Azərbaycandan növbəti diplomatik həmlə: Bu il Qarabağdakı qondarma rejim ləğv oluna bilər-TƏHLİLbackend

Azərbaycandan növbəti diplomatik həmlə: Bu il Qarabağdakı qondarma rejim ləğv oluna bilər-TƏHLİL

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2020-ci ildə baş verən və 44 gün davam edən İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan sülh təşəbbüsü ilə çıxış etməkdədir. Qalib dövlətin məğlub tərəfə sülh təklif etməsi tarixdə nadir haldır. Buna baxmayaraq, Azərbaycan iki ildən çoxdur ki, konstruktiv maraqlar ortaya qoyur, Ermənistanı regional əməkdaşlığa çağırır.

Ermənistan hərbi – siyasi hakimiyyəti ötən müddət ərzində dekonstruktiv siyasəti ilə seçilib. Baş nazir Nikol Paşinyan və onun komandası manevr etməklə sülh gündəliyindən yayınmağa çalışırlar. Çünki rəsmi İrəvan geosiyasi reallığın dəyişəcəyinə, xüsusilə Qərbin və ya Rusiyanın Ermənistanı düşdüyü çətin durumdan çıxara biləcəyinə ümid edir. Hərçənd, bu, xam xəyaldan başqa bir şey deyil.

Nəzərə almaq lazımdır ki, Ermənistanın destruktiv mövqeyinə rəğmən, Azərbaycan öz maraqlarının təmin olunması istiqamətində uğurlu addımlar atır. Bunun əsas səbəbi isə güclü diplomatiya və çoxvektorlu, balanslı siyasətdir.

Vətən müharibəsindən sonra dünya gücləri, o cümlədən vasitəçilik iddiasında olan Qərb və Rusiya Bakının maraqlarını nəzərə almağa başladı. Əlbəttə, bunun əksi mümkün deyil. Çünki hər kəs başa düşür ki, Azərbaycan Cənubi Qafqazın əsas siyasi aktorudur.
44 günlük müharibə nəticəsində Azərbaycan Qarabağın böyük bir hissəsini işğaldan azad etdi. Amma Xankəndi, Xocalı və Xocavənddə hələ də erməni terrorçuları var.
Azərbaycan heç vaxt müharibə tərəfdarı olmayıb. Biz hərbi əməliyyatlara həmişə son variant kimi baxmışıq. Odur ki, indi tarixi torpaqlarımızın, o cümlədən Xankəndi, Xocalı və Xocavəndin duoplomatik yolla geri qaytarılmasının tərəfdarıyıq.

Proseslər rəsmi Bakının maraqlarına uyğun olaraq davam edir. Diqqət edək, rusiyalı milyarder Ruben Vardanyan ötən il noyabrın 4-də Qarabağda “dövlət naziri” təyin olunmuşdu. O, Qarabağa gəldiyi gündən etibarən revanşist meyillər artmışdı. Qısa zamanda məlum oldu ki, Vardanyan Kremlin layihəsidir.
Əlbəttə, biz Vardanyanın Qarabağdakı qanunsuz fəaliyyətinə səssiz yanaşa, buna göz yuma bilməzdik. Azərbaycan ilk gündən etibarən bu qanunsuzluğa reaksiya verdi. Nəticədə Rusiya tələblərimizi nəzərə almalı oldu və cəmi bir neçə aydan sonra Vardanyan Qarabağdan qovuldu.

Doğrudur, onun yerinə başqa terrorçu təyin edildi. Bununla belə, Vardanyanın “vəzifəsindən çıxarılması” həm də mesaj xarakterlidir. Hər kəs başa düşdü ki, Azərbaycan torpaqlarında ən böyük güc Azərbaycan xalqının və hakimiyyətinin iradəsidir. Üçüncü güclər anlamalıdırlar ki, hansısa vardanyanlarla sülh quruculuğu prosesinə, maraqlarımızın reallaşmasına mane ola bilməzlər.

Həmçinin Qarabağdakı ermənilər də artıq anlamağa başlayırlar ki, nəinki qondarma rejimə, heç Ermənistan hakimiyyətinə də inam yoxdur. Bu isə başqa bir prioritetimizi – Qarabağ ermənilərinin vətəndaşlığımızı qəbul etmələri prosesini sürətləndirir.

Bundan başqa, Avropa İttifaqının (Aİ) Ermənistana gələn missiyasını da unutmaq olmaz. Doğrudur, bu, Azərbaycanın maraqlarına o qədər də uyğun deyil. Rəsmi Bakı artıq bu barədə mövqeyini bildirib. Aİ missiyasının Ermənistanda yerləşməsindən sonra ermənilərin törətdikləri hərbi təxribat da göstərir ki, qarşı tərəf bu məsələdən sui-istifadə etməyə çalışır.

Amma bu, Aİ ilə Rusiya arasında gərginliyi artırmaqla yanaşı, həm də Ermənistanın işini daha da çətinləşdirir. Moksva Ermənistandakı 102-ci hərbi baza vasitəsilə İrəvana kifayət qədər təzyiq göstərə bilirdi. İndi Brüsselin də İrəvana təzyiq imkanları artdı. Bu isə bizim maraqlarımıza cavab verir.

Növbəti məqam azərbaycanlı ekofəalların Laçın yolundakı dinc etiraz aksiyaları ilə bağlıdır. Bizim tələblərimiz konkretdir. Ermənistan hərbi – siyasi hakimiyyəti, həmçinin “suları bulandırmaq” istəyən bir sıra qüvvələr dinc aksiyanı sabotaj etməyə cəhd göstərirlər. Bu, gözləniləndir. Təəccüblənməyə dəyməz. Fakt ondan ibarətdir ki, etirazlar tamamilə legitimdir. Ekofəalların humanitar yüklərin keçidinə şərait yaratması bir daha göstərir ki, məkrli qüvvələrin iddia etdiyi hansısa “blokada”dan söhbət gedə bilməz.

Aksiyaların Qarabağdakı ermənilərə psixoloji təzyiq göstərməsi şübhəsizdir. Ermənilər Azərbaycan xalqının qətiyyəti ilə üz – üzədirlər.
Davam edən aksiyalar Qarabağdakı erməni xalqında nəinki qondarma rejimin rəhbərliyinə, həm də Ermənistan hakimiyyətinə qarşı aqressiya yaradır. Bu da onların vətəndaşlığımızı qəbuletmə prosesinə təkan verir. Beləliklə, indi həm də psixoloji savaş gedir.

Əlbəttə, aksiyalar mütləq məqsədyönlü nəticəsinə çatacaq. Ekofəalların fəaliyyəti nəticəsində Laçın yolunda Azərbaycan dövlət orqanlarının, o cümlədən Dövlət Sərhəd Xidmətinin, Post Patrul Xidmətinin postlarının qurulması gözləniləndir. Bu, ermənilərin qanunsuz əməllərinə son qoymaqla yanaşı, eyni zamanda Ermənistandan Qarabağa silahların daşınmasının qarşısını alacaq. Beləliklə, biz öz torpaqlarımızda təhlükəsizliyimizi təmin edə biləcəyik.

Yeri gəlmişkən, qeyd edək ki, dünən erməni terrorçular növbəti təxribata cəhd ediblər. Erməni mətbuatı da etiraf edib ki, onların bir polkovnik-leytenantı, bir mayoru və bir leytenantı məhv edilib.

Ermənilərin davam edən təxribatlarının əsas səbəbi Qarabağda terrorçulardır. 2020 və 2021- ci ildə imzalanan üçtərəfli bəyanatlara zidd olaraq terrorçular hələ də Qarabağdan çıxarılmayıb. Deməli, nəinki Ermənistan, həmçinin Rusiya hakimiyyəti də öhdəliklərini yerinə yetirmir.

Azərbaycan Xarici İşlər Nazirliyi dünən sözügedən hadisə ilə bağlı bəyanat yayıb. Bildirib ki, terrorçular dərhal torpaqlarımızdan çıxarılmalıdır.

Sözsüz ki, atışmaların səbəbkarı qondarma respublika və Ermənistan hərbi – siyasi hakimiyyətidir. Amma bildirməliyik ki, bu cür hadisələr həm də Qarabağdakı ermənilərə təzyiq vasitəsidir. Onlar başa düşməlidirlər ki, təhlükəsizlikləri təmin olunmayıb. Deməli, ya vətəndaşlığımızı qəbul etməli, ya da Qarabağdan çıxıb getməlidirlər.

Ermənistan baş naziri Nikol Paşinyan bu günlərdə deyib ki, biz Azərbaycanla sülh müqaviləsi imzalamaqda qətiyyətlik. O, bununla bağlı məsuliyyəti öz üzərinə götürdüyünü söyləyib. Doğrudur, Paşinyanın manevrlərini əvvəllər də dəfələrlə görmüşük. Amma bu bəyanatın özü də göstərir ki, hökumət başçısı tədricən xalqını böyük sülhə hazırlayır. Bu isə Azərbaycan diplomatiyasının uğurunun təzahürü, rəsmi İrəvanın növbəti məğlubiyyətinin etirafıdır.

Fikrimcə, bu il Zəngəzur dəhlizi açılacaq və biz Xankəndiyə qayıdacağıq. Başqa sözlə desək, bu il qondarma rejim tamamilə ləğv oluna bilər.

//Kənan Novruzov, Editor.az