“Azərbaycanın qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsindən 1 il ötür. Bu müharibəni şərtləndirən əsas amillər nədən ibarətdir? Bu barədə Prezident İlham Əliyev istər BMT Baş Assambleyasının 76-cı sessiyasında, istərsə də nüfuzlu “Nasionalnaya oborona” jurnalına müsahibəsində detalları kifayət qədər geniş şərh etdi. Bir daha məlum oldu ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etməyə həmişə hazır olub. Bununla əlaqədar müvafiq əməliyyat planları hazırlanıb, yaranan yeni reallıqlar nəzərə alınmaqla həmin planlara korrektələr edilib. Müharibənin məhz 27 sentyabrda başlamasına gəlincə, bu, ilk növbədə Ermənistanın təxribatlarının pik həddə çatması və yeni işğal planları ilə bağlıdır. Dövlət başçımız hətta BMT tribunasından da Ermənistanın müharibəyə hazırlaşdığını xəbərdar edirdi. Yəni, regionda mümkün gərginləşmənin məsuliyyəti artıq Ermənistanla yanaşı dünya birliyinin də üzərinə düşürdü. Ermənistana qarşı hər hansı sanksiya və təzyiq olmadığından təbii ki, əks hücum əməliyyatı həyata keçirmək Azərbaycanın suveren hüququ idi və bu, baş verdi”.
Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
Millət vəkili bildirib ki, “Dəmir yumruq” əməliyyatının xarakteri və nəticəsi də göstərdi ki, Azərbaycan xalqı və Azərbaycan ordusu bu 30 il ərzində öz torpaqlarını azad etməyə hər an hazır olub:
“44 günlük müharibədə Azərbaycanın qələbəsini şərtləndirən səbəblərə nəzər salsaq, burada əsas faktor Azərbaycanda təkmil siyasi idarəetmə, Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş, uzaqgörən, prinsipial siyasəti nəticəsində daxili və xarici siyasətdə əldə etdiyimiz uğurları qeyd etməliyik. Eyni zamanda Azərbaycanda güclü iqtisadi potensialın formalaşdırılması bizim siyasi gücümüzü şərtləndirən əsas amillərdəndir. Digər mühüm faktor – güclü və müasir, qarşısına qoyulmuş bütün vəzifələri yerinə yetirmək qüdrətinə malik Silahlı Qüvvələrin formalaşdırılması idi. Bu faktorlar ayrı-ayrılıqda vacib olsa da əsas məsələ təbii ki, hakimiyyətin qısa zamanda, çevik şəkildə bütün resursları səfərbər etmək və vahid məqsədə istiqamətləndirmək bacarığı idi. Cənubi Qafqaz kimi mürəkkəb regionda həlli 30 ilə yaxın müddətdə uzadılan münaqişənin həllinə nail olmaq təbii ki, yüksək səviyyəli liderlik xüsusiyyətləri, xalqa qələbə əzmi aşılamaq bacarığı tələb edirdi. Ali baş komandan İlham Əliyev dünya miqyasında nüfuzli siyasətçi kimi qəbul olunmaqla yanaşı, sözümüzü imzamıza çevirən mahir strateq kimi hərbi əməliyyatlara şəxsən rəhbərlik edərək, bütün məsələləri nəzarətdə saxladı. Bizim böyük qələbəmizi şərtləndirən əsas amillərdən biri də bu idi”.
Könül Nurullayeva qeyd edib ki, “Dəmir yumruq” əməliyyatının mərhələlərinə gəlincə, hər bir mərhələ uğurla şərtlənirdi:
“Müharibənin ilk günü düşmənin 30 il ərzində qurduğu müdafiə xətti, güclü və müasir istehkamları darmadağın edildi. Ermənistan üçün ciddi sarsıntı olan Hadrut əməliyyatı və Hadrutun, ardınca Cəbrayıl, Füzulinin azad edilməsi, Soltanlı və Əmirvarlı yaşayış məntəqələrində düşmənin güclü müdafiə xətlərinin sıradan çıxarılması, Zəngilana yolun açılması və qarşıdan gələn dövrdə ordunun irəliləməsi üçün əlverişli şərait yaradılması, Qubadlının azad olunması və Laçın rayonunun cənubuna çıxış, Laçın dəhlizinə nəzarətin təmin edilməsini xüsusi qeyd etməliyik. Və nəhayət, 44 günlük müharibənin tacı olan tarixi Şuşa əməliyyatının da uğurla başa çatması əsl hərbi peşəkarlıq tələb edirdi. Bununla da düşmənin son müqaviməti sındırıldı və düşmən təslim oldu.Azərbaycan eyni üstünlüyü informasiya cəbhəsində də qazandı. Xatırlatmaq lazımdır ki, hələ müharibədən əvvəlki dövrdə ali tribunalardan Ermənistanın işğalçılıq siyasəti ifşa olunur, Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə sistemli şəkildə çatdırılırdı. Prezident İlham Əliyev Ermənistanın Baş naziri ilə debatlarda dəqiq, dəmir məntiqlə Azərbaycanın mövqeyini çatdırır, müasir diplomatiyanın ən bariz nümunəsini təqdim edirdi. Bunun müqabilində olduqca zəif, ciddi siyasi səhvlərə yol verən Ermənistan baş naziri isə iflasa uğrayırdı”.
Millət vəkilinin sözlərinə görə müharibənin informasiya cəbhəsində yaratdığı imkanlar daha geniş idi:
“Azərbaycan Prezidenti müharibənin yaratdığı imkanlardan məharətlə istifadə edərək, müharibəni işıqlandırmaqda maraqlı olan nüfuzlu medialar vasitəsilə tarixi həqiqətləri süburtlarla, faktlar əsasında dünya ictimaiyyətinə çatdırdı. Dövlət başçımızın dünyanın aparıcı media orqanlarına 30-a yaxın müsahibəsində əsl diplomatiya və natiqlik nümayiş etdirməsi Ermənistanın onilliklərlə beynəlxalq ictimaiyyəti zəhərləyən təbliğatını darmadağın etdi.Beləliklə, Azərbaycan XXl əsrin müharibəsini aparmaqla və müharibədə qalib gəlməklə tarix yazdı”.
//Gülnarə Abasova, Editor.az

