Yardımlı rayonu Arvana kənd tam orta məktəbin direktoru vəzifəsində işləyən İsayev Kamran Abasxan oğlu ilə bağlı müxtəlif mətbuat orqanlarında yayılan məlumatla bağlı Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən araşdırma aparılıb.
İdarədən verilən məlumata görə, araşdırma zamanı direktor İsayev Kamran Abasxan oğlu mətbuatda onun haqqında yer alan məlumatın həqiqəti əks etdirmədiyini və ona böhtan atıldığını bildirmişdir.
Hadisə ilə bağlı aidiyyəti qurumlar araşdırma aparır. Hər hansı yeni məlumat olarsa, bu haqda ictimaiyyətə əlavə məlumat veriləcək.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Yardımlıda qadının zorla bacısının ərinə ərə verilməsi məsələsinə münasibət bildirib.
Qurumun mətbuat katibi Teymur Mərdanoğlu “Ölkə.az”a açıqlamasında qeyd edib ki, məsələ Komitə və aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb, bu istiqamətdə müvafiq tədbirlər görülməkdədir.
***
“Yardımlı rayonundan bir nəfər qadın uşağı ilə ayaqyalın qaçıb Bakıya gəlib. Səbəb sağlam olan bacısının mövcud əri onu evlənməyə məcbur edib. Qızın ailəsi də bu izdivacda həmin “ərə” yardım üçün iştirak edib”.
Ölkə.Az xəbər verir ki, bunu “Təmiz Dünya Qadınlara Yardım” İctimai Birliyinin sədri Mehriban Zeynalova qeyd edib. O bildirib ki, məktəb direktoru olan evli şəxs arvadının bacısı ilə qızın öz xəbəri olmadan kəbin kəsdirib:
“Gedib qızın xəbəri olmadan kəbin kəsdirib və deyib ki, sən mənim kəbinli aravdımsan. “Ər” qızı boğaraq onunla zorla ərdə olmasını tələb edib. Maraqlı bilirisiniz nədir? Orta əsr qaydalarını icra edən gələcək “ər” Arvana kənd məktəbinin direktorudur. Elm və Təhsil Nazirliyi, mümkünsə, bu direktorla məşğul olun. Əgər belədirsə, həmin məktəbdə orta əsr adətlərinin mövcud olması qaçılmazdır” – o qeyd edib.
M.Zeynalova həmçinin bildirib ki, polis qızın yerini gizlətməli olduğu halda qohumları ilə birgə sığınacağa gəlib:
“Yardımlı polis əməkdaşı mənə zəng vurub dedi ki, “ər” gəlib qızı götürmək istəyir. Xəbərdarlıq etdim ki, yeri qətiyyən bildirməyin. Üstündən 3 saat keçməmiş polis əməkdaşı bütün nəsli yanına alıb qapıya gəlib. Əməkdaş polisə yeri bildirməmək kimi məsuliyyətlə bağlı məlumatlandırıldığını bildirsə də, adam axtarışa verildiyi üçün gətirməli olduğunu dedi”.
M.Zeynalova həmçinin bildirib ki, qadının və uşağının sənədləri girov saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Ölkə.Az-ın soğusuna cavab olaarq bildirilib ki, məsələ nəzarətə götürülüb, araşdırılır.

