Azərbaycanın gözlənilmədən Naxçıvan üzərindən İrana və Türkiyəyə quru sərhədlərini bağlaması bəzi vətəndaşlar və turizm şirkətləri təmsilçilərinin narazılığına səbəb olub. Onlar bu gözlənilməz qərarın “bütün planlarını alt-üst etdiyini” bildirirlər. Dövlət Sərhəd Xidməti qərarın “cari ilin sentyabr ayının 1-nə qədər” qüvvədə olacağını bildirib və əlavə şərh verilməyib. Vətəndaşlar bildirirlər ki, “Naxçıvanın Türkiyə ilə sərhədinin bağlanması naxçıvanlılar üçün acından ölmək deməkdir”.
Turizm eksperti Ceyhun Aşurov Editor.az-a bildirib ki, Azərbaycanın quru sərhədləri koronavirus pandemiyası başlayandan bağlanıb və dünyanın bir çox ölkəsi quru sərhədlərini insanların keçidi üçün açsa da, Azərbaycanın sərhədləri hələ də bağlıdır:

” Azərbaycanda pandemiya səbəbindən quru sərhədlər rəsmi olaraq qapalı olsa da Naxçıvan ərazisindən Türkiyəyə keçid açıq idi. Bu, qərar Azərbaycana qonşu ölkələrdən xarici turistlərin gəlişini məhdudlaşdıracaq. Öncədən elan olunmayan bu xəbər turizm şirkətlərinin haqlı narazılığına səbəb olub. Məlumdur ki, quru yolu ilə gediş-gəliş daha ucuz başa gəlir. Bu mənada artıq Azərbaycandan çıxmaq üçün yeganə ucuz quru yolu da bağlandığı üçün ölkəyə gələn turistlərin sayının kəskin şəkildə azalacağı gözlənilir. Hal-hazırda istirahət mövsumi ilə əlaqədar turizmin ən çox canlandığı bir vaxtda gözlənilməz şəkildə belə bir qərarın verilməsi pandemiyadan sonra dirçəlməyə çalışan turizmə mənfi təsir göstərəcək. Yaxşı olardı ki, qərarla bağlı ictimaiyyətə də geniş açıqlama verilsin. Ehtimal olunur ki, bu, dünyada yeni yaranan xəstəliklərə qarşı risklərin qarşısının alınması istiqamətində atılmış bir addımdır”.
Ekspertin sözlərinə görə, turizmdə müşahidələr də onu göstərir ki, dünya ölkələrində ilk əvvəl əhalinin sağlamlığı, təhlükəsizliyi məsələsi ön planda durur:
” Təbii ki, insanların sağlamlığı hər hansı bir riskə düşərsə, ortada hansısa bir turizmdən söhbət gedə bilməz. Ehtimal olunur ki, bu qərar da təhlükəsizlik və sağlamlıqla əlaqədar verilib. Ancaq gələcəkdə bu istiqamətdə daha adekvat addımlar atılmalı və verilən qərarlar turizmə daha az təsir göstərməlidir. Təsadüfi deyil ki, bi ilin ilk 5 ayında ölkəyə gələn turistlərin sayı iki dəfədən çox artıb. Azərbaycandan İrana gedənlərin sayında isə 5 dəfə artıb müşahidə olunub. Quru yolların açıq olması gəliş-gedişləri daha sərfəli edir. Buna görə ölkəyə gələn turistlərin əksəriyyəti quru sərhədlərdən istifadə edir. Azərbaycana hər 10 xarici turistdən 7-si sərhədyanı qonşu ölkələrdən gəlir. Eyni zamanda hal-hazırda bu məhdudiyyətin də tətbiqi vətəndaşların ticari əlaqələrini də çətinləşdirəcək”.
//Gülnarə Abasova, Editor.az

