Azərbaycanda oğulun atasını öldürməsinin səbəbi açıqlandı: “Var-yox” söyüşünə görə…backend

Azərbaycanda oğulun atasını öldürməsinin səbəbi açıqlandı: “Var-yox” söyüşünə görə…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qubada atasını balta ilə qətlə yetirməkdə təqsirləndirilən Rəvan Ramazanovun cinayətinin detalları məlum olub.

İttiham aktında qeyd edilib ki, hadisə 9 iyun 2021-ci il tarixdə, saat 20 radələrində Quba rayonunun Sofikənd kəndində qeydə alınıb.

Belə ki, R.Ramazanov Sofikənd kəndindəki evdə olarkən atası Sadıq Ramazanovla atı ağacla döymək üstündə əvvəl mübahisə yaranıb. Daha sonra yaşadığı evin anbar kimi istifadə edilən otağında atası ona nalayiq sözlər və söyüşlərlə təhqir edib.

Bir qədər sonra S.Ramazanov evin həyətində odun doğramaq üçün istifadə edilən baltanı götürərək onun üzərinə gəlib. Bu zaman oğul balta ilə atasının baş və sinə nahiyələrindən olmaqla, ümumilikdə üç dəfə qəsdən zərbə endirməklə onu qətlə yetirib.

Məhkəmə iclasında təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədiyini deyib.

O ifadəsində göstərib ki, atası Sadıq mütəmadi spirtli içki qəbul edib, tüfeyli həyat tərzi keçirib, boş-boş şeylərə görə ailədə problem yaradıb, tez-tez dava-dalaş salırmış:

“Həmin gün axşam saat 19 radələrində işdən yaşadığım evə atla qayıtmışdım. Yolda olarkən at məni yerə ataraq yıxdı. Buna görə də ata əsəbləşdim, evə gəlib onu qapıda bağlayan zaman çubuqla bir neçə dəfə vurdum. Həmin vaxt atam Sadıq evin qarşısına gələrək “atı elə döymürlər, mən bu dəqiqə sənin üçün bunu öldürüm” dedi və ata çubuqla çoxlu zərbə endirməyə başladı. Mən isə atama atımı vurmamasını, heyvanın əziyyət çəkdiyini söylədim. Lakin o, sözlərimə məhəl qoymadı və ata zərbə endirməyə davam etdi. Sonra isə evin içərisinə keçdim. Bu zaman atam da evə gəldi və mənə irad bildirərək “var-yox” söyüşü söydü. O, əvvəllər də mənə bir neçə dəfə dava-dalaş zamanı “var-yox” söyüşü işlətmişdi. Mən isə atasıma məni döysə də, söysə də sırf “var-yox” söyüşü söyməməsini bildirmişdim. Lakin atam hər dəfə “var-yox” söyüşü söyərək məni əsəbləşdirirdi.

Bu zaman atam anama şillə ilə vurdu, evin elektrik naqillərini qopararaq məni öldürəcəyini dedi. Həmin vaxt da atam mənə “var-yox” söyüşü söydüyündən və anamı vuraraq bu kimi hərəkətər etməsindən əsəbləşdim. Mübahisənin böyüməməsi üçün evin həyətinə çıxdım. Bu hadisədən təqribən 20 dəqiqə sonra atam da arxamca evin həyətinə gəldi və məni təhqir etdi və əlləri ilə yaxamdan tutdu. Bu zaman aramızda mübahisə yarandı və onun əlindən canımı qurtardım. Sonra atam evin həyətində odun doğramaq üçün istifadə etdiyi baltanı götürərək mənə tərəf atdı. Balta mənim üz nahiyəmə tərəf gəldi və yana çəkildim.

Artıq atamın hərəkətləri məni təngə gətirmişdi və onun həm “var-yox” söyüşü söyməsinə, həm müxtəlif söyüşlərlə təhqir etməsinə, həm də üzümə tərəf balta atmasına görə artıq bezmişdim. Buna görə də onu öldürmək qərarına gəldim. Daha sonra baltanı götürərək əvvəlcə atamın sinə nahiyəsinə bir dəfə zərbə endirdim Zərbədən sonra atam yerə yıxıldı. Hirsim soyumadığı üçün balta ilə 2 dəfə də ona zərbə endirdim. Düzdür, hadisəyə qədər onu öldürmək kimi bir fikri olmamışdır”.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 10 il müddətinə azadlıqdan məhrum edilib.

Pravda.az