“Azərbaycan Qafqazda tək gücdür. Bu güclə həm bölgə ölkələri, həm də qeyri-bölgə ölkələri hesablaşmalıdırlar. Azərbaycan Ordusu 44 günlük savaşda və bir günlük antiterror əməliyyatında Ermənistanla yanaşı, Qarabağda yuva salmış qondarma və cinayətkar rejimi də kapitulyasiyaya vadar etdi, separatçıları qandallayaraq Bakıya gətirdi”.
Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Fəqani Məhərrəmli deyib.
Onun sözlərinə görə, İkinci dünya müharibəsindən və sovetlərin çöküşündən sonra meydana çıxmış separatizm, milli münaqişələr, işğallar tarixində heç bir dövlət Azərbaycan qədər uğur qazana bilməyib:
“Bu uğur artıq dünyada “Azərbaycan modeli” olaraq qəbul edilir və öyrənilir. Artıq Ermənistanda xırda faşist təmayüllü qruplar istisna olmaqla, bütün kəsimlər Azərbaycanın şərtlərinin dərhal və sözsüz qəbul edilməsinin zəruriliyindən danışırlar ki, bu da üçüncü kapitulyasiya aktı deməkdir. Azərbaycan heç bir dövlətə, o cümlədən Ermənistana qarşı ərazi iddiaları ilə çıxış etmir. Lakin Zəngəzur koridoru istisnadır. Səbəb Naxçıvanla quru əlaqələrin qurulmasından gedir ki, Ermənistan 10 noyabr bəyanatı ilə bu öhdəliyi öz üzərinə götürüb. Azərbaycan haqlı olaraq bu koridor üzərində imtiyaz tələb edir. Bu hüquqi imtiyaz ondan ibarətdir ki, Azərbaycanın ana hissəsindən Naxçıvana və əks istiqamətə hərəkətlər heç bir gömrük nəzarətinə, yoxlanışa məruz qalmamalıdır. Bu tələb beynəlxalq hüquqa da tamamilə uyğundur. Odur ki, adı nə olursa olsun, istər koridor, dəhliz və marşurut, Azərbaycanın bu tələbi müsbət qarşılanmalı və yerinə yetirilməlidir, əks-halda Ermənistanı heç də yaxşı günlər gözləmir”.
//Gülnarə Abasova, Editor.az

