“Azərbaycan Prezidenti cənab İlham Əliyevin qətiyyəti, uğurlu siyasəti nəticəsində Azərbaycan unikal bir ölkə kimi dünyanın diqqət mərkəzindədir. Azərbaycanın beynəlxalq platformalardakı qətiyyətli mövqeyi, ölkə başçısının Qoşulmama Hərəkatının sədri kimi 120 ölkənin mənafeyi ilə bağlı olan məsələlərdə, dünyada baş verən ciddi hadisələrdə mövqeyi həm COVİD19-la bağlı olan inhisarçılığda, imperalist dövlətlərin digər kiçik dövlətlər üzərində yürütdüyü siyasətə qarşı mövqeyinə, 44 günlük Vətən müharibəsindəki uğurumuz, antiterror əməliyyatının unikal formada keçirilməsi, ölkəmizdə uğurlu iqtisadi siyasət müasir dövrdə dünyanın diqqətini Azərbaycana yönəldib”.
Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Onun sözlərinə görə, İlham Əliyev bu yaxınlarda Rusiya telekanalına verdiyi müsahibədə həm ölkəmizlə, həm də regional və qlobal aləmdə baş verən hadisələrlə bağlı baxış bucağını ortaya qoydu:
“Mövqeyinin nə qədər doğru olduğunu həm zamanın, həm də praktikanın göstərməsi İlham Əliyevin uğurlu siyasətçi olduğunu bir daha sübut etdi. Azərbaycanın üzərinə təzyiq etmək istəyən bəzi ölkələr uğurlarımızı həzm edə bilmir, Azərbaycanın yaratdığı reallıqlardan doğan bir çox müsbət hadisələri qəbul etmək istəmirlər. Bununla da ölkəmizin xarici siyasəti ilə bağlı dezinformasiya yaymaqla məşğuldurlar. Fakenewslar vasitəsilə onlar hibrid savaş başlatmaq istəyir, Azərbaycan haqqında onlara xas media qurumları vasitəsilə təzyiq etməyə çalışırlar. Ancaq Azərbaycanın konkret mövqeyi bu cəhdləri neytrallaşdırır. Bu gün Qərbin yeritdiyi siyasətin nəticələri özünü Ukraynada, Moldovada, Yaxın Şərqdə, Gürcüstanda və dünyanın bir çox ölkələrində özünü göstərməyə davam edir. Geriyə qalan dağıntılar, insan itkiləri, siyasi liderlərin zəifliyi, həmin ölkələrə təzyiqlər, təsirlərdir. Yekunda bir çox dövlətlər hətta dövlətçilik institutlarını itirmək üzrədirlər. Dünyada qərbin əli ilə baş verən bütün bu proseslərə baxmayaraq Azərbaycanın öz milli və dövlətçilik maraqlarını ön planda tutması həmin o qüvvələri çox narahat edir. Təəssüflər olsun ki, ölkəmizdə də onlara meyilli qruplar var. Bunların heç biri ölkəmizin uğurlu siyasətinə mane ola bilməz. Zaman göstərir ki, cənab Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət nə dərəcədə doğru və düzgündür”.
//Gülnarə Abasova, Editor.az