“Azərbaycanda taksi xidmətləri digər ölkələrlə müqayisədə çox ucuzdur”- Millət vəkilibackend

“Azərbaycanda taksi xidmətləri digər ölkələrlə müqayisədə çox ucuzdur”- Millət vəkili

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Son dövrlər Bakı şəhərinin taksi fəaliyyətində böyük xaos hökm sürür. Bu gün Bakı şəhərində taksilərin sayı həddindən artıq çoxdur. Statistikaya görə gün ərzində 67 min taksi şəhərdə hərəkət edir. Bakı şəhəri üçün bu çox böyük rəqəmdir və tıxacların yaranmasına səbəb olur. Taksilərin yaratdığı tıxaclar nəticəsində avtobuslar vaxtında dayanacaqlara çata bilmir və nəticədə dövriyədə olan avtobusların sayları azalır. Eyni zamanda taksilərin sayının həddindən artıq olması avtobusların dayanacaqlarının zəbt olunmasına gətirib çıxarır. Dayanacaqdan kənarda saxlamağa məcbur olan avtobuslar əlavə sıxlığa və tıxaca səbəb olur”.

Bu fikirləri Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.

Millət vəkilinin sözlərinə görə, Azərbaycanda taksi xidmətləri digər ölkələrlə müqayisədə çox ucuzdur:

“Qiymətlərin ucuz olması bəzi sərnişinləri razı salsa da xidmətin səviyyəsi və iqtisadi səmərəliliyi çox aşağıdır. Bakının küçələrində xarici görünüşünə əsasən köhnə, əzilmiş vəziyyətdə olan, texniki cəhətdən nasaz taksilər çoxluq təşkil edir. Digər tərəfdən qiymətlərin ucuz olması səbəbindən taksi sürücüləri sutka ərzində 12-13 saat işləmələrinə baxmayaraq çox az qazanc əldə edirlər. Nəticədə taksi sürücülərinin əmək hüquqları pozulur. Taksi sürücülərinin qeyri-peşəkarlığı nəticəsində ağır yol nəqliyyat hadisələri törədilir və nəticədə insan həyatına son qoyulur. Bakı şəhərində gün ərzində 67 min taksinin hərəkət etməsinə baxmayaraq, “fərqlənmə nişanı” alan taksilərin sayı 1896 ədəddir. Etik davranış qaydalarına riayət etməyən, sərnişinlərlə kobud rəftar edən taksi sürücülərinə tez-tez rast gəlinir. Bu barədə sərnişinlər dəfələrlə müvafiq orqanlara şikayət ediblər. Digər tərəfdən gediş haqqının kartla ödəniş edilməsində də böyük problemlər mövcuddur. Bütün bu çatışmamazlıqların, neqativ halların aradan qaldırılması üçün təklif olunan qaydalar taksi xidmətinin keyfiyyətinin artırılmasına, eləcə də sərnişinlərin təhlükəsiz şəkildə mənzil başına çatdırılmasına böyük fayda verəcək”.

//Editor.az