“Azərbaycanın irəli sürdüyü təşəbbüslər qlobal xarakterlidir”-Politoloqbackend

“Azərbaycanın irəli sürdüyü təşəbbüslər qlobal xarakterlidir”-Politoloq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Postmünaqişə mərhələsində Azərbaycanın irəli sürdüyü təşəbbüslər miqyasına görə regional, strateji əhəmiyyətinə görə qlobal xarakterlidir. Azərbaycan regionda sülh və təhlükəsizliyin bərqərar olması üçün çoxtərəfli əməkdaşlıq platformasının yaradılması tərəfdarıdır, bu məsələdə prinsipial geosiyasi iradə nümayiş etdirir”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Nurlan Qələndərli deyib.

Onun sözlərinə görə, vacib nüanslardan biri budur ki, Azərbaycan dövləti yeni mərhələdə bölgədə nəqliyyat-kommunikasiya xətlərinin bərpası ilə əlaqədar konkret mövqe nümayiş etdirir və əməli addımlar atır: “Bilirik ki, respublikamız bu günə qədər Şərq-Qərb, Şimal-Cənub, Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin icrasında çox fəal rol oynayıb, ölkəmizin təşəbbüsü ilə əhəmiyyətli addımlar atılıb. İndiki mərhələdə Azərbaycan Avrasiyada geniş bir coğrafiyanı əhatə edən Asiya ilə Avropanı birləşdirən Şərq-Qərb dəhlizinin tərkib hissəsi olacaq “Zəngəzur nəqliyyat dəhlizi” üzərində çalışır. Bu layihənin gerçəkləşdirilməsi ilə regionda əməkdaşlığa xidmət edən inteqrasiya prosesi güclənəcək. Bu dəhliz eyni zamanda, ölkəmizin Avrasiyanın nəqliyyat və logistika mərkəzi kimi geostrateji mövqeyini möhkəmləndirəcək, tranzit imkanlarını genişləndirəcək, Azərbaycan mühüm siyasi-iqtisadi dividendlər qazanacaq”.

Politoloq qeyd edib ki, Azərbaycanın fəal iştirakı və üstün mövqeyi fonunda cərəyan edən bütün bu proseslər Avrasiyada yeni geosiyasi konfiqurasiyanın formalaşmasına ciddi təsir göstərəcək: “Azərbaycan Cənubi Qafqazı inteqrasiya və işbirliyi məkanına çevirib. İndi ölkəmizin təşəbbüsü ilə yeni yaranan təhlükəsizlik mühiti regional və qlobal güc mərkəzlərinin vahid platformada ortaq maraqlar əsasında əməkdaşlığı üçün geniş imkanlar açır”.

//Gülnarə Abbasova, Editor.az