“Son dövrlərdə tələbələr arasında mərc oyunlarının geniş yayılması ciddi bir sosial və psixoloji problemə çevrilib. Universitetlərin yaxınlığında yerləşən mərc oyun mərkəzləri bu məsələnin daha da dərinləşməsinə səbəb olur. Hər gün borca batmış, gələcəyini itirmək təhlükəsi ilə üzləşən tələbələrin sayı artmaqdadır. Asan qazanc əldə etmək ümidi gənclərin təhsilinə, psixoloji sağlamlıqlarına və ailə münasibətlərinə böyük zərbə vurur”.
Bu sözləri təhsil eksperti Kamran Əsədov deyib.
O bildirib ki, mərc oyunlarının yaratdığı problemlər yalnız maliyyə itkiləri ilə məhdudlaşmır. Bu vərdiş tələbələrin dərslərə diqqətini yayındırır, onları psixoloji və emosional stressə salır, hətta bəzən cinayətə və ya intihara doğru aparan yol açır. Universitetlərə yaxın olan mərc oyun mərkəzləri tələbələri bu təhlükəyə daha asan hədəf edir.
“Bu problemin həlli üçün universitetlər və dövlət orqanları dərhal tədbirlər görməlidir. Mərc oyunları mərkəzlərinin universitetlərdən uzaqlaşdırılması, tələbələr üçün maliyyə maarifləndirilməsi proqramlarının təşkil edilməsi və alternativ idman və mədəni fəaliyyətlərə şərait yaradılması vacibdir. Valideynlər və müəllimlər də bu məsələdə şagirdləri maarifləndirməli və diqqətli olmalıdırlar.
Unutmaq olmaz ki, tələbələrin həyatını mərc oyunlarının tələsindən qorumaq yalnız fərdi məsələ deyil, cəmiyyətin inkişafı üçün vacib bir addımdır. Bu gün tələbələrimizi bu təhlükədən qorumağa başlamasaq, sabah onların itirilmiş həyatına şahid olmağı qismət bilərik”.
//milli.az