“Azərbaycanın siyasəti milli maraqları ilə yanaşı qonşuların maraqlarını da nəzərə alır” – ŞƏRHbackend

“Azərbaycanın siyasəti milli maraqları ilə yanaşı qonşuların maraqlarını da nəzərə alır” – ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya və Azərbaycan hər şeydən öncə qonşu ölkələrdir. İstəsək də, istəməsək də coğrafiya bizim qədərimizdir. Cənab Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunda məhz dəyişməz bu coğrafi reallıq üzərindən mövqeyini ortaya qoyaraq bildirdi ki, bu potensialdan maksimum əlverişli şəkildə istifadə olunmalıdır”.

Bunu Editor.az-a açıqlamasında politoloq, siyasi elmlər üzrə fəlsəfə doktoru Şəbnəm Həsənova deyib.

Onun sözlərinə görə, bu gün Rusiya dünya siyasətindən və iqtisadiyyatından təcrid olunmuş vəziyyətdədir:

“Prosesin ən kəskin və pik məqamında belə Azərbaycan bu kampaniyaya, sanksiyalara qoşulmadı. Amma eyni zamanda öz milli maraqları çərçivəsində atdığı addımlardan da geri qalmadı. Düşünürəm ki, dövlət başçımızın qətiyyətli yanaşmasının arxasında duran ən mühüm amil, milli maraqlarımızı reallaşdırarkən qonşuların maraqlarını da nəzərə almaqdır. Siyasət dəyişmir, amma proseslər daim dəyişir. Bu baxımdan yanaşma sağlam olmalıdır. Azərbaycan bu yanaşmanı nümayiş etdirir və bu, Rusiyaya da şamil olunur. Dövlət başçımız da məhz belə sayıq mövqe sərgiləyir. Məsələn, Rusiyada təyyarə qəzaya düşdüyü zaman heç bir tərəddüd etmədən ölkə rəhbərimiz dərhal başsağlığı verdi”.

Ş.Həsənova əlavə edib ki, Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçukun Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü də diqqət çəkir:

“Görünür, son reallıqlardan sonra Rusiyanın regiona daha sayıq yanaşması özünü göstərməyə başlayır. Digər tərəfdən, bir neçə gün öncə Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya səmimi təbrik məktubu ünvanladı. Məktubda dövlət başçımız İlham Əliyevə salamın çatdırılmasının xahiş olunması isə zərif, amma bir o qədər də dərin diplomatik tendensiyanın davam etdiriləcəyindən xəbər verir.

Proseslər gözləməyi sevmədiyi qədər yubadılmağı da qəbul etmir – çünki bu, itki deməkdir. Ona görə də Şimal–Cənub nəqliyyat dəhlizi ilə bağlı məsələlər daha da sürətlənməlidir. Rusiya–Azərbaycan münasibətlərinin gərginləşməsinin qarşısını almaq, bu əlaqələri qoruyub möhkəmləndirmək istiqamətində atılan addımlar öz nəticəsini verəcək. Əks halda bu, nə lazımlıdır, nə də məqbul”.

//Gülnarə Abasova, Editor.az