“Azərbaycanın enerji sahəsində həyata keçirdiyi uğurlu siyasət iqtisadiyyatımızın inkişafına ciddi təkan verib”- Millət vəkilibackend

“Azərbaycanın enerji sahəsində həyata keçirdiyi uğurlu siyasət iqtisadiyyatımızın inkişafına ciddi təkan verib”- Millət vəkili

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanın enerji sahəsində həyata keçirdiyi uğurlu siyasət iqtisadiyyatımızın inkişafına ciddi təkan olmuşdur
Bakı böyük əhəmiyyət kəsb edən beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Bu tədbirlərin siyasi və coğrafi dairəsi kifayət qədər genişdir. Azərbaycanın beynəlxalq müstəvidə nüfuz sahibi və etibarlı tərəfdaş olması bu kimi əlamətdar tədbirlərə ev sahibliyi etməsini səciyyələndirən əsas amildir. Azərbaycan paytaxtı artıq bütün sahələr üzrə qərarların qəbul edildiyi dialoq məkanıdır. Bu, Azərbaycan dövlətinin həyata keçirdiyi uğurlu siyasətin bariz nümunəsidir”.

Editor.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Şahin İsmayılov deyib.

Millət vəkili bildirib ki, ölkəmizin ev sahibliyi etdiyi növbəti əlamətdar tədbir keçən həftə keçirilən Bakı Enerji Həftəsidir:

“27-ci Beynəlxalq Xəzər Neft və Qaz, 10-cu Yubiley Xəzər Beynəlxalq Energetika və Bərpa olunan Enerji sərgiləri və Bakı Enerji Forumunu özündə birləşdirən Bakı Enerji Həftəsi iştirak edən ölkələr üçün olduqca vacib tədbirdir. 30 ölkədən 249 şirkətin qatıldığı forum və sərgilər mahiyyətinə görə diqqət cəlb edir. Prezident İlham Əliyev açılış mərasimində çıxış edərkən Azərbaycanda enerji sahəsində görülən çoxsaylı işlərdən bəhs etdi. Ölkə başçısı Azərbaycanın enerji sahəsində xüsusi rolunu biruzə edən bir neçə əsas məsələyə toxundu. Birinci məsələ odur ki, Azərbaycanın müstəqillik illərində enerji təhlükəsizliyinə sərmayə yatırması və bu istiqamətdə həyata keçirdiyi düzgün siyasətin nəticəsində nəinki daxili bazarda tələbat ödənilib, digər ölkələrin enerji təhlükəsizliyinin qorunmasında aktiv iştirakı təmin edilib. İkinci məsələ “Şahdəniz” yatağı, Bakı-Tiblisi-Ceyhan neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri, Cənub Qaz Dəhlizinin icrasıdır. Digər məsələlər Azərbaycan qazına olan tələbatın sürətlə artması, Birləşmiş Ştatlar və Birləşmiş Krallıq tərəfindən enerji siyasətimizin hər zaman dəstəklənməsi, Avropa Komissiyası ilə aramızda olan məhsuldar əməkdaşlıq, Xəzər dənizinin Azərbaycan sektorunun potensialı, İşğaldan azad edilən torpaqlarımızda enerji sahəsində görülən və planlaşdırılan işlər, Azərbaycanın təqdim etdiyi tranzit imkanları, infrastruktur, etibarlı tərəfdaş qismində çıxış etmək və iqtisadi inkişafımızla bağlı idi. Prezidentin diqqət çəkdiyi məsələlər Azərbaycanın aparıcı dövlət kimi söz sahibi olmasına işarə edir”.

Ş. İsmayılovun sözlərinə görə, Azərbaycanın enerji sahəsində həyata keçirdiyi uğurlu siyasət iqtisadiyyatımızın inkişafına ciddi təkan olmuşdur:

“1994-cü il sentyabrın 20-də əsrin müqaviləsinin imzalanması Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyi ilə yeni uğurların başlanğıcı oldu. Bu müqavilə bundan sonra görülən işləri stimullaşdırdı. Nəticədə Azərbaycanda mövcud olan potensial düzgün şəkildə istifadə edilərək ölkəmizin bu sahədə inkişafına nail olundu. Bu gün Azərbaycan yalnız özünün deyil, digər ölkələrin də enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Bu ölkəmizin hərtərəfli inkişafına yol açan əsas amillərdən biridir”.

Editor.az