“Ermənistan iqtidarı Paşinyanın simasında BMT tərəfindən tanınan əraziləri qoruyub saxlamaqla, bacardıqları qədər az itki verməklə Qərbin də vasitəçiliyi ilə Azərbaycanla sülh müqaviləsi imzalamaqda maraqlıdır”.
Bu fikirləri Editor.az-a AĞ Partiya başqanının müavini, siyasi şərhçi Əhəd Məmmədli Azərbaycan Ordusunun Laçında nəzarətə götürdüyü Ermənistanla sərhədboyu ərazilərdə 10 yeni post qurmasının ardınca ermənilərin hakimiyyətə qarşı kəskin çıxışlarının səbəbini şərh edərkən bildirib.

Siyasi şərhçi Ermənistan baş naziri Nikol Paşinyanın Azərbaycanın 1920-ci il xəritələrini tanımaqdan imtina etməsinin səbəbinə toxunub:
” Həmin xəritələrə əsasən Zəngəzur Azərbaycanın tərkib hissəsidir. Paşinyan Qarabağdakı ermənilərin hüquqlarının tanınması şərti ilə Qarabağın Azərbaycanda qalmasına razılıq verməyə hazırdır. Lakin Qarabağ erməniləri ruslara güvənərək Paşinyanın bu planının əleyhinə çıxır, hələ də qondarma Artsax terror təşkilatının qorunub saxlanmasını istəyirlər. Vəziyyəti dondurmaqla güc yığmağı və gələcəkdə ölkəmizə qarşı çıxmağı hədəfləyirlər. Ona görə də Azərbaycan ordusunun Laçın yolu istiqamətində post qurması Qarabağ ermənilərini təşvişə salıb”.
Siyasi şərhçinin fikrincə, Ermənistan baş nazirinin həyat yoldaşı Anna Akopyanın 44 günlük müharibə zamanı erməni tərəfdən fərarilərin sayının 11 min nəfər təşkil etdiyi ilə bağlı açıqlaması erməni cəmiyyətində böyük əks-səda doğurub:
“Bununla da onu Azərbaycana işləməkdə günahlandırırlar. Paşinyan Qarabağ yarasından birdəfəlik qurtulmağa, imtina etməyə hazırdır. Amma Rusiyadan dəstək alan Qarabağ erməniləri hələ ki müqavimət göstərirlər. Bu müqavimət də ancaq Azərbaycan ordusu tərəfindən qırıla bilər. İlkin addım olaraq Laçın yolunda sərhəddə post qurulur. Lakin ilin sonuna qədər Xankəndi və ətrafı tam nəzarətə keçməlidir. Bundan sonra artıq ermənilərlə danışıq aparmaq daha rahat olacaq. Düzdür, əsas maneə rus “sülhməramlıları”dır. Ona görə də çox gözləməyə ehtiyac yoxdur. Çünki rus sülhməramlıları müəyyən olunmuş vaxtlarını uzatmağa çalışa bilərlər”.
//Safura Bənnayeva, Editor.az

