“Qeyri-legitim aktlara heç bir zaman bəraət qazandırmaq olmaz. Fransa hökuməti, icra orqanlarında yer almış bəzi siyasi cəhətdən savadsız məmurlar zorla qondarma rejim məsələsini gündəmə gətirərək çalışırlar ki, ona qanuni don geyindirsinlər. Ancaq bu cəhdlər əbəs yerədir”.
Bu fikirləri Editor.az-a politoloq Tofiq Abbasov Fransanın 60-dan çox senator, deputat və ərazi orqanlarının nümayəndəsi beynəlxalq hüququ tapdalayaraq Fransa prezidenti Emmanuel Makrona, Fransa hökümətinin Qarabağdakı qondarma rejimi dəstək vermək məqsədi ilə Azərbaycana qarşı təzyiqləri artırmağı hədəfləyən müraciətini şərh edərkən deyib.
Politoloqun sözlərinə görə, bir müddət əvvəl heç kəs tərəfindən tanınmayan qondarma rejimin şəhərləri guya Fransanın əyalətlərində olan şəhərlərlə qardaşlaşırdı:
” Belə ki, Fransanın öz məhkəmə orqanları ermənilərin bu “təşəbbüsləri”nə xitam verdi və bildirdi ki, belə işlər qanunsuzdur və onların heç bir zaman tanınması mümkün ola bilməz. Buna baxmayaraq Fransada müxtəlif dairələr regionda gərginliyi artırmağa, lazımsız işlərə imza atmağa çalışırlar. Bu, baş tutmayacaq. Fransada antiAzərbaycan kampaniyaları baş alıb gedir və onlar bu işlərlə yalnız özlərini biabr edirlər”.
Politoloq bir sıra məsələlərə xüsusi diqqət çəkib:
” Bu yaxınlarda Bakıda Qoşulmama Hərəkatının üzvlərinin xarici işlər nazirləri bir toplantı həyata keçirtdilər və həmin tədbir çərçivəsində “Yeni müstəmləkəçiliyə yox” şüarı adı altında konfrans baş tutdu. Yeni Kaledoniya, Martinika, Qəmər adaları və Fransanın digər müstəmləkəçilik siyasətindən əziyyət çəkən məmləkətlərin rəhbərləri, səlahiyyətli nümayəndələri, nazirləri birmənalı şəkildə Parisin bu yarıtmaz zəhərli siyasətini qəti şəkildə pislədilər. Ölkəmizin paytaxtında bütün dünyaya ciddi mesajlar verildi. Bildirildi ki, Fransa dövləti öz mövqeyindən sui istifadə edərək dünya çapında yeni təhlükəli tendensiyaları qüvvəyə mindirməyə çalışır. Bu proseslərdə Azərbaycan məhz o məzlum dövlətlərlə, xalqlarla həmrəydir. Bu o demək deyil ki, biz Fransa ilə müharibə edəcəyik. Soyuq Müharibə və informasiya qarşıdurmasında onlara ciddi müqavimət göstərə bilirik. Prezident İlham Əliyevin bu fəal və hücum mövqeyi dünyada öz sözünü deyib. Azərbaycan bütün müstəvilərdə Fransanın lazımsız reaksiyalarına yerindəcə cavab verir. Bu, həm ölkəmiz daxilində olan konsensusun bəhrəsi, hakimiyyətlə xalq, ordu arasında olan vəhdətin gücüdür. Rəsmi Bakı bu istiqamətdə düşmənlərlə mübarizədə əsla geri çəkilməyəcək”.
//Gülnarə Abasova, Editor.az

