“Azərbaycanın Qızıl Aypara Cəmiyyətini Qarabağda yaşayan erməni əsilli şəxslərə humanitar yardım göndərməsi təqdirəlayiq haldır”.
Bu fikirləri Editor.az-a BAO sədrinin müavini, fəlsəfə doktoru, siyasi şərhçi Faiq Ələkbərli Azərbaycan Qızıl Aypara Cəmiyyəti Qarabağda yaşayan erməniəsilli şəxslər üçün humanitar yardım göndərməsi və bu yardım Ağdam-Xankəndi yolunda gözlədilməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Qarabağdakı separatçılar ya ölkəni tərk etməli, ya da Azərbaycanın Konstitusiyasına uyğun yaşamağa davam etməlidirlər:
“Ölkə qanunlarına zidd hərəkət edərlərsə, buna uyğun olaraq tədbirlər görüləcək. Azərbaycanın göndərdiyi 40 ton un məmulatının Ağdam-Xankəndi yolunda saxladılmasının arxasında erməni separatçıları qədər Rusiya sülhməramlıları da dayanır. Rəsmi Bakı bütün hallarda qanuna, humanizmə uyğun hərəkət edir. Azərbaycanın beynəlxalq qanunlara uyğun addım atması görünür ki, Ermənistan, Rusiya və Fransanı ciddi narahat edir. Buna görə hər hansı təxribatları həyata keçirməyə cəhd edirlər”.
F.Ələkbərlinin fikrincə, rəsmi Bakının bu addımı müsbət haldır: ” Separatçıların ölkəni tərk etməsinə də müəyyən dərəcədə şərait yaradılmışdı Qarabağın erməni icması arasında separatizmə yuvarlanmamış şəxslər Azərbaycanın humanist yanaşmasını düzgün dəyərləndirməlidir. Onu da qeyd edim ki, həmin şəxslər içərisində cəmiyyətimizə reinteqrasiyada maraqlı olan şəxslər də mövcuddur. Ancaq erməni separatçıları, rus sülhməramlıları buna qarşıdır”.
//Safura Bənnayeva, Editor.az

