Azərbaycandakı dini icmalar ordumuzun qələbə qazanması üçün dua etdilər – FOTObackend

Azərbaycandakı dini icmalar ordumuzun qələbə qazanması üçün dua etdilər – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda yaşayan aşkenazi yəhudiləri bu gün Bakıda yerləşən sinaqoqa yığışaraq, ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda davam edən gərgin savaşda şanlı ordumuzun mütləq qələbə qazanması üçün dua ediblər.

Sinaqoqda bir araya gələn yəhudi həmvətənlərimiz müharibənin tezliklə başa çataraq torpaqlarımızın azad olunmasını, əsgərlərimizin sağ-salamat evlərinə qayıtmalarını və Azərbaycanın ərazi bütövlüyünün tam təmin olunmasını, ölkəmizdə və bütün dünyada sülhün bərqərar olmasını Tanrıdan böyük ehtiram və səmimiyyətlə diləyiblər.

Qeyd edək ki, dini ayin pandemiya dövrünün bütün zəruri məhdudiyyətləri gözlənilməklə xüsusi icazə əsasında yerinə yetirilib.

Dua mərasimində çıxış edən Azərbaycandakı aşkenazilərin baş ravvini Şneor Segal ölkəmizin yəhudi icmasının hər zaman Azərbaycan xalqına dəstək olduğunu vurğulayıb:

“Biz vətənimiz Azərbaycanı çox sevirik və onu qorumaq bizim üçün böyük şərəfdir. Biz burada müxtəlif millət və dinlərin mənsubları kimi öz mədəniyyətimizi və dinimizi rahat şəkildə yaşaya, təmsil edə bilirik.

Bu gün keçirdiyimiz dua mərasimi ilə vətən üçün savaşan hər bir əsgərimizə, bütövlükdə ordumuza dualar etdik, onlara Tanrıdan itkisiz, mütləq qələbələr arzuladıq. İnanırıq ki, biz növbəti mərasimi məhz Şuşada keçirəcəyik”.

Bu gün səhər Bakıdakı “Jen Mironosits” pravoslav kafedral kilsəsində Azərbaycan və onun ayrılmaz parçası olan Dağlıq Qarabağ torpaqlarında tezliklə möhkəm sülhün bərqərar olması üçün pravoslav ibadət keçirilib.

“Biz vətənimiz Azərbaycan üçün, xalqımız üçün, gecə-gündüz sülhü və təhlükəsizliyimizi qoruyan igid ordumuz üçün dua edirik. Rəbbimiz əsgərlərimizin qəlbini cəsarət və qələbəyə inamla gücləndirsin. Torpağımıza ən qısa zamanda sülhün gəlməsi üçün dua edirik. Qarabağ Azərbaycandır!”

İbadət sosial məsafənin gözlənilməsi qaydalarına uyğun olaraq həyata keçirilib.