Azərbaycanda otellərin qiyməti niyə çox bahadır? – “Qarşısını almağın yeganə yolu…”backend

Azərbaycanda otellərin qiyməti niyə çox bahadır? – “Qarşısını almağın yeganə yolu…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dövlətin iqtisadiyyata, o cümlədən iaşə obyektlərinə, otellərə, hostellərə müdaxilə etməsi, tənzimləməsi bazar iqtisadiyyatının əsas qanunu olan tələb və təklif amilini poza bilər”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı Rüfət Quliyev deyib.

Millət vəkili yay fəsli ilə əlaqədar paytaxt Bakı və bölgələrdə yerləşən otellərdəki kəskin qiymət artımlarından söz açıb.

R. Quliyev bildirib ki, hazırda turizm sezonudursa, Azərbaycana insan axının çox olması da normaldır:

“Ona görə də tələb-təklif nəticəsində artır. Turizm sezonu olmayanda isə qiymətlər kəskin formada aşağı düşəcək və həmin qanun yenə də işləyəcək. Bu qanuna dövlət və məmurlar tərəfindən edilə biləcək müdaxiləni rəqabətin pozulması sayıram. Mən bu müdaxilənin qəti əleyhinəyəm”.

Deputat düşünür ki, bütün ölkələrdəki turizm sezonunda aviabiletlər də artır, otellərdə, hostellərdə və apartamentlərdə qiymətlər də yüksəlir:

“Bunun qabağının almağın yeganə yolu isə odur ki, otellərin sayı çox olsun. Bu zaman təklif çox olacaq. Çünki tələblə təklif artanda qiymətlər də aşağı düşəcək.

Biz Milli Məclisdə “Turizm haqqında” qanunu müzakirə edəndə fikirlərimi qətiyyətlə demişəm. Bəs burada dövlət tərəfindən nə tələb oluna bilər? Bütün otellər, restoranlar, kafelər və digər ictimai iaşə obyektlərinin hamısı saytlarında menyuları yazmalıdır. Menyularda qiymətlər, yeməklərin tərkib hissəsi, onların çəkisi olmalıdır. Turist də internet vasitəsilə bunu araşdıranda bilməlidir ki, hansı oteldə qiymət neçəyədir, hansı güzəştlər var və hansı addımlar atılır ki, turistlər cəlb olunsun”.

Müsahibimizin fikrincə, sadaladıqları düzdür və bu amili hər zaman müdafiə edib, dəstəkləyib:

“Başqa formada müdaxilələr, tənzimləmə addımlarının heç biri normal qiymət sisteminə gətirib çıxarmayacaq. Sadəcə olaraq keyfiyyət aşağı düşəcək. Bu tənzimləmələr müvafiq sahəyə mənfi təsirlər göstərəcək. Yəni orada işləyən insanların maaşını, işçi qüvvəsinin sayını azaldacaqlar ki, maya dəyərindən yuxarı qiymətlə öz xidmətlərini göstərib qazanc əldə etsinlər”.

“Burada dövlətin funksiyası isə ondan ibarətdir ki, biznes üçün daha şəffaf və rahat şərait yaratsın. Amma oraya məmurlar müdaxilə edəcəklərsə, bu sahədə 100% müəyyən korrupsiya sxemləri yaranacaq və bu, qaçılmazdır. Lakin burada bəzi tənzimləmələr ola bilər. Məsələn, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi qidaların keyfiyyətini, yaxud Dövlət Turizm Agentliyi xidmətin səviyyəsini, şəraitini yoxlaya bilər. Amma qiymətə müdaxilə qətiyyən olmaz”, – o, fikirlərini tamamlayıb.