Bu günlərdə, daha dəqiq desək, avqustun 21 -də Xankəndi-Gorus istiqamətində “Laçın” sərhəd-buraxılış məntəqəsində erməniəsilli şəxslərin sərbəst keçidi növbəti dəfə təmin edilib. Məntəqədən 60-a yaxın şəxs sərbəst şəkildə keçid ediblər.
Belə ki, əvvəlcə həmin şəxslərin sənədləri yoxlanılıb və sərbəst hərəkətləri təmin olunub. Onlar əsasən Azərbaycan ərazisində separatizmi alovlandırmağa çalışan, ona dəstək verən şəxslərdir. Artıq həm onlar, həm də arxalarında duranlar anlayıblar ki, Azərbaycanla bu çirkin oyunu davam etdirə bilməyəcəklər.
Azərbaycan müxtəlif səviyyələrdə daim bəyan edib ki, burada Azərbaycan qanunlarına hörmətlə yanaşan, bu qanunlarla yaşamağı qəbul edən şəxslər qala bilərlər. Bu şərti qəbul etməyənlər, öz qaydaları ilə yaşamağa çalışanlar üçün qapılar açıqdır, gedib ayrı harada istəsələr, yaşasınlar.
Həmin şəxslərin əksəriyyəti Rusiya vətəndaşlığını qəbul etmiş, Rusiya pasportu daşıyan insanlardır.
Bu, rəsmi Bakının növbəti diplomatik uğurudur. Sözügedən məsələ əslində kifayət qədər dərin və ciddidir. Prosesi ayrı-ayrı parametrlər üzrə qiymətləndirsək deməliyik ki, erməniəsilli şəxslərin Azərbaycan ərazisindən çıxması həm də regional gərginlikdə maraqlı olan qüvvələrin arzularını puça çıxardı. Məsələ ondan ibarətdir ki, dediyimiz kimi, həmin şəxslər əsasən Azərbaycan ərazisində separatizmi alovlandırmağa çalışan, ona dəstək verənlərdir. Bu isə o deməkdir ki, onların torpaqlarımızdan çıxması ilə həm də separat meyillərin, ehtimal edilən təhdidlərin qarşısı alınır.
Məlum olduğu kimi, rəsmi Moskvanın hegemon xarici siyasət kursunun əsas istiqaməti məhz separatizmlə bağlıdır. Rusiya parçalamaq istədiyi ölkələrdə əvvəlcə separat bölgə yaradır. Biz bunu Gürcüstanda, Ukraynada görmüşük. Rusiyanın Dnestryanı, Donbass kimi ssenariləri Azərbaycanda keçmədi. Azərbaycanda “russkiy mir” iddiası baş tutmadı. Rəsmi Moskvanın başqa yerlərdə “işlətdiyi kart” bu dəfə “əlində qaldı”. Məcburi olmayan, könüllü xarakter daşıyan bu prosesin davamlı olacağı gözlənilir. Yerdə qalanlar Azərbaycan vətəndaşlığını qəbul edib, Azərbaycan qanunları ilə yaşaya, hətta daha yaxşı yaşaya bilərlər.
Azərbaycan Qarabağdakı etnik ermənilərin reinteqrasiya prosesində israrlıdır. Biz bu barədə dəfələrlə təkliflərlə çıxış etmiş, mövqeyimizi bildirmişik. Lakin rəsmi İrəvan hələ ki, prosesə mane olmağa çalışır. Bu isə özü-özlüyündə sülh quruculuğu prosesinə və etimad mühitinin formalaşmasına əngəl yaradır. Rəsmi Bakının mövqeyi aydındır: Qarabağdakı etnik ermənilər ya vətəndaşlığımızı qəbul etməli, ya da torpaqlarımızdan birdəfəlik çıxıb getməlidirlər. Bunun alternativi yoxdur. Biz indiyədək bir neçə dəfə öz işimizi özümüz görmüşük. Bundan sonra da bunu edə, tələbimizi özümüz icra edə bilərik.
Düşünmək olar ki, prosesin davamı gələcək, yaxın zamanda daha çox erməni torpaqlarımızdan çıxacaq. Beləliklə, mülki ermənilərdən faktiki olaraq girov kimi istifadə edən rəsmi İrəvanın “əli zəifləyəcək”. Bundan sonra Azərbaycanın özünün strateji hədəfləri istiqamətində daha sərrast addımlar atacaq.
//Kənan Novruzov, Editor.az

