Azərbaycanda ilin sonunda ətin qiyməti 25 manat olacaq? – Ekspertlər elə faktlar açıqladılar ki…backend

Azərbaycanda ilin sonunda ətin qiyməti 25 manat olacaq? – Ekspertlər elə faktlar açıqladılar ki…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən ildən başlayaraq Azərbaycanda ətin bahalaşması alıcılıq qabiliyyətinin aşağı düşməsinə səbəb olub. Eyni zamanda, yay mövsümündə ətin ucuzlaşmasına adət edən insanlar bu il əksi ilə qarşılaşıb. Aylar öncə kiloqramı 10-11 manat olan mal və quzu ətinin qiyməti bu gün 15- 18 manat aralığında dəyişir. Sosial şəbəkə və cəmiyyətdə ilin sonuna ətin qiymətinin 20-25 manat olacağı kimi müzakirələr gedir.

Mövzu ilə bağlı kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov Publika.az-a açıqlamasında bildirib ki, bu kimi məlumatlar həm ictimaiyyəti, həm də məhsulun satışı ilə məşğul olan sahibkarları çaşdırır:

“Artım varsa, mütləq əsas olmalıdır. Burada isə ortaya bir sual çıxır: hansı ətin qiyməti bahalaşacaq? Mal, qoyun, yoxsa toyuq ətinin? İstehsal və ölkəyə kəsim üçün gətirilən heyvanların sayında da ciddi artım var. Aşağı olan bir şey var, o da alıcılıq qabiliyyəti. Ətin qiyməti, tələbat çox olduğu halda arta bilər. Yəni qiymətin artacağını dəqiq heç kəs deyə bilməz. Bəzi adamlar ya fala baxır, ya da yatıb yuxuda görür ki, ət bahalaşacaq. Otun, yemin qiyməti qalxsa belə, ətin qiyməti qalxa bilməz”.

Ekspertin sözlərinə görə, son 3-4 ildə əhali qazandığı pulun 53%-ni qida üçün xərcləyir:

“Əvvəllər bu göstərici 48% idi. Hazırda 5% artıb. Ətin satış bazarına nəzər salsaq, görərik ki, satışda ciddi problem var. Bəzən ət günlərlə qalır, xarab olur və alınmır. Yəni alıcı olmadığı halda qiymət nə qədər qalxır, qalxsın. Onsuz da hazırda ölkəmizdə ətin qiyməti qonşu ölkələrə nisbətdə bahadır. Toyuq ətinin qiyməti Türkiyə ilə müqayisədə 2 dəfə bahadır. Gürcüstandan ölkəmizə nə qədər xırdabuynuzlu heyvan gətirilir. Azərbaycanda xırdabuynuzlu heyvanların qiyməti yüksəkdir. Ona görə də Rusiya və Gürcüstandan gətirmək sərf edirdi. Hesab edirəm ki, qiymətin bahalaşmasını mütləq şəkildə əsaslandırmaq lazımdır. Əhalinin sayında artım olsa da, cibdə pul yoxdur”.

V.Məhərrəmov vurğulayıb ki, məhsulun qiyməti əhalinin sayına görə yox, cibdəki pula görə artır:

“Bazar qanunu belədir. İndiki vəziyyətə baxdıqda ətin qiymətinin artması gözlənilmir. İllər öncə deyirdik ki, örüş sahəsi azdır, ona görə qiymət artımı var. Amma indi onu demək olmaz. Hazırda vəziyyət tam fərqlidir. Məsələ örüş sahələrinin azalması deyil, orada işləyən insanların sayının azalmasıdır. Kənddə yaşan insanların əksəriyyəti artıq maldarlıqla məşğul olmur. Buna görə də daxili istehsal azalıb. Lakin ölkəyə gətirilən diri heyvanların sayı 50 % artıb. Azərbaycan ətin qiymətinin baha olmasına görə qonşu ölkələri geridə qoyub. Hazırda qiymətin bahalaşması real görünmür”.

İqtisadçı Fuad İbrahimov qeyd edib ki, ölkəmizdə hər şeyin qiymətində bahalaşma prosesi gedir:

“Bu bahalaşma prosesinin səbəbləri fərqlidir. İndi bu yayılan fikir hələlik ki, sözdür. Ümumilikdə keçmişə, məsələn, 2000-ci illərə diqqət yetirsək, görərik ki, bu günə qədər ətin qiyməti dəfələrlə artıb. Ortalama götürsək, bu dövr ərzində 100 %-dən daha çox, 3-4 dəfə bahalaşma olub. Bu gün də digər ərzaq məhsullarında da dinamik artım var. Bu tək bizdə deyil, bütün dünyada gedən prosesdir. İndi nə vaxtsa ətin qiymətinin 20 -25 manat olacağını dəqiq demək olmaz. Bu günləri bazarda 25 manatdan da baha ət var. Ətin elə yerindən kəsib verirlər və yaxud elə bir bəsləmə metodologiyası ilə təqdim edirlər ki, baha qiymətə satılır və onun da öz müştəriləri var. Amma biz orta təbəqədən danışmalıyıq. Əlbəttə ki, ətin qiymətinin bahalaşmasına yem bazarı təsir edir. Yeri gəlmişkən, örüş sahələrinin azalması heyvandarlığa da təsir edir. Bütün bunlar da məhsulun bahalaşmasına təsir edə bilir”.

İqtisadçı əlavə edib ki, bu günlər bazarda aşkar şəkildə inhisarçılıq hökm sürür:

“Yəni demək olmaz ki, orta kəndli təbəqəsi heyvandarlıqla məşğul ola bilir. O məşğul olur, ancaq öz tələblərini ödəyir. Yəni burada bu inhisarçılığın da xüsusi göstəricisi var. Əlbəttə ki, adət-ənənələrimizi də nəzərə almalıyıq. Ətə olan məhəbbətimiz, yəni bu məhsula daimi tələbat qiymətin bahalaşmasını dəstəkləyir. Yem bazasının getdikcə məhdudlaşması, baytarlıq preparatlarının baha olması qiymətə birbaşa təsir edir. Çünki fermer hər hansı infeksiya ucbatından böyük bir itkiyə üzləşə bilərlər. O baxımdan xərclərini belə daim gündəmdə saxlayır. Xalqımızın ət məhsullarına olan yanaşması çox həssasdır. Bu da ki, məhsulun qiymətinin yüksəlməsinə şərait yaradıb. Bu dövrlər ərzində ətin maya dəyərinin müəyyən edilməsi istiqamətində kəndlilər, fermerlər artıq kifayət qədər təcrübə toplayıb”.