Azərbaycana qarşı İran-Ermənistan-Fransa İTTİFAQI – Tehran dayanmaq istəmirbackend

Azərbaycana qarşı İran-Ermənistan-Fransa İTTİFAQI – Tehran dayanmaq istəmir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

II Qarabağ müharibəsi təkcə 30 illik işğala son qoymağı ilə əlamətdar olmadı. Azərbaycanın regionda reallığı dəyişdirən mübarizəsi bəzi dövlətlərin nəinki məkirli niyyətlərini üzə çıxardı, eyni zamanda onların birgə cinayət əməllərini, beynəlxalq hüquqa zidd fəaliyyətlərini faktlarla aşkar etmək baxımından olduqca əhəmiyyətli oldu.

Buna misal olaraq təkcə Azərbaycanın ərazi vahidinə daxil olan Gorus-Qafan yolu vasitəsilə sülhməramlı kontingentin müvəqqəti nəzarətindəki təxminən 25 min ermənini, qanunsuz erməni silahlı dəstələrini müxtəlif təminatlarla təchiz etmək üçün qanunsuz yükdaşımalarının ardı-arası kəsilmədiyi üçün rəsmi Bakının adekvat addımından sonra əsl siması üzə çıxan İranın əməllərini göstərmək olar. 

Hələ müharibə zamanı Azərbaycana qarşı açıq cəbhə alan ATƏT-in Minsk Qrupunun 3 üzvündən biri olan Fransanın qeyri-konstruktiv mövqeyini hər kəs gördü. Beynəlxalq hüququn bütün normalarına uyğun olaraq Azərbaycanın ərazisi hesab edilən rayon və şəhərlərin Ermənistan tərəfindən işğala məruz qalmasını təsdiq edən bəyanatlarda imzası olan Fransanın çirkli oyununa cənub qonşumuz, “din qardaşımız” İran da qatıldı. Belə ki, 44 günlük müharibənin gedişində Ermənistan humanitar yardım bəhanəsi ilə ölkəyə mülki təyyarələr vasitəsilə fəal şəkildə qanunsuz olaraq silah-sursat idxal etdi.

1944-cü il Beynəlxalq Mülki Aviasiya Konvensiyasının 4-cü maddəsini kobud şəkildə pozan bu addımı atan ölkələrdən biri də Fransa idi. F-GKXY dövlət nömrə nişanlı “Airbus A320-214” yük təyyarəsinin Parisin “Charles de Gaulle” hava limanından İrəvana uçduğu barədə faktlar rəsmi Bakının əlinə keçmişdi. Ən əsası isə o məlum oldu ki, həmin təyyarə İranın hava məkanından keçərək Ermənistan paytaxtına çatıb. Buradan belə bir nəticə ortaya çıxır: Məlum olur ki, Ermənistan-İran-Fransa İttifaqı Azərbaycana qarşı müharibə dövründən artıq əməli-praktiki fəaliyyətə başlayıbmış, bəlkə də bu fəaliyyət daha keçmişə gedib çıxır.

Elə Prezident İlham Əliyevin Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında çıxışı zamanı Azərbaycanın 30 il işğalda olan ərazilərində İranın Ermənistanla birgə törətdiyi cinayət əməllərini fakrtlarla ortaya qoyması rəsmi Bakının Tehranın anti-Azərbaycan siyasətindən artıq təngə gəldiyini göstərir: “Azərbaycan-İran sərhədinin digər sahələrində bizim tutub saxladığımız heroinin həcmi əvvəlki illərin müvafiq dövrü ilə müqayisədə iki dəfə artıb. Bu o deməkdir ki, Ermənistan təqribən 30 il müddətində İranla əlbir olaraq Azərbaycanın keçmiş işğal altında olan ərazilərindən Avropaya narkotrafik üçün istifadə edib”.

Azərbaycan Prezidentinin bu sözlərini təsdiqləyəcək növbəti maraqlı faktları iranlı jurnalist Ramin Mostaqhim “Los Angeles Times” nəşri üçün hazırladığı reportajda yazır: “İnsanlar tiryəki bükmək üçün kolların və xurma ağaclarının arxasında oturur və açıq şəkildə istifadə edirlər. Hətta həkimlər və tibb bacıları da istifadəçidir”. Bu, özü-özlüyündə təsdiq edir ki, İranda narkotikdən istifadə gündəlik həyat tərzinə çevrilib. Çox da bu ölkənin milli təhlükəsizlik şurasının katibi Əli Şəmxani bunu təkzib edəcək açıqlama versə də: “İran dünyada narkotika ilə mübarizədə qəhrəman ölkədir”.

Tehranı Bakıya qarşı bu qədər aqressivləşdirən amillərdən biri də məhz bu məsələdir. Uzun illər Azərbaycan ərazilərindən öz çirkli məqsədləri üçün istifadə edərək milyardlar qazanmağa alışqan olan İranın birdən-birə Azərbaycanın cəmi 44 günlük savaşla bu “fürsəti” Tehranın əlindən alması heç şübhəsiz ki, “din qardaşımızın” ürəyincə ola bilməzdi. Tehran düşünəndə ki, dünənə kimi Avropaya narkotrafik üçün istifadə etdiyi bu ərazilərdən daha narkotik qaçaqmalçılığında istifadə edə bilməyəcək, o zaman Bakıya qarşı aqresiyanın kökündə hansı hadisənin dayandığını düşünmək üçün çox da vaxt itirmək olmayacaq. Xüsusən Xudafərin körpüsü yaxınlığında 70-80 nəfərə yaxın iranlı hərbçi radioelektron mübarizə sistemləri vasitəsilə Azərbaycanın pilotsuz döyüş və kəşfiyyat təyyarələrinin, pilotlu aviasiyasının və vertolyotlarının hava trafikini, bölgədə döyüş aparan Azərbaycan əsgərlərinin ratsiya tezliklərini izləyərək əldə edilən məlumatlar Ermənistanın baş qərargahına ötürülməsinin hansı səbəbdən edildiyi artıq bizi təəccübləndirmir. İran istənilən yolla Azərbaycanın 30 illik işğala son qoymasına əngəl olmaq istədi. Buna nail olmayınca isə illərdir içində gzlətdiyi nifrəti, kini üzə çıxardı.

İranın əsl simasını göstərən növbəti hadisə də məhz müharibə vaxtı ortaya çıxdı. Belə ki, II Qarabağ müharibəsi zamanı Cəbrayıl şəhəri düşməndən azad edildikdən sonra Azərbaycan ordusunun Zəngilana doğru istiqamət götürür.

Zəngilana gedən ən qısa və rahat yol Araz çayı boyunca uzanan torpaq yol idi. Ancaq Azərbaycan ordusu burda gözlənilməz “sürprizlə” qarşılaşır. Belə ki, Xudafərin su anbarını keçəndən sonra Azərbaycan ordusunun öncü qüvvələri İran əsgərləri ilə qarşılaşırlar (Azərbaycan ərazisində). İran hərbiçiləri orada əvvəlcədən hazırladıqları beton maneələr vasitəsilə ordumuzun qarşısını kəsirlər. Bir neçə pikap və odlu silahla silahlanmış İran əsgərləri Azərbaycan ordusunun qarşısında dayanaraq irəliləməyə imkan vermirlər. Onlarla danışıqlar heç bir fayda vermir. Azərbaycan Ordusu burda bir neçə saat itirir ki, bu da daha neçə-neçə şəhid və yaralı hesabına başa gəlir. İran əsgərləri orda olmalarını Xudafərin su anbarını qorumaqları ilə əlaqələndirsələr də bunun real vəziyyətlə heç bir əlaqəsi yox idi. Azərbaycan o vaxt İran əsgərləri ilə döyüşə girməmək və ikinci cəbhə açmamaq üçün məcbur geri qayıdaraq Soltanlı kəndindən keçərək 20 km-lik E-002 yolu ilə getməli olurlar. Elə həmin gecə, oktyabrın 17-dən 18-nə keçən gecə diplomatik kanallarla Tehrana Azərbaycan ərazisinə keçməsi barədə ciddi xəbərdarlıq edilir

Tehranın rəsmi Bakıya, “din qardaşları”na qarşı sərgilədiyi bu iyrənc siyasət fonunda 3 gün öncə Paris Şəhər Şurası Ermənistan-Fransa sarsılmaz  dostluğunu əbədiləşdirmək üçün qərar qəbul edib. Şəhər şurasının yekdilliklə qəbul etdiyi bu qərara görə Parisin mərkəzində, Sena çayına bitişik geniş sahələrdən birinə “Esplanade d’Arménie” – Ermənistan Meydanı adı verildi. 2004-də açılmış Komitas Vardapetin heykəli ilə İrəvan parkı da bu böyük ərazinin içinin yer alır. Bu, onların xristian təəssübkeşliyi, həmrəyliyi, o da bizim müəslman qonşumuzun müsəlman “qardaşlığı”.

Ermənistana hər növ dəstək vermiş və bunu indi də davam etdirmək üçün yollar axtaran Tehranın Azərbaycana qəzəbi rəsmi Bakını bir addım da mövqeyindən çəkilməklə nəticələnməyəcək. Hətta İranın Azərbaycanla sərhəd boyu irimiqyaslı hərbi təlimlər vasitəsi ilə rəsmi Bakıya hərbi təzyiq metodu da işə yarımadı və Azərbaycan ilə güc yolu ilə danışmağın əbəs olduğunu bütün dünya gördü.

Biz xeyirxah, sülhsevər xalqıq. Lakin heç bir dövlətə, heç bir qüvvəyə ləyaqətimizi tapdalamağa, bizi təhqir etməyə imkan verməyəcəyik. Prezident İlham Əliyevin sözləri ilə desək, “Biz qeyri-bərabər savaşa, qeyri-bərabər mübarizəyə hər an hazırıq, ölümə getməyə hazırıq, amma öz qürurumuzu, öz müstəqilliyimizi heç kimə güzəştə getməyəcəyik. Bunu hər kəs bilsin”.

milli.az