Mövzu: 5.3.9. azərbaycançılıq ideyasının təbliği – “Heydər Əliyev İli”
Azərbaycançılıq ideologiyası, müstəqil, suveren və demokratik Azərbaycan dövlətinin qurulması və möhkəmləndirilməsi məqsədini daşıyan bir milli düşüncə sistemidir. Onun əsasında Azərbaycanı özünə vətən sayan bütün xalqların milli, etnik, dini və sosial hüquqlarının bərabərliyi ideyası dayanır. Bu ideologiya millətin mədəni, tarixi və mənəvi dəyərlərinə dayansa da, açıq və tolerant bir cəmiyyəti təbliğ edir. Azərbaycançılıq, həm də müxtəlif dinlərdən və etnik qruplardan olan insanların birgə sülh şəraitində yaşamasını önəmsəyir.
Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixindəki rolu böyükdür, və onun azərbaycançılıq məfkurəsinin yayılması istiqamətindəki fəaliyyəti xüsusilə önəmlidir. Hələ Sovet İttifaqı dövründə, o, Azərbaycana rəhbərlik edərkən, milli dəyərlərin qorunması və gücləndirilməsi məsələlərinə xüsusi diqqət yetirmişdir. Bu dövrdə azərbaycançılıq məfkurəsinin formalaşması və yayılması üçün əsas şərtlər yaradılmışdır.
Bu gün Azərbaycançılıq ideologiyasının təbliği istiqamətində hansı işlər görülür?
Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib ki, bu gün ölkəmizdə Azərbaycançılıq ideyasının təbliği yüksək səviyyədə aparılır:
“Dövlətimiz tərəfindən müxtəlif tədbirlər həyata keçirilir. Davamlı olaraq Prezident İlham Əliyev cəmiyyətə mesajlar verir. Azərbaycan bu istiqamətdə uğurlu addımlar atır. Dövlət qurumları, aidiyyatı qurumlar da bu sahədə müəyyən töhfələr verir. Universitet və məktəblərin də prosesə cəlb edilməsinə çalışılır. Gənclər və İdman nazirliyi bir sıra layihələr həyata keçirir”.
Deputat qeyd edir ki, bu siyasətin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub:
“Prezident İlham Əliyev də bunu uğurla davam etdirir. Davamlı sistemli tədbirlər həyata keçirilir. Bu gün yeni gənclik yetişir. Onlar ölkəmizin inkişafında böyük rola malikdir. 44 günlük Vətən müharibəsində də bunun aydın şahidi olduq”.
Politoloq Ramiz Alıyev isə məsələyə belə münasibət bildirib:
“Azərbaycançılıq ideologiyası heç bir zaman sarsılmayıb. Sovet dövründə də azərbaycanlılar öz adət-ənənələrini yaşatmışlar. Həmin dövrdə Azərbaycanda Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ölkəmizin öz mədəniyyətini, tarixini və kimliyini qoruyub-saxlamağa kömək etdi. Sovetlər Birliyi dağıldıqdan sonra müstəqillik əldə edən ölkələrdən biri də Azərbaycan oldu. Bundan sonra o zamankı dövr üçün müasir Azərbaycan gəncləri formalaşmağa başladı.
Bizim böyüklüyümüz və gücümüz tarixi ənənələrimizdən qaçmamağımız, onu qoruyub nəsildən nəslə ötürməyimizdən qaynaqlanır. Xalqımız hazrda da dünyada nümunə göstəriləcək xalqlardandır”.
Politoloqun sözlərinə görə, Azərbaycan xalqı öz tarixini qorumaqla yanaşı müasir sivilizasiyaya da qoşulub:
“Azərbaycan tolerant ölkədir. Bir neçə dinə etiqad edən müxtəlif növ xalqlar mehriban formada yaşayır. Bu gün müasir Azərbaycanın nümayəndələri çox xoşbəxtdir. Müasir gəncliyimiz böyük vətənpərvərlik ruhundadır. Hərbi, iqtisadi, elm, ideologiya, idman və s. sahələrdə xeyli üstünlük əldə edirlər”.
Ramiz Alıyev qeyd edir ki, 44 günlük Vətən müharibəsindəki qələbəmizdə də Azərbaycan gənclərinin müstəsna rolu olub:
“Bütün bunların əsasında ailə modeli durur. Azərbaycan ailəsi ən zəngin ənənələrə malikdir. Məktəblərimiz, universitetlərimiz gənclərimizin yetişməsi üçün əlindən gələni edir. Müəllimlər qalib gənclər yetişdirir. Azərbaycan ziyalılarının uğurudur. Müasir gənclərimiz müzəffər Ali Baş komandanımızın liderliyi dövründə yetişən, öz tarixi ənənələrini qoruya bilən gənclərimizdir. Dünyanın hər bir yerinə azərbaycanlılar yaşayır. Onların heç biri öz ənənələrini, tarixi köklərini unutmayıblar. 2020-ci ilə qədər xaricdə olan vətəndaşlarımız, hansısa rəsmilər, şəxslərlə qəlbi qırıq formada danışırdılar. Amma bu gün Azərbaycan xalqı qalibdir. Birliyimiz, gücümüz hesabına bu baş verdi. Azərbaycançılıq ideologiyası Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə yaranıb. Ölkəmizdə olan bütün xalqların bir diyarı var. O da Azərbaycandır. 44 Günlük müharibədə bunun şahidi olduq”.
Gülnarə Abasova, Editor.az
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.