Azərbaycanla Pakistan bu gün nəinki dostluq münasibətlərini qoruyur, həm də hərbi-texniki, iqtisadi, informasiya və kommunikasiya, nəqliyyat, aviasiya, mədəniyyət, maliyyə və təhsil sahəsi daxil olmaqla, müxtəlif sahələrdə əlaqələri inkişaf etdirir.
Bakı ilə İslamabad 2019-cu ilin fevralında neft-qaz tədarükü ilə bağlı maliyyə razılaşması imzalamağa hazırlaşır. Sənəd Azərbaycanla Pakistan arasında 2017-ci ilin fevralında imzalanmış hökumətlərarası razılaşmanın əsasında hazırlanı. 2017-ci ildə imzalanmış razılaşmada Azərbaycandan Pakistana mazut, benzin, dizel və mayeləşdirilmiş qaz daxil olmaqla, neft-qaz məhsullarının tədarükü nəzərdə tutulur.
Bəs iki ölkə arasında imzalanacaq yeni sənəddə nələr nəzərdə tutulub? Onun əsasında iki ölkənin neft-qaz şirkətləri danışıqlara başlaya biləcək. Amma neft-qaz tədarükü yalnız iqtisadi və logistika nöqteyi-nəzərdən mümkün olduğu halda həyata keçiriləcək. Bakı ilə İslamabad bu istiqamətdə əlaqələri gücləndirmək məqsədilə enerji sahəsində birgə işçi qrup da yaradacaq.
Hesab olunur ki, iki ölkə arasında imzalanacaq yeni maliyyə razılaşması Pakistanın Yaxın Şərq ölkələrindən enerji asılılığını azaldacaq. Hazırda Pakistan Fars körfəzinin ərəb ölkələrindən enerji resusrları idxal edir. O, BƏƏ, Küveyt və Səudiyyə Ərəbistanından neft, Qətərdən isə qaz alır.
Ölkələrimiz arasında enerji sahəsində əməkdaşlıq ikitərəfli ticarəti yeni səviyyəyə qaldıracaq. Məsələ ondadır ki, bu gün Azərbaycanla Pakistan arasında ticarət dövriyyəsi aşağıdır və bu vəziyyət tərəfləri qane etmir. Hazırda onlar arasında illik ticarət dövriyyəsi cəmi 10 milyon dollardır. Bakı ilə İslamabad arasındakı dostluq əlaqələrinə, xalqlarımızın ümumi tarixi, mədəniyyəti, adət-ənənələri və dini bölüşməsini nəzərə alsaq, bu, mövcud potensialı əks etdirmir. Doğrudur, iki ölkə arasında birbaşa coğrafi əlaqənin olmaması ikitərəfli ticarətə və iqtisadi əməkdaşlığa mənfi təsir göstərir. Amma hətta indiki şəraitdə belə, ölkələrimiz arasında iqtisadi-ticari əməkdaşlıq daha güclü ola bilər. Məsələ ondadır ki, Pakistanın birbaşa coğrafi əlaqəsi olmayan bəzi ölkələrlə illik ticarət dövriyyəsi Azərbaycanla müqayisədə daha yüksəkdir. Məsələn, Pakistanla Belarus mədəniyyət və adət-ənənələrdə bir çox dəyəri bölüşür. Onlar arasındakı ticarət dövriyyəsi təxminən 65 milyon dollardır. Bir neçə il əvvəl isə İslamabadla Minsk 2020-ci ilin sonunadək ticarət dövriyyəsini 1 milyard dollara çatdırmaq haqda razılığa gəlib.
Mərkəzi Asiyada isə Pakistanın ən böyük ticarət tərəfdaşı Özbəkistandır. 2017-ci ildə bu iki ölkə arasında ticarət dövriyyəsi 36,2 milyon dollar olub. 2018-ci ilin yanvar-avqust aylarında bu rəqəm 21,7 milyon dollar təşkil edib. İslamabadla Astana arasında illik ticarət dövriyyəsi isə təxminən 28-30 milyon dollardır.
Bu gün Azərbaycan Pakistanla iqtisadi-ticari, hərbi-texniki əməkdaşlığın gücləndirilməsi üçün konkret addımlar atır. Yəqin ki, yaxın vaxtlarda bunun müsbət nəticəsini görəcəyik. Birincisi, qeyd etdiyim kimi, Azərbaycan Pakistana neft-qaz tədarük edəcək. Nəticədə hər iki ölkə bundan faydalanacaq.
İkincisi, bu il Pakistan istehsalı olan “JF-17” qırıcı-bombardmançılarının Azərbaycana tədrükü gözlənilir. Bakı bu qırıcıların idxalında maraqlıdır. Məlum olduğu kimi, Ermənistan Azərbaycanın Dağlıq Qarabağ regionunu və ona bitşik 7 rayonunu hələ də işğal altında saxlayır. Başqa sözlə, Azərbaycanla Ermənistan müharibə vəziyyətindədir. Bununla yanaşı, Ermənistan Müdafiə Nazirliyi bu yaxınlarda Rusiya istehsalı olan 4 ədəd “SU-30SM” qırıcı-bombardmançının tədarükü ilə bağlı müqavilə imzaladıqlarını açıqlayıb.
Bir sözlə, Bakı İslamabadla hərbi əməkdaşlığı da genişləndirməkdə maraqlıdır. Pakistan ordusu gücü, təcrübəsi və BMT-nin sülhməramlı missiyalarında yüksək səviyyəli iştirakı ilə tanınır. Pakistan Azərbaycana “Əl-Xalid I” tankının, həmçinin “Anza II” zenit raket kompleksinin və “Baktar Şikan” tank əleyhinə raket sisteminin tədarükünü təklif edir. Azərbaycanla Pakistan arasında “JF-17 Thunder” qırıcılarının tədarükü ilə bağlı müqavilənin yaxın zamanlarda icra olunacağını nəzərə alsaq, qeyd olunan təkliflər şübhəsiz ki, Bakı üçün maraqlıdır. “JF-17 Thunder” qırcılarının uğurlu tədarükündən sonra Bakı ilə İslamabadın yuxarıda adı çəkilən hərbi avadanlıqlarla bağlı danışıqlara başlaması gözləniləndir.
Üçüncüsü, ölkələrimiz nəqliyyat sahəsində əməkdaşlıq edə, Pakistan “Şimal-Cənub” nəqliyyat dəhlizinə qoşula bilər. Azərbaycan prezidenti İlham Əliyev də Pakistana 2017-ci ildə etdiyi səfəri zamanı İslamabada bu beynəlxalq dəhlizə qoşulmağı təklif etmişdi.
Pakistan müxtəlif məhsulların nəqli məqsədilə Bakı-Tbilisi-Qars dəmir yolundan da istifadə edə bilər. Bir sözlə, İslamabad bu layihədə iştirakda maraqlıdır. 2017-ci il noyabrın 30-da Bakıda Azərbaycan, Türkiyə və Pakistan xarici işlər nazirlərinin üçtərəfli görüşündə bu məsələnin müzakirə edilməsi və razılaşmanın əldə olunması təsadüfi deyildi. “Bakı-Tbilisi-Qars dəmir yoluna qoşulmaqdan məmnun olardıq”, – deyə Pakistanın xarici işlər naziri Havaca Məhəmməd Asif həmin görüşdən sonra bildirmişdi.
İslamabadla Bakı arasında beynəlxalq nəqliyyat dəhlizləri çərçivəsində əməkdaşlıq ölkələr arasında ticarət dövriyyəsini artıracaq və Pakistan öz məhsullarını Azərbaycan, Gürcüstan, Türkiyə və hətta Avropaya nəql edə biləcək. Bakı-Tbilisi-Qars dəmir yolu sayəsində Pakistan üçün Avropaya “yeni pəncərə” açılacaq.
Bütün bunlarla yanaşı, iki ölkə başqa mövzuları da müzakirə etməlidir. Məsələn, vacib məsələlərdən biri Bakı ilə İslamabad arasında birbaşa uçuşların həyata keçirilməsidir. Birbaşa aviareyslərin açılması həm turizmin, həm də ticarət və investisiya sahəsinin inkişafı baxımından hər iki ölkə üçün faydalı olacaq.
Guman ki, Pakistanın baş naziri İmran Xanın Azərbaycana səfəri zamanı sadalanan məsələlər müzakirə olunacaq. Doğrudur, pakistanlı baş nazirin Bakıya səfərinin vaxtı hələ məlum deyil. Amma onun Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvətilə bu il yanvarın 3-4-də Ankaraya səfər etdiyini nəzərə alsaq, bu yaxınlarda Azərbaycana gələcəyini də gözləmək olar. Hər halda, Azərbaycanda İmran Xanın səfərini səbirsizliklə gözləyirlər.
//Milli.az

