Azərbaycanı gözləyən təhlükə – Hökumətə çağırış edildi: Vaxtında tədbir görülməsə…backend

Azərbaycanı gözləyən təhlükə – Hökumətə çağırış edildi: Vaxtında tədbir görülməsə…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda iqtisadiyyatın əsas gəlir mənbəyi uzun illərdir neft və qaz sektorudur. Neft gəlirləri ölkənin maliyyə dayanıqlığında mühüm rol oynasa da, bu resursların tükənmə ehtimalı gələcək üçün ciddi risklər yaradır. Mütəxəssislər hesab edirlər ki, qeyri-neft sektorunun, xüsusilə regionlarda istehsal və məşğulluq yaradan sahələrin inkişafı prioritet olmalıdır. Heyvandarlıq, kənd təsərrüfatı, emal sənayesi və digər real sektorların gücləndirilməsi neftdən sonrakı dövrdə ölkə iqtisadiyyatının əsas dayağına çevrilə bilər.

Neft ehtiyatları tükəndikdən sonra Azərbaycanın iqtisadi dayanıqlığını təmin edə biləcək əsas sahələr hansılardır? Regionlarda iş yerlərinin artırılması üçün dövlət hansı real addımları atmalıdır?

Globalinfo.az-a danışan iqtisadçı Natiq Cəfərli deyib ki, Azərbaycan hökumətinin prioritet elan etdiyi sahələr mövcuddur.

Onun sözlərinə görə, bunlar aqrar sektor, turizm və rəqəmsal iqtisadiyyatdır:

“Şübhəsiz ki, prioritet sahələrin müəyyənləşdirilməsi müsbət addımdır. Çünki uzun müddət bu məsələlərlə bağlı suallar yaranırdı. Lakin prioritetlərin elan olunması ilə problemlər avtomatik həllini tapmır. Məsələn, quru sərhədlərin bağlı qalması turizmin inkişafına ciddi maneə yaradır. Rəqəmsal dəyişim istiqamətində isə əsas problemlərdən biri yerli mütəxəssislərin çatışmazlığıdır. Aqrar sektorun prioritet elan olunmasına baxmayaraq, son beş ildə qaramal və davarların sayında kəskin azalma müşahidə olunur. Bu faktlar onu göstərir ki, sahələrin təkcə prioritet kimi müəyyənləşdirilməsi yetərli deyil, burada sistemli boşluqlar mövcuddur”.

Azərbaycanı gözləyən təhlükə – Hökumətə çağırış edildi: Vaxtında tədbir görülməsə...

Natiq Cəfərli

Natiq Cəfərlinin fikrincə, hökumət ayrı-ayrı sahələri önə çəkməkdən daha çox, ümumilikdə iqtisadi azadlıqların genişləndirilməsi, investisiya mühitinin yaxşılaşdırılması istiqamətində qərarlar qəbul etməlidir:

“Vergi və gömrük rüsumlarının azaldılması, rəqabətli mühitin gücləndirilməsi bu baxımdan vacibdir. Eyni zamanda, məhkəmələrin tez və ədalətli qərar verməsi təmin olunmalıdır ki, bu da iqtisadi inkişaf üçün əsas şərtlərdən biridir. Belə bir mühit formalaşdığı halda, əhali öz təşəbbüsü ilə elə sahələr tapıb inkişaf etdirə bilər ki, bəlkə də, mütəxəssis olaraq bizim belə ağlımıza gəlmir. Ona görə də ilk növbədə sağlam iqtisadi mühit yaradılmalıdır. Prioritet sahələr isə bundan sonra təbii şəkildə, rəqabət mühitində özünü büruzə verəcək. Bir çox ölkələrin təcrübəsi də bunu göstərir. Dövlət proqramları ilə yanaşı, orqanik şəkildə inkişaf edən sahələr də mövcud olur. Məsələn, Cənubi Koreyada əsas diqqət texnoloji sahələrə yönəlsə də, zamanla avtomobil sənayesi də sürətlə inkişaf etdi. Sinqapurda əvvəlcə gəmiçiliyə üstünlük verilirdi, lakin sonradan maliyyə və bank sektoru, birjalar ön plana çıxdı. Yəni prioritet elan olunan sahələrlə yanaşı, ümumi iqtisadi mühitin sağlamlaşdırılması da zəruridir”.