Azərbaycanın son əməliyyatları Avropa İttifaqı missiyasını təşvişə salıb?- MÜSAHİBƏbackend

Azərbaycanın son əməliyyatları Avropa İttifaqı missiyasını təşvişə salıb?- MÜSAHİBƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Editor.az politoloq Murad Sadəddinovla müsahibəsini təqdim edir:

-Murad bəy, Ermənistan ərazisində artıq bir neçə müddətdir ki, Avropa İttifaqı missiyası yerləşdirilib. Onsuz da ölkəmiz bu missiyanın qeyri-obyektiv olacağını bilirdi. Son vaxtlarda da qərəzli bəyanatlarla çıxış etmələri gündəmi zəbt edib. “Normallaşma” məqsədi daşıyan missiyanın bu günə qədərki fəaliyyətini necə dəyərləndirirsiniz?

– Əlbəttə, Avropa İttifaqı regiona missiya göndərdikdə onun proseslərə qeyri-obyektiv, ədalətsiz yanaşacağı hər kəsə məlum idi. Çünki bu missiyanın fəaliyyətə başlamasına iki tərəf deyil, yalnız Ermənistan razılıq vermişdi. Buna görə də açıq şəkildə görünür ki, elə məqsəd həmin tərəfin məqsədlərini həyata keçirtməkdir. Bu missiyanın rəhbəri antiAzərbaycan, ədalətdən uzaq, xarici mərkəzlərin məqsədlərinə xidmət edən bəyanatlar verməkdə davam edir. Son dövrlərdə guya Ermənistanın ərazi bütövlüyünün təmin olunması üçün fəaliyyət aparırlar. Lakin bu missiya hələ də açıqlama verməyib ki, Ermənistan Qazağın 7, Naxçıvanın isə 1 kəndini niyə işğal altında saxlayıb? Digər ən vacib məqam da budur ki, Avropa İttifaqı missiyası sərhəddə yerləşdirildiyini bəyan edir. Sərhədlər tam müəyyənləşdirilmədiyi halda hansı sərhəddən söhbət gedir? Yəni, bir çox faktorlar göstərir ki, onlar Ermənistanın maraqlarını həyata keçirməklə məşğuldurlar.

– Qeyd edirsiniz ki, Ermənistan maraqlarından çıxış edirlər. Burada həmçinin Rusiya məsələsi də var. Belə ki, missiyanın fəaliyyəti rəsmi Moskvanı qıcıqlandırmışdı. Sizcə, erməni tərəfi daha hansı məqsədləri güdür?

– Bu missiyanı əraziyə göndərən qurumların əsas məqsədi ondan ibarətdir ki, Ermənistan ərazisində mövcud olan Rusiya hərbi bazasının ləğv edilməsinə nail olsunlar. Ona görə də mülki missiya adı altında əslində keçmiş polislər, xüsusi xidmət orqanlarının əməkdaşlarını əraziyə cəlb edirlər.

-Murad bəy, Ermənistandakı missiyasının rəhbəri Markus Ritter açıqlama verib ki, Azərbaycan Ermənistana qarşı guya hərbi əməliyyatlara başlayır. Hətta bu məsələyə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə də cavab verdi ki, bu sadəcə böhtan xarakterli açıqlamadır. Siz prosesi necə dəyərləndirirsiniz? Ermənistan mediası niyə təlaş içərisindədir?

– Bunu birmənalı şəkildə qəbul edək ki, missiya Ermənistanın maraqlarını müdafiə etmək və Azərbaycanın ədalətli mövqeyinə zidd hərəkət etmək üçün formalaşıb. Onlar nəyə əsasən Azərbaycanın Ermənistana hücuma hazırlaşdığını deyirlər? Əgər obyektiv təşkilatsınızsa, niyə bu günə qədər erməni silahlı birləşmələrinin Azərbaycan ərazisində olmasını dilinizə gətirməmisiniz? Çox vaxt özlərinə sərf edən məsələlərdə üçtərəfli bəyanata istinad etsələr də sözügedən sənədin İrəvan tərəfindən pozulmasından danışmırlar. Bütün bu nüanslar həmin təşkilatın qeyri-obyektivliyindən xəbər verir. Yayılan bu kimi bəyanatlar isə absurddur. Ölkəmiz tərəfindən belə qərəzli çıxışlar, bəyanatlar nəzərə alınmamalıdır.

//Safura Bənnayeva, Editor.az