“Azərbaycanın mövqeyi və şərtləri dəyişməzdir”-ŞƏRHbackend

“Azərbaycanın mövqeyi və şərtləri dəyişməzdir”-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Xarici İşlər naziri Ceyhun Bayramovun ilin yekunlarına dair keçirdiyi mətbuata konfransında Azərbaycan dövlətinin xarici siyasət fəaliyyəti ilə bağlı cari il ərzində görülən və əldə olunan uğurlarla bağlı dəqiq təhlillər aparıldı, məlumatlar verildi”.

Bu sözləri Editor.az-a ilin yekunlarına dair keçirilən XİN-in mətbuat konfransı barədə danışarkən politoloq Anar Əliyev deyib.

 

Politoloq bildirib ki, mühüm məsələlərdən biri də 2023-cü ilin yanvar ayında Tehrandakı səfirliyimizə qarşı terror hücumundan sonra Azərbaycanın İranla diplomatik münasibətlərdə gərginlik və Tehranda səfirliyimizin fəaliyyətini dayandırması ilə bağlı məsələ idi:

“Hesab edirəm ki, Ceyhun Bayram mətbuat konfransında səfirliyimizin fəaliyyətə başlaması ilə bağlı Azərbaycan dövlətinin ilk vaxtlardan irəli sürdüyü şərtləri bir daha xatırlatmaqla İran tərəfinin münasibətləri normallaşdırmaq istədiyi təqdirdə atacağı addımlara da bir daha diqqət çəkdi. Azərbaycanın mövqeyi və şərtləri dəyişməzdir. Səfirliyimizə qarşı edilən hücum obyektiv şəkildə araşdırılmalı, cinayətkarlar isə ən sərt şəkildə cəzalandırılmalıdır.

Səfirliyimizin yenidən fəaliyyətə başlaması üçün İran dövləti rəsmi zəmanət təqdim etməlidir. Biz əmin olmalıyıq ki, səfirlikdə fəaliyyət göstərəcək hər bir vətəndaşımızın həyatı, təhlükəsizliyi təminat altındadır. Bundan sonra artıq Azərbaycan Tehranda səfirliyimizin fəaliyyətini bərpa edə bilər.

Hesab edirəm ki, bu günə qədər İran Cənubi Qafqazda münasibətlərin konstruktiv istiqamətdə formalaşmasına imkan verməyən əsas qüvvə olaraq nəhayət 19-20 sentyabr tarixli anti-terror tədbirlərindən sonra bölgədə tamamilə fərqli reallıqların yarandığını dərk edir. Eyni zamanda İran qəbul edir ki, separatizm üzərindən Azərbaycana təzyiq etmək və ölkəmizi təsir altında saxlamaq imkanları mövcud deyil. Azərbaycan anti-terror tədbirləri ilə bir çox güclərə, eləcə də İrana gücünü göstərmiş oldu. Bundan sonra İran üçün Cənubi Qafqazdakı münasibətlərə müdaxilə etmək məqsədilə yeni mexanizmlər formalaşdırmaq zərurəti yarandı. Hesab edirəm ki, Qərbi Zəngəzur, Qafanda heç bir iqtisadi əsası olmadan İranın baş konsulluğunun açılması, gələn ilin yanvar ayının əvvəllərində Təbrizdə Ermənistan konsulluğunun açılması ilə bağlı qərarın qəbul edilməsi İranın bölgəyə yeni təsir mexanizmləri formalaşdırmaq cəhdidir.

İran həm də münasibətləri normallaşdırmaq, diplomatik gərginliyi aradan qaldırmaqla Azərbaycanla da müəyyən formada münasibətləri bərpa etməyə çalışır. Amma unudur ki, uzun dövr ərzində Təbrizdə mədəniyyət mərkəzimizin açılması ilə bağlı müraciətlərə heç bir reaksiya verməyən İranın Ermənistanın heç bir iqtisadi əsaslar olmadan Təbrizdə konsulluq açmaqla bağlı təklifinə çevik şəkildə reaksiya verməsi İranın Azərbaycan və Ermənistana münasibətdəki səmimiyyətini bir daha ortaya çıxarır. Azərbaycanla münasibətləri düzəltməkdəki qeyri-səmimiliyi bir daha üzə çıxarır. Amma Azərbaycan bu davranışları diqqətlə izləyir. Bizə qarşı dünyanın istənilən ölkəsinin atacağı addımlara yalnız adekvat münasibət görə biləcəklər”.

//Səbinə Hüseynli, Editor.az