“Azərbaycanda həyata keçirilən uğurlu gənclər siyasəti milli inkişafımızın bütün istiqamətləri üzrə öz nəticələrini verməkdədir. Əsası böyük dövlət xadimi Heydər Əliyev tərəfindən qoyulan bu siyasət müstəqilliyimizin ilk illərində gənclərin enerjisi və imkanlarının milli maraqlarımızın müdafiə olunmasına istiqamətləndirilməsi ilə başladı. Həmin dövrdə ölkəmizə müxtəlif istiqamətlərdən daxil olan ən fərqli dini yaxud ideoloji dəyərlərin gənaclərimizi total olaraq öz təsiri altına salma cəhdləri ilə yadda qalan bir dövr idi. Belə olan halda milli özünüdərk , milli vətənpərvərlik hissləri , dövlətin və millətin gələcəyinə sahib çıxmaq istəkləri kimi vacib keyfiyyətlər arxa plana keçir bu isə xalqımızın gələcəyi ilə bağlı milli maraqlarımıza zidd olan təhdidlər yaradırdı”.
Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Millət vəkili bildirib ki, Heydər Əliyev xüsusi gənclər siyasəti strategiyası hazırlayaraq gənclərlə iş üzrə xüsusi institusional qurum yaratdı və 2 fevralı Azəbaycan Gəncləri Günü elan etdi:
“1994-cü il 26 iyul tarixində Gənclər və İdman Nazirliyini yaratdı. Belə bir mərkəzi icra hakimiyyəti orqanının yaradılması gənclərin milli dövlətçilik çıraqları ətrafında birləşməsi və onun potensialının məhz bu məqsəd üçün səfərbər edilməsinə real imkanlar açdı . 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumları keçirildi . 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Heydər Əliyev gənclər qarşısında mühüm bir tarixi vəzifə müəyyənləşdirdi ki, hər bir Azərbaycan gənci hər şeydən çox müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir. Bundan sonra ardıcıl olaraq davam etdirilən gənclər siyasəti sonrakı mərhələdə daha da inkişaf etdirildi. 2003-cü ildən başlayaraq Azərbaycan Prezidenti İlham Əliyev yeni milli çağırışlar kontekstində dövlətin gənclər siyqsətini artıq mövcud olan ənənələr əsasında daha da təkmilləşdirdi . Prezident İlham Əliyev 2007-ci ili “Gənclər ili” elan edərək gənclərin ölkənin ictimai-siyasi və mədəni həyatında fəallığının daha da artırdı . 2011-ci il 19 dekabr tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması barədə Sərəncam imzaladı. Fondun qarşısında gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində maliyyələşdirmək məqsədi qoydu. Qısa müddət ərzində sadalanan strateji istiqamətlər üzrə gənclər böyük nailiyyətlərə imza atmağa başladılar. Prezident İlham Əliyevin gənclərə dəstək yönündə verdiyi mühüm qərarlardan biri də 2013-cü il 2 iyul tarixində ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi oldu. Həyata keçirilən uğurlu gənclər siyasəti kadr və instituonal islahatlar zamanı da nəzərə alındı. Beləliklə ölkəmizin ictimai-siyasi həyatında gənclərin rolu daha da artmağa başladı .Şübhəsiz ki , həyata keçirilən bu strateji siyasət 44 günlük Vətən müharibəmizə və onun Zəfərlə başa çatan nəticələrinə də öz mühüm töhfəsini verdi. Məhz Azərbaycan Prezidentinin gənclər siyasətinin uğurlu olmasının nəticəsi idi ki , elə Prezident İlham Əliyevin hakimiyyəti dövründə yetişən gənclik tarixi qələbəmizin əldə olunmasında digər nəsillərlə bərabər əvəzsiz rol oyandı .Bu gün də istər idarəetmə sahəsində istərsə də ölkəmizin sosial-iqtisadi , elmi- mədəni və ictimai həyatında gənclər aparıcı rol oynamaqdadırlar ki , bu da xalqımızın gələcək inkişafının təmin olunması baxımından strateji əhəmiyyət kəsb edir”.
//Gülnarə Abasova, Editor.az

