Bəs görəsən, bu mümkündürmü?
Mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Rəşad Həsənov bildirib ki, bunun başlıca səbəbi, bank sektorunda olan rəqabətin dərinləşməsidir
“Ümumiyyətlə, banklar bu kimi reklam mətnlərini hazırlayarkən, hər zaman ən yaxşı göstəriciləri önə çəkməklə bu istiqamətə marağı artırmağa çalışırlar. Təbii ki, son dövrlərdə bank bazarında rəqabət əvvəlkinə nisbətən dərinləşib. Çünki iqtisadiyyatın artım tempi maliyyə sektorunun tələblərinə cavab vermir. İqtisadiyyat banklarda mövcud olan izafi vəsaitlərin yerləşdirilməsini həzm edə bilmir. Belə bir şəraitdə, bank sektorunda izafi likvidlik artır. Xüsusilə, 2015-ci ildən sonra yaranmış situasiyada banklar böyük müştəri bazasını itirdilər. Əksər müştərilər problemli müştəriyə çevrildi. Həm biznes, həm də fiziki şəxslər seqmentində bu hal özünü göstərdi. Təbii ki, belə imkanlar var. Hər hansı bir şəxs tez bir müddətə kredit götürə bilər. Məsələn, deyək ki, vətəndaş sahibkardır və onun bankda böyük vəsait qalığı var. Bank bu vəsaiti görür və şəxsiyyət vəsiqəsini, biznes haqqında vergi ödəyicisinin identifikasiya kodunu tələb etməklə modellər əsasında çox qısa müddətdə kreditin həcmini müəyyən edə bilir”.
Ekspertin fikrincə, banklar reklam mətnlərini hazırlayarkən, qeyri-dəqiq nüansların olmamasına mütləq şəkildə diqqət etməlidir:
“Amma təbii ki, bu eyni zamanda dayanıqlı gəlirləri olan, dövlət sektorunda işləyən, yüksək əməkhaqqı alan vətəndaşlara münasibətdə də mexanizm olaraq, həyata keçirilir. Tək şəxsiyyət vəsiqəsi ilə kredit bürosundan məlumatlar çıxarılır, vətəndaşın kredit qaytarma qabiliyyəti ölçülür, intizam səviyyəsi müəyyən edilir və çox qısa müddətdə kredit təyin edilə bilir. Təbii ki, bunun sənədləşməsi vaxt ala bilər. Sadəcə, vətəndaşa nə qədər kreditin düşməsi ilə bağlı həmin müddətdə məlumat verilir. Amma ümumiyyətlə götürsək, bu kimi reklamlarda bəzən yanlış anlaşılmalar olur. Vətəndaşlar düşünür ki, onlara gələn mesaj artıq yoxlanılmış, onların kredit qabiliyyəti qiymətləndirilmiş və nəticədə onlara bu qədər kredit düşür. Sonradan müraciət etdikdə, ona kredit məbləğinin daha az düşdüyü və ya heç düşmədiyi ilə bağlı məlumat verildikdə, narazılıq yaranır. Banklar bu kimi reklam mətnlərinin tərtib edilməsi ilə bağlı daha diqqətli olmalıdır”.