Azərbaycanda xəstənin ölümünə görə həkimə həbs cəzası verildibackend

Azərbaycanda xəstənin ölümünə görə həkimə həbs cəzası verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəki Apellyasiya Məhkəməsində səhlənkarlıqda təqsirləndirilən Fatimə Abdullazadənin barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsinin apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elman İsayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət və protest qismən təmin edilib, Göyçay Rayon Məhkəməsinin çıxardığı 3 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) hökmü cəzaya aid hissədə dəyişdirilib. Belə ki, təqsirləndirilən şəxs 1 il 6 ay müddətinə həkimlik fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə iki il həbs cəzasına məhkum olunub. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

İttihama görə, hadisə 22 iyul 2022-ci il tarixdə, saat 4 radələrində Göyçay Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb.

Belə ki, rayon sakini, 1993-cü il təvəllüdlü Vüsalə Teymur qızı Quliyeva yüksək hərarətlə sözügedən xəstəxanaya çatdırılıb. Tibbi müdaxiləyə baxmayaraq, Vüsalə Quliyeva orada vəfat edib. Həmin müddətdə Fatimə Abdullazadə xəstəxananın təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinin təcili yardım bölməsində məsul növbətçi həkim xidmətində olub. Hadisədən sonra o, cinayət məsuliyyətinə cəlb edilib.