Azərbaycanda “bakirə”lik BAZARI – Açıq müştəri yığan cərrahları hansı məsuliyyət gözləyir?backend

Azərbaycanda “bakirə”lik BAZARI – Açıq müştəri yığan cərrahları hansı məsuliyyət gözləyir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün himenoplastika əməliyyatı (qızlıq pərdəsinin bərpası) ölkə gündəminin əsas müzakirə mövzusuna çevrilib. Azərbaycanda açıq şəkildə sosial şəbəkələr üzərindən özəl klinika cərrahları tərəfindən bu əməliyyata onlayn müştəri yığılır. Elan verən həkimlər kimi, müştəri sayı da çoxdur. Əməliyyatla bağlı çağırış və tələblər son 5 ildə daha aktivləşib. Buna qədər isə ölkəmizdə hər kəs bu əməliyyatdan xəbərsiz idi.

Mentalitetə görə, qızların bəkarəti yalnız halal əri tərəfindən cinsi əlaqə zamanı pozula bilər.

Nikahdankənar münasibətlərdə qadının bəkarəti pozularsa, onun üzvü olduğu ailə və nəsil üçün böyük utanc və faciə hesab olunar. Hətta bu hal cinayətə belə səbəb olacaq qədər mühümdür.

Azərbaycanda bu problemləri aradan qaldırmaq üçün əvvəllər gizli şəkildə həkimlərə müraciət olunurdusa, artıq himenoplastika əməliyyatı açıq-aşkar həyata keçirilir.

Dövlət səhiyyə müəssisələrində, ümumiyyətlə, bu cür əməliyyatlar qadağandır. Hətta qızların bakirəliyinin yoxlanmasına belə icazə yoxdur. Özəl klinikalarda isə bu əməliyyata “yaşıl işıq”dır və məbləğlər “ceyran  beli”ndə, yəni 700-1500 manat civarındadır. Mütəxəssislərə görə, hər il Türkiyədə bakirəliyin bərpası üzrə minlərlə əməliyyat keçirilir.

Qardaş ölkədə əməliyyatın məbləği 900 və 2700 manat arası dəyişir. Bu əməliyyat üçün Türkiyəyə gedən vətəndaşlarımızın sayı da az deyil.

Onların bu addımı isə həkimlərin daha yaxşı və peşəkar olması ilə əlaqədardır. İranda da “qızlıq pərdəsinin bərpası” kimi cərrahi əməliyyat çox geniş yayılıb. Bu əməliyyatın standart qiyməti isə 150 avrodur. Ölkəmizdə himenoplastika əməliyyatı edənlərlə bağlı statistika mövcud olmasa da, sayı az deyil.

Tibbi ədəbiyyatlarda əməliyyatın adı himenoplastika adlanır. Evlilik həyatına başlamazdan 1 ay əvvəl edilən estetik əməliyyatla süni qızlıq pərdəsi yaradılır. Digər üsulla isə toy gecəsindən 2-3 gün əvvəl qızlıq pərdəsinə tikiş qoyulur. Hər iki üsul narkozla aparılan əməliyyatdır. Bunu cərrahlar imitasiya, yəni bənzətmə üsulu ilə həyata keçirirlər.

Tibb elmləri doktoru, professor Adil Qeybulla Bizim.Media-ya açıqlamasında cərrahların himenoplastika əməliyyatı ilə bağlı açıq elan və çağırışlarının hüquqi məsuliyyət daşımadığını deyib:

“İstər cinayət məcəlləsində, istərsə də qanunverici aktlarda əks göstəriş yoxdur. Əslində qanunda bununla bağlı boşluq var. Yazılmamış qanun kimi bu məsələ Azərbaycanda bir qədər tabu sahədir. Bu işlər həmişə gizli aparılır. Amma son vaxtlar bu cür məsələlər cəmiyyətdə o qədər adiləşib ki, sözügedən əməliyyatla bağlı açıq elanlar da verilir.

Hesab edirəm ki, bu, bir qədər mentalitetə bağlı bir məsələdir. Bunun hansısa formada qanunla qadağası yoxdur. Sadəcə olaraq müəyyən hüquqi problemlər, yaxud hansısa cinayət məsuliyyəti filan ortaya çıxsa, o zaman təbii ki, əməliyyatı icra edən həkimi də məsuliyyətə cəlb edə bilərlər”.

Vəkillər Kollegiyasının üzvü Əsabəli Mustafayevin sözlərinə görə, əgər bu əməliyyat Səhiyyə Nazirliyi tərəfindən qadağan olunubsa, mülkiyyət formasından və tabeçiliyindən asılı olmayaraq hamısına şamil olunmalıdır:

“Görünür, bəzi klinikalar o qədər harınlaşıblar ki, bunu reklam da edirlər, daha gizlətmirlər. Hüquq mühafizə orqanları mətbuatda yayılmış bu faktların yoxlanmasına başlamalıdır və hüquqi qiymətini də verməlidir.

Qanunda himenoplastika əməliyyatını edənlərlə bağlı məsuliyyət yoxdur. Amma araşdırmanın nəticəsinə uyğun olaraq əməliyyat üçün müştəri yığan həkimlərə vəzifə səlahiyyətlərini aşma, insanın həyatını təhlükədə qoyma və s. normaları tətbiq etmək olar. Ola bilsin ki, belə bir elanlar yenidir. Praktikada bu əməllər olmayıb. Ona görə istintaqın hansı normanı seçəcəyini demək çətindir”.

//bizim.media