Bu gün Azərbaycan öz xarici siyasətində dünyanın bütün regionlarını təmsil edən ölkələrlə çoxşaxəli, hərtərəfli və qarşılıqlı faydalı münasibətlər üzərində qurmağa üstünlük verir.
Belə ki, keçmiş SSRİ məkanından başlayaraq, Avropaya və Uzaq Şərqə, Yaxın Şərqdən başlayaraq, Asiya, Afrika və Amerika qitəsinə qədər ucsuz-bucaqsız bir coğrafiyada ölkəmizlə ən müxtəlif formatlarda və sahələrdə əməkdaşlıq etməyə maraq göstərən ölkələr var. Bu maraq isə ilk növbədə Azərbaycanın həyata keçirdiyi balanslaşdırılmış xarici siyasət xəttindən, beynəlxalq hüquqa, qarşılıqlı münasibətlərdə bir-birinin suverenliyinə və ərazi bütövlüyinə hörmət, sülh, sabitlik və təhlükəsizlik məsələlərini, o cümlədən digər prinsiplərin rəhbər tutmasından qaynaqlanır.
Bununla yanaşı, rəsmi Bakının xarici siyasət kursunda ikitərəfli əlaqələrlə yanaşı, çoxtərəfli – ayrı-ayrı qurum, təşkilat və hərəkatlar səviyyəsində qarşılıqlı faydalı münasibətlər qurmaq platforması da aparıcı rola sahibdir. Bu baxımdan ölkəmizin 5 il ərzində (4+1) dünyada BMT-dən sonra ən böyük təşkilat olan “Qoşulmama Hərəkatı”na rəhbərliyi dünya ictimaiyyəti tərəfindən çox yüksək qiymətləndirlib. Qurumun bu il yanvarın 15-20-də Uqanda paytaxtında keçirilən sonuncu iclasında Azərbaycanın (2019-2023) COVID-19 pandemiyasının ən ağır dövründə sədrlik vəzifəsini çox uğurla yerinə yetirdiyi xüsusilə vurğulanıb.
Beynəlxalq ticarət və enerji marşurutlarının qovşağında yerləşən ölkəmiz Avropa ilə Asiyanın, habelə dünyanın ayrı-ayrı ölkələrinin yaxınlaşmasında, nəqliyyat-kommunikasiya vasitələri ilə qovuşmasında çox vacib bir missiya yerinə yetirir. Bundan əlavə, müasir dünyamızın indiki narahat vaxtında, çox sayda lokal münaqişələrin və müharibələrin getdiyi bir zamanda ölkəmiz güclü neft-qaz, eləcə də “yaşıl enerji”nin əsas istehsalçılarından biri kimi, qonşularının və Avropanın enerji təhcizatında mühüm rol oynamaqdadır.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Azərbaycana həvalə edilməsinə də bu kontekstdən yanaşmaq lazımdır. Noyabrın 11-dən 22-ə qədər Bakıda keçiriləcək bu möhtəşəm tədbirdə dünya ölkələri bu tədbirdə ən yüksək səviyyələrdə təmsil olunacaq.
Son olaraq, Azərbaycanın dünyanın bir sıra aparıcı dövlətlərinin təmsil olunduğu BRİCS təşkilatının oktyabrın 22-də Kazanda başlanan sammitinə dəvət alması da ölkəmizin getdukcə artan nüfuzundan, onun qlobal siyasi, iqtisadi, enerji və s. problemlərin həllində artan rolundan xəbər verir. Beynəlxalq KİV İlham Əliyevin təşkilatın tədbirində iştirakına xüsusi diqqət ayırır, onun buradakı çıxışını və təmaslarını yüksək qiymətləndirməklə, Azərbaycanın təşkilata qoşulmasının onun nüfuzunu daha da yüksəldəcəyini vurğulayıblar.
Bir sözlə, tarixi təcrübə və müasir beynəlxalq münasibətlərin xarakteri əsaslı şəkildə sübut edir ki, bu gün Azərbaycan özünün həyata keçirdiyi balanslı xarici siyasət kursu ilə düzgün yoldadır. Amerika və Avropadakı bəzi qaragüruhçu qüvvələrin onun əleyhinə apardıqları çirkin kampaniya isə bir Azərbaycan atalar sözündəki “it-karvan” məsələsindən başqa bir şey deyildir. Vəssalam.
Fərid Şahbazlı
Siyasi şərhçi

