Azərbaycanda azad sahibkarlıq: “Bunlar olmasa liberal iqtisadiyyatdan danışmaq olmaz”backend

Azərbaycanda azad sahibkarlıq: “Bunlar olmasa liberal iqtisadiyyatdan danışmaq olmaz”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İSTİQAMƏT: 6.3.12. azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi

Azad ticarətin, sahibkarlığın və iqtisadi inkişafın əsas elementlərindən biri də ölkədə sahibkarlıq üçün əlverişli mühitin yaradılmasıdır. İqtisadiyyatın tərəqqisi, liberallaşması bazar əlaqələrinin,sağlam rəqabətin inkişafında müstəsna rola malikdir.

Məlumdur ki, liberalizmdə  bazar özü-özünə tənzimlənir. Bu proses iqtisadi quruluşlara çox böyük töhfə verdiyi üçün dünya ölkələri iqtisadiyyatın liberallaşdırlması istiqamətində daha geniş addımlar atmağa cəhd etdilər.

Bəs bu gün Azərbaycanda iqtisadi cəhətdən liberallaşma hansı səviyyədədir? Bu istiqamətdə dövlət hansı tədbirləri görür?

Məsələ ilə bağlı Editor.az-a açıqlama verən Milli Məclisin deputatı Vüqar Bayramov bildirdi ki, bütövlükdə liberal iqtisadiyyat dövlətin iqtisadiyyata müdaxiləsini minumumlaşdırılması anlamına gəlir:

“Əslində bir sıra ölkələrdə bu gün liberal deyil, daha çox qarışıq iqtisadiyyat modelindən istifadə olunur, o cümlədən inkişaf etmiş əksər Avropa ölkələrində də oxşar model tətbiq olunur. Ona görə də bir tərəfdən dövlət müəyyən funksiyaları saxlayır və o funksiyaları yerinə yetirir, digər tərəfdən isə xüsusən də bazarın liberallaşdırılması həyata keçirilir. Azərbaycanda iqtisadiyyatın liberallaşdırılması və ya bütövlükdə gizli iqtisadiyyata qarşı mübarizə tədbirləri daha çox 2018-ci ildən etibarən sürətləndi. Düzdür, 2015-ci ildən etibarən biz bu istiqamətdə islahatların cəmləşməsini müşahidə etdik, amma islahatlar, xüsusən gizli iqtisadiyyata qarşı mübarizə tədbirləri, 2018-ci ildən etibarən yeni mərhələyə qədəm qoydu və sözsüz, postpandemiya dövründə yeni strategiyanın qəbul edilməsi də məhz bu imkanları genişləndirdi. Təbii postpovet məkanında liberal iqtisadiyyatın formalaşması zaman alır və son proseslər də göstərir ki, islahatların tamamilə dərinləşməsi, xüsusən də bazarın tam liberalllaşmasını tələb edən bir prosesdir və ölkələr buna mərhələli şəkildə nail olmağa çalışır. 2026-ci ilədək olan strategiya göstərir ki, əslində Azərbaycan növbəti dövrlərdə  iqtisadiyyatda sahibkarın payının və rolunun artırılmasına nail olmaq niyyətindədir. Bu baxımdan bazarın tamamilə liberallaşması, monopoliyanın tamamilə minumumlaşdırlması, dövlət satınalmalarının təkmilləşdirilməsi və təbii ki, məhsulluğun və rəqabətin təmin edilməsi və xüsusən də məhsulluqda özəl sektorun payının artırılması çox vacibdir. Nəzərə alsaq ki, rəqabət məcəlləsi 2023-cü ildə Milli Məclisin iş planına daxil edilib, eyni zamanda, dövlət satınalmaları ilə bağlı yeni qanun layihəsi hazırlanıb, bunlar ondan xəbər verir ki, biz növbəti dövrdə iqtisadiyyatın daha da liberallaşmasını müşahidə edə  biləcəyik”.

İqtisadçı ekspert Xalid Kərimlinin sözlərinə görə, liberal iqtisadiyyatda dövlət tənzimləmələri azdır:

“Azad ticarət və azad sahibkarlıq var. Ölkəmizdə kapitalın hərəkətində ciddi problemlər yoxdur.  Biz bank sektorunda, dövlət müəssiələrinin özəlləşməsini görə bilərdik. Amma bu baş tutmadı. Ümumiyyətlə, dövlət bir çox sahələrdə fəaliyyəti öz əlində saxlamağa çalışır. Hətta 2019-cu ildə yaradılmış İnvestisiya Holdinqinin Nizamnaməsində də özünü göstərir ki, bunun yaradılması səbəbi dövlət müəssisələrinin qeyri-effektiv idarə olunması idi. İnvestisiya Holdinqi dövlət müəssisələrinin idarə olunmasını şəffaflaşdırmalı, koorporativ idarəetməni tətbiq etməli idi. Amma bu istiqamətdə müəyyən addımlar atılsa da  nəticəni görməmişik. Liberallığın artması üçün həm dövlətin tənzimləmələrinin azalması vacibdir, həm də zəruri olmayan yerdə dövlət müəssisələrinin olması düzgün deyil”.

İqtisadçı ekspert Eldəniz Əmirov isə açıqlamasında bildirib ki, liberal iqtisadiyyat xüsusi mülkiyyətin üstünlük təşkil etdiyi, dövlətin iqtisadiyyatda rolunun minimum səviyyəyə endirildiyi halda mümkündür:

“Amma bu gün biz iqtisadiyyatda dövlətin aparıcı rola malik olduğunu görürük. Dövlətin rolu son vaxtlarda qəti şəkildə azalmır. İqtisadiyyatın bütün sahələrində dövlətin aparıcı rol oynaması liberal iqtisadiyyatın qurulmasına mane olan ən ciddi faktordur. Digər bir məqam isə inhisarçı davranışların yüksək çəkiyə malik olmasıdır. Liberal iqtisadiyyatda dövlət sadəcə tənzimləyici rol oynayır və inhisarçılara qarşı ciddi şəkildə tədbirlər görür. Lazım gəldikdə inhisarçılarla rəqabət apara biləcək yeni təsərrüfat subyektlərinin yaradılmasına yardımcı olur ki, ortada rəqabət olsun. Bunlar olmasa liberal iqtisadiyyatdan danışmaq olmaz. Liberalizm tam formada özü-özünü tənzimləyən bazar iqtisadiyyatı deməkdir. MDB məkanında respublikaların əksəriyyətində təəssüf ki, liberal iqtisadiyyat söz olaraq qalır”.

Safura Bənnayeva, Editor.az

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.