“Azərbaycan həyata keçirdiyi hərtərəfli siyasətin nəticəsində regionun lider dövlətinə çevrilib. Əfsuslar olsun ki, bu, yaxınlığımızda yerləşən qonşumuz İranı da ciddi narahat edir. Uzun illərdir ki, İran hakimiyyəti Azərbaycanın torpaqlarının işğalına bir müsəlman ölkəsi olaraq nəinki biganə yanaşıb, bu torpaqların istismarına dəstək vermiş, dini ocaqlarda bədnam işğalçıların donuz saxlamasına belə göz yummuşdur. İndi isə hər şey ortadadır”.
Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Şahin İsmayılov deyib.
Millət vəkili bildirib ki, Azərbaycanın Vətən müharibəsində əldə etdiyi şanlı qələbə İranı narahat edən məsələlər arasında birincidir: “Cənub qonşularımız orada yaşayan azərbaycanlıların Vətən müharibəsindən sonra şimaldakı qardaşları ilə münasibətlərinin daha da isinişməsindən və milli özünə qayıdışdan ciddi narahatçılıq hissi keçirirlər. Onların bu narahatçılığının əsas səbəbi qüdrətli Azərbaycan dövlətidir. Molla rejimi çox yaxşı bilir ki, Azərbaycan Prezidenti dediyini edən güclü liderdir. Bu rejimin rəhbərliyi canı ilə çarpışan və sonuna yaxınlaşan bir qrup aciz şəxslər kimi görsənirlər”.
Ş. İsmayılovun sözlərinə görə, torpaqlarımız işğaldan azad olunduqdan sonra cənubdakı soydaşlarımızın Araz çayının sahilinə, Xudafərin körpüsünə buraxılmaması ilə bağlı məsələ İranın acizliyini göstərən amillərdən biridir:
” Vətən müharibəsi dövründə cənubda yaşayan soydaşlarımızın arazın o tayından qışqıraraq qürurla Azərbaycan ordusuna dəstəyini ifadə etməsi rejimin rəhbərliyini qorxuya salmışdı. Qardaş Türkiyənin prezidentinin bir bənd şeiri də onların canına vəlvələ salmışdı. İranın rəhbərliyini ən çox narahat edən məqamlardan biri də Azərbaycan-Türkiyə qardaşlığıdır. Qafanda tez-bazar İranın baş konsulluğunu açmaqla guya Azərbaycana mesaj vermək istəyən bu ölkənin rəhbərliyinin özünü gülünc vəziyyətə salması da tarixə komik hadisə kimi düşmüşdür. Onlar dərk etmək istəmirlər ki, “qardaş” münasibətləri Azərbaycan-Türkiyə qardaşlığı ilə müqayisə edilə bilməz. Faktlar göz qabağındadır. Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü zamanı çıxışında Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızla bağlı məsələləri diqqətə çatdırması da İranın rəhbərliyində qorxuya səbəb olub. Bu və bütün baş verənləri görən İranın rəhbərliyi hakimiyyəti itirməmək üçün əlindən gələni edir. Türk dünyasının birliyi və Azərbaycanın qətiyyətli mövqeyinin sayəsində bütün soydaşlarımızın hüquqları bərpa olunacaq”.
//Gülnarə Abasova, Editor.az

