Azərbaycanda İran molla rejimini dəstəkləyən “mollalar” çoxdur-Deputatdan sərt AÇIQLAMAbackend

Azərbaycanda İran molla rejimini dəstəkləyən “mollalar” çoxdur-Deputatdan sərt AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

” İranın Azərbaycana qarşı uzun illərdir yürütdüyü ikiüzlü siyasət acı təəssüf hissi doğurur. İran heç bir zaman güclü, müstəqil siyasət yürüdən Azərbaycan görmək istəməyib. Bunun biz İranın istər Vətən müharibəsindən əvvəl, istərsə də sonra Azərbaycana qarşı tutduğu mövqedə hər zaman şahidi olmuşuq”.

Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəmməliyev deyib.

Onun sözlərinə görə İran uzun illərdir ki, qərb dairələrinin tətbiq etdiyi iqtisadi sanksiyalardan əziyyət çəkir:

” İran molla rejimi İran xalqının inkişafının ləngidilməsinə hesablanıb. Uzun müddət Azərbaycana İrana qarşı yürüdülən qərbyönümlü siyasəti dəstəkləməsi üçün təzyiqlər olub. Lakin Azərbaycan heç bir zaman İran əleyhinə aparılan siyasətdə yer almayıb. Azərbaycan tarixi köklərə əsaslanan dostluq qonşuluq münasibətlərinə sadiq qalıb. İran isə Azərbaycanın ona qarşı münasibətinin əksinə Azərbaycan torpaqlarını işğal edən Ermənistana hər cür dəstək verib. 30 ildə İran bütün imkanlarından istifadə edərək çalışıb ki, torpaqlarımız erməni işğalından azad olmasın.”

Millət vəkilinin sözlərinə görə 1992-ci ilin may ayında İran Qarabağ məsələsində “vasitəçi” kimi çıxış edərək Şuşanın Ermənistan tərəfindən işğalına şərait yaradıb:

“O zamanlar İranın vasitəçiliyi ilə Ermənistanla Azərbaycan arasında və Dağlıq Qarabağda yaranmış münaqişəni danışıq yolu ilə, siyasi yolla həll etmək üçün görüşlər keçirilirdi. May ayında İran rəhbərliyi rəsmi şəkildə Azərbaycanın Ali Sovetinin rəhbərini və Ermənistan prezidentini Tehrana dəvət edərək Şuşa kimi strateji bölgənin ermənilər tərəfindən işğalına imkan yaratdı. Sonradan da Ermənistana hərbi, sosial, iqtidadi yardımlarını davam etdirən İran bu gün də bu yardımlarını əsirgəmir. Zəngəzur dəhlizinin açılmasına birbaşa əngəl törədən də İrandır. İran Azərbaycana qarşı qeyri- səmimi, ikiüzlü münasibət göstərir. İran İslam dinindən sui-istifadə edərək Azərbaycanın savadsız İslamdan xəbəri olmayan gənclərini xurafata sürükləyir”.

Nəsib Məhəmməliyev qeyd edib ki, Azərbaycan Xarici İşlər Nazirliyinin notalarından sonra İran Azərbaycan ərazisindən Ermənistana yardım göstərməyə davam edir:

” İran tərəfindən Ermənistana göstərilən yardımların sayı iki dəfə artıb. Dəfələrlə İrana bununla bağlı xəbərdarlıq edilib. 44 günlük müharibədə və postmüharibə dövründə Azərbaycana dost və düşmən dövlətlər bəlli oldu. Vətən müharibəsində sözlə yox, əməli ilə heç bir şeydən çəkinmədən Azərbaycanın yanında olan, hər zaman dəstəkləyən Türkiyə, Pakistan, İsrail və digər bir neçə dövlətin mövqeyi açıq şəkildə bəlli idi. İran hansı haqla Xəzərdə Türkiyə ilə birgə keçirilən hərbi təlimləri tənqid edir? Heç SSRİ-nin mövculuğu dövründə İranın Xəzər dənizi ilə bağlı heç bir söz haqqı yox idi. İndi İran kimdir ki, Xəzərdə baş verənlərlə bağlı boş bəyənatlar versin? Bu qədər riyakarlıq, ikiüzlülük görülməyən birşeydir. Azərbaycan İrana qarşı siyasətində daha sərt mövqe tutmalıdır. Çox təəssüflər ki, Azərbaycanın daxilində də İran molla rejimini dəstəkləyən “mollalar” mövcuddur. Bunu dövlətçiliyimiz üçün böyük təhlükə hesab edirəm”.

//Gülnarə Abasova, Editor.az