6.3.5. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması;
Azərbaycan Respublikası müstəqillik dövründə həm regionda, həm də dünya ayrı-ayrı dövlətlər və beynəlxalq təşkilatlarla siyasi, iqtisadi, hərbi, sosial, mədəni və digər sahələrdə çoxtərəfli əlaqələr qurmağa nail olub. Beynəlxalq səviyyədə nüfuzunu gündən-günə artırmaqda davam edir. Ümumilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışı ilə bu istiqamətdə çox böyük işlər görüldü. Balanslaşdırılmış xarici siyasət, qarşılıqlı hörmətə əsaslanan tərəfdaşlıq ölkəmizin bir sıra dövlətlərlə əlaqələr qurmasına imkan yaratdı.
Bu gün də Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin rəhbərliyi altında bir çox ölkə ilə diplomatik, siyasi, iqtisadi müstəvidə əməkdaşlığımız var.
Maraqlıdır ki, Vətən müharibəsindəki qalibiyyətindən sonra region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlıq hansı istiqamətdə inkişaf etdi? Qalib Azərbaycan diplomatiyası nə vəd edir?
Mövzu ilə bağlı Editor.az-a açıqlama verən Milli Məclisin deputatı Nəsib Məhəmməliyev bildirib ki, Vətən müharibəsindəki qələbədən sonra regionda yeni reallıqlar yarandı və dövlətimizin apardığı siyasət, əsasən döyüş meydanında əldə etdiyimiz nəticələrin diplomatik səviyyədə da təsdiq olunmasına yönəlmişdir:

“Əfsuslar olsun ki, iki ildən artıq müddət ötməsinə baxmayaraq, erməni diasporasının, lobbi təşkilatlarının, bəzi ermənipərəst dövlətlərin destruktiv fəaliyyətləri nəticəsində sülh müqaviləsi hələ də imzalanmayıb. Müharibə dövründə Ermənistan ordusunu tamamilə məhv olmaqdan xilas edən, üçtərəfli bəyannamənin icrasına məsul olan Rusiya öhdəlikləri yerinə yetirməkdən yayınır. Özünü üzdə müsəlman, əslində isə müsəlmançılıqdan tamamilə uzaq İran bütün imkanları ilə, Zəngəzur dəhlizinin açılmasının qarşısını alır. Ermənistan ordusunu silahlandırır, hərbi, iqtisadi dəstək verir. Qarabağa diversantlar göndərir, separatçılığı dəstəkləməkdə davam edir. Fransa beynəlxalq hüququ tapdayaraq qanunsuz bəyanatlar qəbul edir, Qarabağın müstəqilliyini tanınmasına çalışır. Bununla da beynəlxalq təhlükəsizlik sistemi üçün olduqca təhlükəli presedent yaradır. Bütün bunlarla yanaşı, Azərbaycan əksər dövlətlərlə, BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, Avropa İttifaqı, GUAM və bir sıra beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq edir. Bu günki reallıqlar bunlardan ibarətdir. Diplomatiyamızın qarşısında duran əsas vəzifə, ölkəmizə yönəlik hücumların qarşısını almaq, düşmən qüvvələri neytrallaşdırmaqdır. Hesab edirəm ki, diplomatiyamız, deputat korpusumuz, Prezident İlham Əliyevin rəhbərliyi altında bütün bu vəzifələrin öhdəsindən layiqincə gələcək, dövlət, milli maraqlarımızın qorunması təmin olunacaqdır. Biz qalib ölkə, qalib xalqıq. Ən böyük üstünlüyümüz də elə bundadır”.
Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Arzu Nağıyev isə qeyd edir ki, müasir geosiyasi reallıqlarda Cənubi Qafqaz regionunun lideri Azərbaycandır:

“Bir regionun inkişafında önəmli faktorlar uğurlu xarici siyasət, iqtisadi inteqrasiya, siyasi sabitlik məsələləridir. Bütün bunlar beynəlxalq arenada söz sahibi olmağımızın əsas şərtidir. İkinci Qarabağ müharibəsinin fonunda Cənubi Qafqazda geosiyasi mənzərə də kökündən dəyişdi. Qarabağ münaqişəsi tarix olduqdan sonra bizim üçün prioritet gələcəyə yönəlik önəmli addımlardır. Ümumiyyətlə, qeyd son günlərini yaşadığımız 2022-ci il ölkəmiz üçün hərbi, siyasi və iqtisadi baxımdan ölkəmiz üçün düşərli il oldu. Xüsusilə Avropa və Türk dövlətləri ilə diplomatik münasibətlərimizin inkişafı yeni mərhələyə qədəm qoydu. TDT çərçivəsində türk dövlətləri ilə qarşılıqlı münasibətlərimiz möhkəmləndi. Prezidentimizin bu il Qazaxıstan, Özbəkistan, Türkmənistan, Türkiyə kimi ölkərə uğurlu işgüzar səfərləri baş tutdu və bu sahədə yeni tərəfdaşlıqlar quruldu. Türkiyə Prezidenti R.T.Ərdoğanın Azərbaycan Prezidenti ilə birgə işğaldan azad olunmuş rayonlarımızda Beynəlxalq hava limanlarının açılışında iştirakı birliyimizin dünyaya qarşı nümayişi idi.
Hərbi sahədə Türk ordusu modelində ordu quruculuğu işlərimiz uğurla davam edir. Qısa zaman öncə Gürcüstan Azərbaycan və Türkiyə arasında hərbi tərəfdaşlıq quruldu. Bu da regional müdafiə baxımından önəmli addım idi. Enerji təhlükəsizliyi sahəsində ölkəmiz Avropa üçün bir tələbatdır. Xüsusilə Rusiya-Ukrayna müharibəsinin fonunda bu sahədə önəmli fiqur olduğumuzu bir daha sübut etdik. Bu sahədə Serbiya, Ruminiya, Bolqarıstan, Macarıstan kimi ölkələrlə uğurlu əməkdaşlıqlar qurmuşuq. İlin yekunlarına doğru Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzalandı. Yeni əməkdaşlıqlar baxımından İsraildə səfirliyimizin aşılması siyasi baxımdan önəmli addım idi. Cənubi Qafqaz regionunda birbaşa maraqlı dövlət olan cənub qonşumuz İranın iç üzü açıldı. Ermənistan üzərindən Azərbaycana təyziq göstərmək səyləri demək olar ki, baş tutmadı. Postmüharibə dövründə dövlətimiz nəhəng layihələri və irəli sürdüyü geosiyasi təşəbbüsləri ilə regional siyasətin dinamikasını artırır”.
Millət vəkili qeyd edib ki, 2024-cü ildə tamamlanması nəzərədə tutulan Zəngəzur dəhlizi layihəsi təkcə region üçün deyil, qlobal önəm daşıyacaq:
” Qərb qonşumuz Ermənistan regiondakı destruktiv fəaliyyətini dayandırsa, bu imkanlardan yararlana bilər. Bunun ilk şərti isə Azərbaycanın haqlı tələblərini və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsidir. Hesab edirəm ki, bu yol İran və Rusiya ilə birbaşa dəmiryol əlaqəsi olmayan Ermənistan üçün ən uyğun kommunikasiya vasitəsi ola bilər. İl ərzində Ermənistanla münasibətlərin normallaşdırılması üçün dəfələrlə Praqa, Brüssel və Soçidə vasitəçilərin iştirakı ilə üçtərəfli görüşlər baş tutsa da heç bir nəticə əldə olunmadı. Bu müddət ərzində Azərbaycan tərəfi sülhə nail olmaq üçün əlindən gələni etsə də Ermənistan həmişəki kimi destruktiv mövqeyi nümayiş etdirdi. Fransa senatının qəbul etdiyi qərəzli qətnamə ilə tutduğu mövqeyi ilə yadda qaldı”.
Politoloq İlyas Hüseynovun fikrincə isə, Vətən müharibəsindən sonra Azərbaycan region ölkələri və ondan kənar olan dövlətlərlə əməkdaşlığı yeni müstəviyə qaldırıb:

“Xüsusilə enerji diplomatiyası sahəsində Prezident İlham Əliyev mühüm səfərlər həyata keçirib. Serbiya, Albaniya səfərləri də bu kontekstdə dəyərləndirilməlidir. Azərbaycan yaşıl enerjinin ixracı ilə bağlı əhəmiyyətli hədəfləri müəyyənləşdirir və qalib Azərbaycan diplomatiyası həm də bütün ölkə ərazisində suverenliyin bərpasına yönəlib. Ekofəalların Laçın-Xankəndi yolunda həyata keçirdiyi aksiya həm də şaxtaya, soyuğa baxmayaraq 2023-cü ildə də davam etdiriləcək. Azərbaycan bu gün qlobal əhəmiyyətli layihələrin icrasında təşəbbüskar kimi çıxış edir. Zəngəzur dəhlizi də bu məsələdə əhəmiyyətli rol oynayır. Şərqlə Qərb arasında əlaqələrin təmin olunmasına yönəlib. Həm də Türk Dövlətləri Təşkilatının funksiyası da artır. 2022-ci ildə bu təşkilatın inkişaf etdirilməsində Azərbaycan əlindən gələn dəstəyi nümayiş etdirdi. Qardaş Türkiyə ilə həyata keçirilən uğurlar, regionun inkişafı naminə Zəngilan Beynəlxalq Hava limanının açılışında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı kimi tədbirlər təhlükəsizliyin və sülhün gücləndirilməsinə xidmət edir. İranın ölkəmizə qarşı fikirləri, sərhəddə hərbi təlimlər keçirməsi fonunda Türkiyə və Azərbaycan arasında “Qardaş Yumruğu” hərbi əməliyyatı da mühüm əhəmiyyətə malikdir. Bu təlimlər həm də Şuşa bəyannaməsinin konseptual maddələrinin icrasına hazırlıq məqsədi baxımından da böyük rola malikdir. Ümumilikdə Azərbaycan region dövlətləri ilə əlaqələrin inkişafına maraq göstərdiyini nümayiş etdirdi. Rusiya ilə müttəfiqlik bəyannaməsi fevral ayında imzalandı. Ölkəmizə qarşı müxtəlif təhdidlərə ölkəmiz cəld, operativ reaksiya nümayiş etdirdi. Burada vətəndaş cəmiyyəti, ekspertlər, deputatlar və dövlətimizin siyasi elitası öz ayıq-sayıqlığını nümayiş etdirdi. Bu siyasi prioritetlər 2023-cü ildə də davam edəcək. Xalqımıza böyük uğurlar arzulayırıq. Qalib Azərbaycan dövlətinin vətəndaşları yüksək rifah içərisində yaşamalı və dövlətimizin inkişafı naminə fəaliyyət göstərməlidirlər”.
Safura Bənnayeva, Editor.az
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.


