Azərbaycanda kazinoların açılması təklifinə daha bir deputatdan DƏSTƏK: “Qarşı çıxanların çoxu din pərdəsi altında..”backend

Azərbaycanda kazinoların açılması təklifinə daha bir deputatdan DƏSTƏK: “Qarşı çıxanların çoxu din pərdəsi altında..”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən  Milli Məclisin iclasında “Turizm haqqında” yeni hazırlanan qanun layihəsinin müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyevin bəzi təklifləri cəmiyyət arasında sosial şəbəkələrdə bəzi insanların qınaq obyektinə çevrilib.  Deputat təklif edib ki, kazinoların Azərbaycanda açılmasına icazə verilsin: “Rusiyada bu, müəyyən əraziləri əhatə edir. Azərbaycanda da belə edə bilərik. Məsələn, Qarabağda, Zəngəzurda kazinoların açılmasına icazə verə, bununla da turist cəlb edə bilərik. Digər tərəfdən, Nargin adasında buna icazə verə bilərik”.

Cəmiyyətin əksəriyyəti isə belə hesab edir ki, “kazino” bizim dini dəyərlərimizə, milli mentalitetimizə uyğun əyləncə növü deyil.

Milli Məclisin deputatı Razi Nurullayev Editor.az-a açıqlamasında bildirib ki, sözügedən təkliflə bağlı o, bir müddət əvvəl mətbuata açıqlamalar verib:

” Kazinolar Azərbaycanda konkret bir  şəhərdə açıla bilər. Çünki Azərbaycanda minlərlə insan  milyonlarını  Gürcüstanda, Türkiyədə, Rusiyadakı kazino mərkəzlərində xərcləyir. Dünyanın kazino mərkəzlərinə Azərbaycandan milyonlar axır. Bu istiqamətdə sərmayə cəlb etmək üçün Azərbaycanda belə bir əyləncə mərkəzlərinin açılmasına icazə verilməlidir, bu isə turizmin inkişafına xeyli töhfə verəcək. Azərbaycanda yalnız bir  şəhərdə bu tip kazinolar müəyyən qanun çərçivəsində fəaliyyətinə icazə verilə bilər. Əsasən də bu, hava limanın olduğu şəhərlərimizdə xarici turizmin inkişafına şərait yaradacaq. Gələn gəlir sayəsində həmin ərazilərdə on minlərlə iş yerləri açılar, istehsal müəssisələri yaranar. Bu, dünya təcrübəsinə əsaslanmış bir təklifdir”.

Razi Nurullayev qeyd edib ki, “qumar oynamaq” dinimizə ziddir və biz bunu alqışlamırıq:

“Bu təklif irəli sürüləndə qadağan olunmuş qumar oyunları nəzərdə tutulmayıb. Burada söhbət müəyyən qanun çərçivəsində fəaliyyət göstərən mərkəzlərdən gedir. Bu, insanların sosial vəziyyətinin yaxşılaşdırılmasına çox ciddi təsir edəcək. Bu məsələni dinə bağlayıb qarşı çıxanların çoxu din pərdəsi  altında min hoqqadan çıxanlardır. Haramçılıqdan danışanların çoxu rüşvətxorluqla məşğul olan, yetim haqqı yeyənlərdir. Azərbaycanın yarısı, elə bankların özü  faizə pul verib gələn gəlirlə idarə olunur, faiz borcunu ödəyə bilməyənlərin isə ev-eşiyini əlindən alırlar. Yüzlərlə xəstənin, əlilin, pensiyaları kəsilir, haqları tapdanır, bəzi müəssisələrdə rüşvətlə insanlar işə qəbul olunur. Bəs bu məsələlərə haram qarışmır?  Bu suala belə aydınlıq gətirilir ki, haram deyil, çünki bunlar qanunla tənzimlənir. Elə biz də onu deyirik ki, kazinolar açılsın və qanun çərçivəsində idarə edilsin. Məgər düzəlmişdi hər yaramız qalmışdı, saqqal darağımız? Sanki hər şey düzəlib, bir bu cür əyləncə mərkəzlərinin açılmasına icazə verilərsə, dinimiz, inamınız əldən gedəcək. Buna qədər ölkəmizdə haramın qarışdığı o qədər məsələlər var ki, onlara diqqət yetirilməlidir. Cəmiyyətimizdə o qədər belə danışan insan tanıyıram ki,  kasıbdan varlıya bir çoxu yetim haqqı yeyir, rüşvətlə dolanır. Deputat Qüdrət Həsənquliyevin irəli sürdüyü təklifi dəstəkləyirəm. “Bu təkliflə şəhidlərin ruhunu təhqir edib” ifadəsi ilə isə qəti razılaşmıram. Qüdrət bəy sadəcə istəyir ki, Qarabağda on minlərlə iş yeri açılsın və insanlar da orada işlə təmin olunsun”.

//Gülnarə Abasova, Editor.az