərin qarşısını almalıyıq.
O ki qaldı lobbiyə, bu, ikinci bir məsələdər. Çünki, əgər Kreml, daha doğrusu Rusiyanı idarə edən Vladimir Putin şəxsən arzu etməsə, yaxud onun o informasiya siyasəti ilə məşğul olan başbilənləri bunu istəməsə, erməni lobbisi boş şeydir.
Ümumiyyətlə, Rusiya kimi dövlətlər anti-Azərbaycan və antitürk siyasətlərində guya erməni basqısı altında hərəkət etdikləri görüntüsü yaratmaqla məsuliyyətdən yayınmaq istəyirlər. Bu, boş şeydir. Çünki ermənilər onlar üçün istifadə ediləcək bir xammaldır, belə məsələlərdə erməniləri önə verirlər və hətta görürsünüz ki, o təbliğatı aparanlar arasında erməni əsilli şəxslər hər zaman ön planda olur. Bu da Rusiyanın bir növ “ilanı Seyid Əhməd əli ilə” tutmaq siyasətidir. Əslində, bütün bu təxribatların arxasında elə birbaşa Vladimir Putinin özü dayanır”.
Yenisabah

