“Prezident İlham Əliyevin ilin sonunda xalqa təbrik müraciətində də bəyan etdi ki, biz bütün təzyiqlərə, hədə-qorxulara, əsassız ittihamlara baxmayaraq bildiyimizi edəcəyik. Necə ki, etmişik, bundan sonra da edəcəyik. Ermənistan rəhbərliyi də bu tarixi dərslərdən nəticə çıxarmalı və özünü elə aparmalıdır ki, bizim qəzəbimizə tuş gəlməsin. Bu mesaj həm də 2024-cü ildə sülhlə bağlı pozitiv addımlar atmağın vacibliyini özündə ehtiva edir. Yəni, Ermənistan sülhün yubanmasının yaratdığı riskləri nəzərə almalıdır. Bu il müdafiə sahəsində də fundamental addımlar atılacaq”.
Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
Millət vəkilinin sözlərinə görə, 2023-cü il Azərbaycan Ordusu daha da güclənib, peşəkarlıq artıb, antiterror əməliyyatında peşəkarlıq nümayiş etdirən yeni silahlı birləşmələr yaradılıb:
“Ümumiyyətlə, son 20 ildə ordu quruculuğu dövlət siyasətinin prioriteti kimi müəyyən olunub. Planlı və ardıcıl şəkildə görülmüş işlər Azərbaycan ordusunu dünyanın ən güclü 50 ordusu sırasına yüksəltdi. Ötən dövrdə Silahlı Qüvvələrin maddi-texniki təchizatının yenilənməsi, müasir infrastrukturun yaradılması, hərbi qulluqçuların sosial müdafiəsi, mənzil təminatının yaxşılaşdırılması, həmçinin müdafiə sənayesinin inkişaf etdirilməsinə Prezident İlham Əliyev tərəfindən xüsusi diqqət ayrılıb. Azərbaycanda son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla ordumuzu əhəmiyyətli dərəcədə təchiz edə bilir.
Azərbaycanda hərbi sənaye kompleksinin yaradılması isə ölkənin hərbi qüdrətini artırdı. Təsadüfi deyil ki, bu gün Azərbaycanda mindən çox hərbi təyinatlı məhsul istehsal edilir. Dünyanın aparıcı beynəlxalq sərgilərində Azərbaycanın hərbi məhsulları nümayiş olunur. Bu cür nailiyyətlər Azərbaycana öz ordusunu zəruri silah, sursat və texnika ilə təchiz etmək üçün əvəzsiz imkanlar yaradıb. Milli Ordunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması daim diqqət mərkəzindədir. Silah və hərbi texnikaların satın alınması və hərbi məhsulların istehsalına dair bir sıra ölkələrlə müqavilələr imzalanaraq hərbi əməkdaşlıq əlaqələri genişləndirilib. Bu il də hərbi təyinatlı yerli istehsalın artırılması əsas hədəflərdən biridir. Belə ki, dövlət və özəl sektor tərəfindən hərbi təyinatlı məhsulların istehsalına ən azı bir milyard manat sərmayə qoyuluşu nəzərdə tutulur. Bu isə hərbi təyinatlı məhsulların sayının daha da artması deməkdir”.
K.Nurullayeva onu da qeyd edib ki, qardaş Türkiyə də Azərbaycanla strateji müttəfiqliyi gücləndirmək və hərbi əməkdaşlığı daha da inkişaf etdirmək niyyətindədir:
“Bu isə münaqişəyə deyil, dostluq və əməkdaşlığa ehtiyacı olan Qafqaz regionu üçün olduqca vacibdir. Bu mənada Azərbaycanın postmünaqişə dövründə hərbi potensialını daha da gücləndirməsi sülh və təhlükəsizliyin qarantıdır”.
//Gülnarə Abasova, Editor.az

