Azərbaycanın NÖVBƏTİ SİYASİ QƏLƏBƏSİ:  “Ermənistan Zəngəzur koridorunun açılması üçün Azərbaycana yalvaracaq”backend

Azərbaycanın NÖVBƏTİ SİYASİ QƏLƏBƏSİ:  “Ermənistan Zəngəzur koridorunun açılması üçün Azərbaycana yalvaracaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İran İslam Respublikası ilə Azərbaycan arasında imzalanan yeni anlaşma memorandumu şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa yeni avtomobil və dəmir yol xətlərinin çəkilməsini nəzərdə tutub. Hesab edirəm ki,  bu xətt işə düşdükdə Azərbaycan-İran arasında iqtisadi əlaqələr genişlənəcək. İrandan Naxçıvanla,  Azərbaycandan isə Türkiyə ilə birbaşa əlaqələr təmin ediləcək”.

Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

Millət vəkilinin sözlərinə görə, bu xətt Ermənistanla sərhəddən 5 km aralı məsafədən keçir və Zəngəzur koridoruna paraleldir:

“Bu anlaşmanın reallaşması bu vaxta qədər Ermənistana təklif etdiyimiz Zəngəzur koridorunun açılması məsələsinin uzadılması ilə əlaqəli bir cavabdır. Azərbaycan Ermənistana imkan vermədi ki, Zəngəzur dəhlizindən təzyiq vasitəsi kimi istifadə etsin. Hesab edirəm ki, Ermənistan bir müddət sonra Zəngəzur koridorunun açılması üçün Azərbaycana yalvaracaq. Faktiki olaraq Azərbaycan artıq bu layihəsini  reallaşdırır. İranla imzalanan bu anlaşma memorandumu da birbaşa bu məqsədə xidmət edir”.

N. Həmzəyev bildirib ki, Ermənistan Zəngəzur koridorunun açılacağı təqdirdə bu layihədən fayda götürəcək:

” İndi Ermənistan özünü daha da çətin vəziyyətə salmış oldu. Həmçinin Azərbaycan bir daha onu göstərdi ki, region dövlətləri ilə faydalı münasibətlərin, regional iqtisadi inkişafın tərəfdarıdır. Həmçinin Azərbaycan yalnız regional deyil, qlobal nəqliyyat dəhlizinə çevrilmiş bir ərazidir. Azərbaycan Türkiyə ilə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars layihələrini özü icra edib. Bununla yanaşı Azərbaycan beynəlxalq layihələrlə alternativ yollar axtarışındadır. Hesab edirəm ki, bu layihələrin reallaşması ilə Azərbaycan regionda öz gücünü daha da artıracaq, şərqi Zəngəzur Qarabağ iqtisadi rayonlarının önəmi, əhəmiyyəti daha da artacaq, Azərbaycanın turizm potensialı ortaya qoyulacaq. Bununla da Azərbaycan regionda öz gücünü, rolunu qoruyub saxlayacaqdır. İranla imzalanan bu memorandum Azərbaycanın növbəti diplomatik uğuru kimi qiymətləndirilməlidir. Bu isə onu  deməyə imkan verir ki, cənab Prezident hər zaman nəyi, necə, harada etməli olduğunu çox yaxşı bilir və bunu bir daha açıq-aydın sübut etdi”.

//Gülnarə Abasova, Editor.az